“Borc yiyəsi türmədə oğlumu…”

(Səfillər)

– Səni çölə çıxardanın dədəsinin goruna…

Qarşımdan keçən gənc xanım əlindəki paketi zibil qutusuna atdı, barmaqlarını saçlarında gəzdirib, gözucu miskin qadına baxdı. Üz-gözünü turşutdu, iyrənirmiş kimi “püff” edib tez oradan uzaqlaşdı…

Bunun başıpapaqlısı yoxdur?!

Əlimdəki zibil paketini dəmir qutunun yanına qoyub fikirləşdim: Niyə axı “zibillik kraliçası” bu yaraşıqlı, gözəl xanımın ardınca söydü?

Özümə verdiyim sualın cavabını almaq üçün səfilə yaxınlaşmaq ağlımın ucundan belə keçmədi. Zibil qutusunun kənarına qoyduğum paketə tərəf baxdı, ona diqqət etdiyimi görüb dilləndi. Dibləri çürümüş dişinə meyvə qabığını sanki nazik şəkildə kəsib dolamışdılar. Nazik sap kimi görünən qabıq sözlərinə qarışıb ağzından çölə çıxır, nəfəs aldıqca yenidən geriyə – yuvasına qayıdırdı:

– Gördün necə burcudurdu? Dar şalvarı da geyib əyninə… Tay demir ki, ondakından hamıda var, amma heç kəs onun kimi fırlada-fırlada gəzmir. Bunun başıpapaqlısı yoxdur, görəsən?

Dedi və öləziməkdə olan gözlərini düz gözlərimin içinə dikdi. Qeyri-ixtiyari ayağım yerə pərçimləndi. Üst-başından cin ürkən səfil qadın məndən dediklərinə təsdiq gözləyirdi.

Ardınca söyüş verdiyi xanımın yerişinə fikir verdim. Xanım cazibədar idi və çox gözəl də yerişi vardı. Səfilə tərəf döndüm:

Evində başıpapaqlısı olan…

– Utanmırsan heç? Nə olub, niyə qarğış edirsən, söyüş verirsən o qadına?

Arvad, deyəsən, bu münasibəti heç gözləmirdi. Kiridi, içəri – boynuna tərəf qısıldı, sanki öz içində gizlənmək istədi. Çürük dişlər dodaqlarının arxasında görünməz oldu…

– Sən axı tanımırsan onu, belə sözlər danışırsan. Nə bilirsən onun başıpapaqlısı kimdir? Bayırda qoymayıb ki özünü! Ayıbdır axı, sən də qadınsan, indi nə edəsən ki, sənin başıpapaqlın sənə sahib çıxa bilməyib, gənc qadın haqda belə danışarlar?

Səfil qadın hirsli olduğumu görcək bir az da qorxaq görkəm aldı. Danışmadı. Qəzəbim anındaca söndü. Bayaqkı qadını da qınadım: belə əda ilə gedəndə sənə paxıllıqları tutar da. Qadına yazığım da gəldi. Kim bilir, bəlkə də səfil qadın özünə həmsöhbət gəzirdi, kimləsə ünsiyyət qurmaq istəyirdi. Ona görə bəlkə də söhbətə körpü salmaq üçün belə xoşa gələcək sözlər düşünmüşdü. Amma yenə də səsimin tonunu aşağı salmadan ona tərəf bir addım atdım:

– Bəs sən kimsən, sənin evində başıpapaqlı kimsə var?

Dodaqlarının altında nə isə mızıldandı. Sonra boynunu çiyinlərinə tərəf bir qədər də qısaraq aşağıdan yuxarı mənə baxdı.

– Eşitmədim…

– Yoxdur. Evi, evində başıpapaqlısı olan mənim kimi zibillikdə eşələnməz…

Bu, it kimi zibilxanalarda gecələməkdir

Dediklərində məntiq vardı. Ürəyim sancdı. Sahibsiz, heç kəsə lazım olmayan, itirilmiş birisi idi bu qadın. Zibil qutularından gələn iyrənc qoxu da göz yaşardacaq qədər insafsız idi. Səfil qadını kənara, xiyaban boyu nizamsız əsgər kimi sıralanmış ağaclardan birinin kölgəsinə dəvət etdim:

– Gəl bura, bu qoxu səni nə çox özünə çəkir? Ayrıla bilmirsən burdan?

Nəhayət, qadınla üz-üzə, lakin küləyin əsdiyi istiqamətdə otururam ki, ondan gələn qoxunu ciyərlərimə qonaq etməyim. Söhbətə çəkirəm. Kim olmasını, niyə səfalət içərisində can çürütdüyünü, harada yaşadığını soruşuram.

