Qaranlığı qalasan da sinədə, İsinməzsən, payız elə payızdı…

İLQAR TÜRKOĞLU

TUR EŞQİM
Fərəhim,sevincim Göy qurşağında,
Tur Eşqimi yenə Turda ocaq çat.
Qorqud işığında, Qor işığında
Alova bürünüb Yurda Ocaq çat.

Kiminə uzaqdı seçdiyi ada,
Kiminə xalıdı, həvədi yollar.
Mənə qovuşanı, məni sal yada,
Hardasa kəsişir əbədi yollar.

Tutmuşam üzümü dönüşə tərəf,
Dolanıb gəzsə də ruhum min yeri.
Asılıb gedirəm Günəşə tərəf,
Əlindən buraxma, saxla sən Yeri.

Çəmənə bürünüb üzü göylərin,
Yanır ulduz- ulduz burda çiçəklər.
Dolub- boşaldıqca gözü göylərin,
Günəşə boylanır Turda çiçəklər.

Bu da bir sevdadır, keçdi demə sən,
“Əvvəl”dən öndədi “sonra”nın özü.
Məcnun da, Leyli də heçdi, demə sən,
Axı mənim Eşqim Tanrının özü!

QOŞA DÜŞMÜRÜK
Ay insafsız,bir az da
Tur eşqimdə ovuldum.
Günah görmə Arazda,
Gözlərimdə boğuldum.

Mən körpüyəm, sən divar,
Bu eşq ötəri belə?
Hər acıma tən də var,
Sevdim kədəri belə.

Daşa dəyir hər addım,
Bu sevda coşa gəlmir.
Ha sınadım, zər atdım,
Bəxtimə qoşa gəlmir.

Sanma daha batmışam,
Gəlib təngdən keçirəm.
Bir günaha batmışam,
Yenə cəngdən keçirəm.

Mindikcə qəm atına,
Çək göndər ahı mənə.
Çevirib üst qatına
At hər günahı mənə.

DƏSTƏLƏNİRƏM
Dadıma hər kim çatmır,
Huş gedib,dərkim çatmır.
Hamıya ərkim çatmır,
Hərdən üstələnirəm.

Ötürüb çaya qədər,
Gözlədim maya qədər.
Dözmürəm yaya qədər,
Qışda “istilənirəm”.

Bilirəm, baha yanmır,
Çəkdiyim “aha” yanmır.
Siqarım daha yanmır,
Özüm “tüstülənirəm”

Ha deyin öz-özünə,
Aparmır yol düzünə.
Qoy çıxım göy üzünə,
Yerdə xəstələnirəm.

Dərdimi deyim kimə?
Anlasın bircə himə.
Arada sarı simə
Keçib bəstələnirəm.

Uzaq getməz bu gəmi,
Topladım, çıxdım cəmi.
Özümə cəhənnəmi
Seçib dəstələnirəm.

PAYIZ ELƏ PAYIZDI
”On yeddi”yə daha çələng düzmürəm,
Aramızda hey salıbdı davanı.
Bilirsən ki, ”Ayrılığ”a dözmürəm,
Dəyişərsən “on səkkiz”də havanı.

Arxayın ol, bilirsən ki, çəkərəm
Ürəyimdə neçə- neçə ton yükü.
Dilin acı, mənsə hələ şəkərəm,
Elə bilmə, bu sevdanın son yükü.

İşıq kimi tut üzünə yenə də
Mənim qəlbim kağız kimi bəyazdı.
Qaranlığı qalasan da sinədə
İsinməzsən, payız elə payızdı.

Cəm elədim, bircə-bircə təkini,
Könlümdə yaz təzə çiçək açırdı.
Bu sevgidə istəmirdim ”iki”ni,
Zəndim yenə bir fürsəti qaçırdı.

Daraldıqca ümidlərin dalanda,
Xəzan yellər saçlarını darayır.
Unudulub aramızda olan da,
İndi bizi xatirələr arayır…

Çəkilirsən uzaqlara yenə sən,
Dolanırsan xəyallarda yüz yeri.
Demirəm ki,şahlığından enəsən,
Qayıtmağa saxla bir az üz yeri.

Axır hələ aramızdan gur sular,
Bu günə də ”allah-kərim” deyərsən.
Xəbər alıb, məni bir də sorsalar,
Kəsəsinə, elə “ərim”, deyərsən.

BU DA BİR PAYIZDI
Ötürdüm karvanı payıza tərəf,
Düşdükcə yarpaqlar izimin üstə.
Əlləri qoynunda o qıza tərəf
Bir sevda ağlayır dizimin üstə.

Buludlar başımda qısıla qalıb,
Gözümdə boğulur sızqa yağışlar.
Pəncərəm önündə asıla qalıb
Xəyallar içində donan baxışlar.

Qurşunlar şimşək tək yağır üstümə,
Dinib- demədiyi daha nə yoxdu?!
Baxır yanmağıma,baxır tüstümə,
Baxır, şübhələrə bəhanə yoxdu.

Payıza elçidi boz atlı oğlan,
Söyüdlər saçını yolub, ağlayır.
Burda uca boylu-büsatlı oğlan
Aldanmış eşqinə qara bağlayır.

Bu da bir payızdı,qucub saxlayır
Əlimdə can verən o son siqarı.
Xəzana qoşulub bir qız ağlayır,
Unuda bilmirəm,unut sən,barı…

Ötürdüm karvanı payıza tərəf,
Düşdükcə yarpaqlar izimin üstə.
Əlləri qoynunda o qıza tərəf
Bir sevda ağlayır dizimin üstə.

