Qarabağ Komitəsinin bu gün keçirilən iclasında əvvəlcə təşkilati məsələyə baxılıb, Azərbaycan Demokrat Partiyası, Gələcək Azərbaycan Partiyası, həmçinin ictimai xadimlər İlham İsmayıl, Yusif Süleymanlı Komitəyə üzv qəbul ediliblər.

Qurumdan Modern.az-a bildirilib ki, Qarabağ Komitəsinin 29 sentyabra təyin etdiyi mitinqə hazırlıq işləri müzakirə edilib, işçi qrup yaradılıb (Komitənin bütün üzvləri işçi qrupa daxil olub), iş prinsipləri və rejimi müəyyənləşdirilib.

Müzakirələrdə Akif Nağı, İskəndər Həmidov, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Razim Əmiraslanlı, Vaqif Əlisoy, Arif Paşa, Aydın Şükür, Əvəz Zeynallı, Sahib Musayev, Şakir Abbas, Təranə Səfərsoy, İlqar Əli, Yusif Süleymanlı, İlham İsmayıl, Rəşid Əliyev və digərləri çıxış edərək təklif və fikirlərini bildiriblər.

İclasda həmçinin sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 100-cü ildönümü ilə bağlı Şəhidlər Xiyabanının ziyarət olunması qərara alınıb.

Qarabağ Komitəsinin üzvü, AXP sədri Pənah Hüseyn mətbuat üçün açıqlamasında bildirib ki, mitinqə icazə verilib-verilməməsi məsələsi müzakirə olunmur, mitinq mütləq keçiriləcək.

Sonda Qarabağ Komitəsi üzvlərinin 29 sentyabr mitinqi ilə bağlı imzaladıqları müraciət Bakı şəhər İcra hakimiyyətinə göndərilib.

Müraciətdə qeyd edilib: “Biz aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək, haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Qarabağ mitinqinin 2018-ci il sentyabrın 29-da, saat 1500 dan 1700 dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim qalacaq!”, “Qarabağda antiterror əməliyyatının başlanılmasını tələb edirik!”, “Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq. Xahiş edirik ki, Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlarınızı verəsiniz”.