Səfil qadının sifətində təlaş var. Nədən qorxur? Kim ona nə edir ki? Özü kimi səfalət içində yaşayanlar yoxdurmu? Onları qovan yox, döyən yox. Bəzən insanlarımız belə sahibsizlərə qarşı aqressiv və laqeyd olurlar. Niyə bu günə düşdükləri ilə maraqlanmaz, amma ittiham edərlər. Qayğı göstərən, yemək-içmək, az da olsa xərcləmək üçün pul verənlər də tapılır. Amma nə qədər qayğı göstərən olsa da, bütün bunlar beləsinin dağılmış yurdunu, xanimanını geri qaytara bilməz.

Arvad suallarımı eşitsə də, danışmaq istəmir. İnamsızdır, küskün halda dillənir:

– Nə deyim, nədən danışım?! Bu yaşamaqdır ki? Bu, ölməmək üçün it kimi zibilxanalarda gecələməkdir…

Mən onları qəbul etmirəm

Ətrafdan ara-sıra keçən adamlar təəccüb və donuq baxışla bizə tərəf boylanır.

– Sən niyə zibillikdə eşələnməlisən? Sənə bir qarın yemək, yatmaq üçün bir künc verən yaxının, doğman, övladın yoxdur?

– Mənim heç kimim yoxdur. Mən onları qəbul etmirəm, onlar mənim heç kəsimdir, – bezgin, üzgün bir insanın iniltisi idi bu sözlər…

Qarının sifətində məsumluq axtarmaq istəyim də boşa çıxır. Günlərin, bəlkə də ayların çirki-pasağı sifətində daşlaşmış kimidir. Təkcə çənəsi, dodaqlarının ətrafı bir qədər aydın görünür.

– Ola bilməz axı, səni düşünən, yadına salan olmasın, bir cəhd et, onlara yaxınlaş, qurtar bu dünyada o biri dünyanın çəkdiyin əzabından.

Dinmir. Susqunluğu mənim də qarı ilə danışmaq həvəsimi yox etməkdədir. Özümü qınayıram da: Günah bunların özündədir, necə olur axı, atılırlar, sahib çıxanları olmur? Kim bilir, bəlkə də bunun oğlu haradasa dostları ilə eyş-işrətdədir, bu isə zibillikləri eşələyir. Boşboğaz araq düşkünlərinin içdikləri araqdan sonra analarının şərəfinə badə qaldırmaları, dünyanın ən ali varlıqlarının sağlığına ayaq üstə içmələrini yadıma salıram…

O da pis yola düşdü…

– Oğlun var?

– Var, iki oğlum var. Amma onlar mənə heç oğulluq etmədi. Böyük oğlum külfətini atdı üstümə, getdi Rusiyaya. İşlədi, özünə yer-yurd elədi, sonra da arvad-uşağını da götürüb apardı. Balaca oğlumla qaldım. O da pis yola düşdü. Onu tutdular, qardaşına xəbər verdik ki, pul göndər. “Özüm güclə dolanıram, haradan pul tapıb göndərim?!” – dedi. Beləcə o, türməyə, mən də çöllərə düşdüm…

– Niyə tutuldu?

– Pis “kruq”a düşdü. Nəşə çəkdi, iynə vurdu, qumar oynadı, dava saldı. Onu saxlaya bilmədim. Türmədə də qumar oynamışdı. Adamlar gəlib dedilər ki, filan qədər borcu var. Bir həftəyə verməsəniz, borc yiyəsi oğlunu özünə arvad edəcək. Qorxdum. Telefonla danışdırdılar, oğlum dedi ki, evimizi sat, filan qədərin ver onlara, özümüzə də ucuz bir ev al, gözlə, çıxacam. Elə o adamlar özləri evi aldı. Mənə də ikiotaqlı, balaca həyəti olan bir ev aldılar. Pulun qalanını da verdilər özümə. Dedilər, oğluna de, qumardan uzaq olsun, iynə-zad vurmasın, sən yazıqsan. Görüşə gedəndə yalvarıb-yaxardım. Dedi, məməcanı atacam, heç nə etməyəcəm. Amma atmadı. Necə oldusa, böyük oğlumla əlaqə saxlayası olduq. Evi satmağımı bildikdə – “o evdən mənə də pay düşür” – dedi. Əlimdə olan pulu göndərdim ona. Zülmlə yaşadım, işsiz idim. Kimdir yaşlı qadını işə götürən? Gözəl deyiləm, yaraşığım da yoxdur. Buralarda günümü keçirirəm.

Dədələri buruqda işləyirdi, yıxılıb öldü

– Balalarını gözləyirsən?

– Böyük oğlum bu tərəflərə üz tutmur. Balaca isə türmədən çıxdı, cəmi 1 ay çöldə qaldı, yenə də dava saldı, üstündən də nəşə tapdılar. Sonra yenə tutdular. Qazamatdadır. Onun olmağındansa, olmaması yaxşıdır.