BU DA BIR SEVDA
Bu da bir sevdadır,üzü sabaha,
Sənin acıların içimnən keçir.
Canımı canandan ayırma daha,
İki təkimiz də bir cəmnən keçir.

Duydum niyyətini sayaq kəslərin,
Qoy ovutsun məni həyat bəhslərin.
Yollarda dolanan ayaq səslərin,
Sinəmdə saldığın küçəmnən keçir.

Bitməyir”vergül”ün,bitməyir“və”nin,
Qəlbimdəki xallar, sanma həvənin.
Bilmirəm,azalıb nədən güvənin?
İnanmasan,bir də seçimnən keçir.

Hərdən dəyişsəm də bir az tonumu.
“Bir”ini götürüb,verdim ”on”umu.
Dəyiş libasımı,dəyiş donumu,
İstəyirsən kəsib,biçimnən keçir.

Tanıtdım içimi,bir az çölümü,
Bu da quruluşun yeni bölümü.
Bəlkə bu sevdanın həyat ölümü,
Bəlkə bu ayrılıq köçümnən keçir…

BU DA BİR GECƏ…
Bu gecə də başım çəndə-dumanda,
Kara gəlmir qədəhlərə süzülən.
Nə zamandı xəyalları gümanda
Bir sona var ümidləri üzülən.

İçirəm ki,bir az kefim açıla,
Burax getsin,deyirsən,at arağı.
Ay insafsız,gəl məni az acıla,
Üzə gülür süzdüyüm tut arağı.

Mən hələ də meyxanələr xəstəsi,
İstəyirsən,qara bağla,bük ağa.
Ovutmayır “buz oda” nın bəstəsi,
Bu şərqidə tək özüməm-tək ağa.

Durultmayır bir şüşə də kefimi,
Siqarlarım bu gecənin ağ şamı.
Qarson dostum “yuyub-sərir” “şef”ini,
Müğənni qız yola verir axşamı.

Dəyişmədim bir şəraba hər çayı,
Nolar, yazma “molla-mesaj”minnəti.
Min ildi ki,söyləyirlər hərcayı,
İstəmirəm, “huri-mələk” cənnəti.

Bir röyadır rəqqasənin gözündə
Tüstülərdə alov saçan hər gecə.
Süzüldükcə,qədəhlərin üzündə
Bədirlənir Ayla təzə-tər gecə…

Saqi gəlmir, xeyli keçib aradan,
Dəyişmirəm bu gecə də qaydanı.
Seçmək olmur,burda ağı qaradan,
Daraldıqca sərxoşların meydanı.

Keçib daha,öyrəşmisən səfimə,
Aradabir sayaq olur tostlarım.
Nə vaxtdı ki,durulmayan kefimə,
Nə yaxşı ki,dayaq olur dostlarım.

QARABAĞ
Havalanmır Xanın səsi dağlardan,
Könlüm düşmür saz vaxtına,Qarabağ.
Xarı bülbül inciyibdi bağlardan,
Çoxmu qalıb naz vaxtına,Qarabağ?

Sinəmdəki Xocalımın dağıdı,
Yağı elə həmin köhnə yağıdı.
Bu düyün də qara bəxtin bağıdı,
Açanadək döz vaxtına,Qarabağ.

Çox sirr qalıb qara yerin altında,
Batdın getdin dərdin-sərin altında.
İnildədi xeyir şərin altında.
Heç düşmədi yaz, vaxtına,Qarabağ.

Bir de görüm beləydikmi əzəllər,
Sağaltmayır yaramızı qəzəllər…
Uzaq düşüb Murovdağdan gözəllər,
Vüsal gəlmir düz vaxtına,Qarabağ.

Şuşam incim,tacım olsun yenə də,
Gur ocağım,sacım olsun yenə də.
Qoy qələbəm Laçın olsun yenə də,
Çəkər elə söz vaxtına,Qarabağ!

ŞÜBHƏLƏRİ VARAQLA…
Bu dərdə də,bəlkə əlac tapılar,
Bu sevdanı beləcə göm,ürəkdə.
Açıq olsun təki sənə qapılar,
Mənim hələ ağrılarım gömrükdə.

Nə zamandı gülümsəmir heç üzün,
Kədərlənmə hər yazdığım bəstəmə.
Gözlərimdə yuva qurub iç üzün,
Heç bilmədim,nədən durdun qəsdimə.

Ha küssək də,aramızda sayğı var,
Heç bilmirəm kefin mənsiz həncəri…
Hisslərinin postlarıma “layk”ı var,
Qaldırırsan hərdənbir messencəri…

Daha keçib,üz çevirib ah demə,
Mən əhdimi,ilqarımı yazmıram.
Məlhəm olmur xatirələr dərdimə,
Gileylənib hər ağrımı yazmıram.

Sənin üçün elə aşiq kimiydim,
Dözəmmədin,yarı yolda itirdim.
Anlamadım,elə uşaq kimiydim,
Bu “dərs”imi bir sualda bitirdim.

Danışmadım bircə kərə hərcayı,
Ömür ötür qovğalarda,biləsən.
Yolun üstə sızqa axan bir çayı
Dəli keçir,düşünürsən hələ sən…

Elə bilmə küçənizdən keçirəm,
İnnən belə hey arayıb,soraqla.
Saqi yenə “əlli” süzür,içirəm,
Sən hələ də şübhələri varaqla.

Bu dərdə də bəlkə əlac tapılar,
Bu sevdanı beləcə göm,ürəkdə.
Açıq olsun təki sənə qapılar,
Mənim hələ ağrılarım gömrükdə.

mersin escort