– Övladdır da, ağrısını sən çəkəcəksən…

– Yadımdan çıxarmışam onu doğanda çəkdiyim ağrını. Sonradan verdikləri ağrının yanında o ağrı nədir ki?! Hər ikisini tək böyütmüşdüm. Dədələri buruqda işləyirdi, yıxılıb öldü. Mən qaldım aralıqda…

O bədbəxtin balası acından öləcək

– Ay arvad, axı ərinin, özünün qohum-qardaşın var, onlar haradadır?

– Heç kəsim yoxdur mənim. Dediyin qohumlar orucluqda fitrə çıxarıblar, gətiriblər mənə veriblər. Burada – elə bu zibillikdə… Təpələrinə dəysin!

– Niyə axı burada, evin yoxdur ki? Dedin axı ev aldılar sənin üçün.

– O evi də qayınım uşaqları gəldi, kirayə verdilər, həyətdəki balaca küməyə də məni yerləşdirdilər. Kirayə pulunu da özləri alıb içəriyə – oğluma göndərirlər ki, korluq çəkməsin. Mən isə dolana bilmədim. Kirəkeşlərim də məni sıxışdırıb atdılar bayıra. Qaldığım otaqda toyuq-cücə saxlayırlar indi… Kirəkeşləri evdən çıxara da bilmirəm. Xəstə, qoca arvadam. Çıxartsam, o bədbəxtin balası acından öləcək içəridə.

– Ölməyəcək, hökumət yaxşı, isti yemək verir dustağa. Sən özünü fikirləş.

– Baxma, pul hər yerdə lazım olur.

– Böyük oğlun necə, heç olmasa, səni axtarırmı?

– Heç kəs axtarmır. Kiçik oğlumu gözləyirəm. Çıxsaydı, rahat ölərdim. İndi ölsəm, aralıqda qalacam. Basdırmayacaqlar da.

Sonra yenə də dərdini çözməkdə davam etdi. Bu dəqiqə ona məndən doğma, məndən yaxın kimsə yox idi. Onun paylaşdığı, dərdini bölüşdüyü, ona bir insan kimi müraciət edən adama qarşı da səmimi olmaq istəyirdi və o, həqiqətən də səmimi idi:

– Oğlumu üçüncü dəfə mənə görə həbs etdilər. Yoldaşlarından biri ona ana söyüşü edib, bu da onu bıçaqlamışdı. Ana söyüşünü qəbul edə bilməmişdi. Anasından xəbəri olmayan ana qeyrəti çəkib… Amma anasının qulaqları o söyüşdən ən azı gündə 100 dəfə eşidir.

Birdən oğlum amnistiyaya düşər…

– Bəs söz vermişdi axı sənə. “Gözlə, evimizdə yaşayarıq”, – demişdi.

– Çıxdı, getmişdi əmisinin evinə. Mən küçələrdə qalırdım, o isə əmisigildə, dostlarının yanında. Yanıma gəlirdi, bura zibilliyə baş çəkirdi, halı özündə olmurdu, içkili vəziyyətdə gəlirdi… Deyirdi, işə düzəlim, maaş alım, kirayədəki adamı da çıxararıq, köçərik evimizə.

Arvad çirk basmış kirpiklərinin arasından düz gözlərimin içinə baxdı:

– Bilirsən, burada niyə oluram? Ona görə ki, birdən oğlum amnistiyaya düşər, prezident onu əfv edər, azadlığa çıxar, məni görmək istəyər, yerimi bilməz.

– Əminsən ki, azad olsa, səni görməyə gələcək?

– Axı onun məndən başqa kimi var? Bilirsən, sonuncu dəfə o, məni burada görüb, ona görə deyirəm ki, yəqin, gəlib görər məni.

Məni evimə buraxsalar…

Öz sözlərinə bir inamsızlıq hiss edirəm. Özü öz həyatını, taleyini yaxşı bilir. İlləri geri qaytara bilməz. Oğlunun yolunu gözləyir…

Çirkli əlinə, barmaqlarına baxıb soruşuram:

– Yemək bişirə bilirsən?

– Bişirə bilirdim… Yenə də bişirərəm. Məni evimə buraxsalar, oğlum gəlsə, nəvələrimi görə bilsəm, onlara özüm yemək bişirərəm…

Sözü qurtardı, gözlərini qapadı. Güman ki, xəyallarında yaşatdığı – ana, nənə, gəlin olduğu vaxtlarda özünü hiss etdi. Çirkli sifətinə xoş bir ifadə yayıldı. Onu elə çöhrəsinə yayılmış bu xoş ifadənin əsirliyində qoyub, uzaqlaşdım…

Faiq Balabəyli

    mersin escort