Müstəqil.Az Teleqraf.com-un Bakıda səfərdə olan türkman millətçisi, İraq Nazirlər Komitəsinin Kərkük bölgəsi üzrə siyasi həbslər bürosunun hüquqşünası Əli Zeynal ilə müsahibəni təqdim edir:

Dosye: Əli Zeynal Kərkükdə doğulub.1993-cü ildə Səddam Hüseyn rejimi tərəfindən Turançılıq ideyasının daşıyıcısı olduğu üçün həbsə atılıb, 23 yaşında İraq xüsusi xidmətinin təcridxanasında saxlanılıb. Dəhşətli işgəncələrə məruz qalıb, dırnaqları çıxarılıb, dəfələrlə elektroşoka verilib, təhqiramiz rəftara məruz qalıb. Həbsdə olduğu zaman Türkiyənin casusu olmaqda ittiham edilib, xəyanətdə günahlandırılıb. 1995-ci ildə BMT-nin Səddam Hüseynlə razılığı əsasında, əfvə siyahısına salınaraq azadlığa çıxıb. 1996-cı ildə Şimali İraqa gələrək “Türkman Eli” Partiyasında fəaliyyət göstərib, daha sonra Türkiyəyə keçib. Türkiyədə ikinci dəfə təhsil alıb və Səddam Hüseynə qarşı mübarizə aparıb. Səddam Hüseyn hakimiyyəti süqut etdikdən iki il sonra – 2005-ci ildə Kərkükə qayıdaraq fəaliyyətini davam etdirib.

– Əli bəy, türkmanlar tarix boyu ayrı-seçkiliyə, qətliamlara məruz qalıb, yüzlərlə şəhid verib, türkman millətçiləri dar ağacına çəkilib. Kürd silahlı qüvvələri Kərkükdən çıxarıldıqdan sonra orada vəziyyət necədir?
– 2014-cü ildə İŞİD-in İraqa daxil olması, xüsusilə Mosul və Telafəri işğal etməsi Kərkükdə boşluq yaratdı. Buna İraq ordusunun bu ərazilərdən geri çəkilməsi səbəb oldu. Kürd peşmərgə bunu fürsət bilərək, İŞİD-i bu ərazilərdən çıxarıb öz nəzarətinə keçirdi. Bu da İraq hökuməti ilə Bərzani arasında əldə olunan razılaşmadan qaynaqlanırdı. Kürd peşmərgə ərazidə olan İraq ordusunun XIII korpusunun silahlarını əldə edərək, bir qədər möhkəmləndi. Beləcə ərazilər peşmərgənin əlinə keçdi. 2017-ci ildə Kərkük daxil olmaqla Türkman eli böyük problemlər, demoqrafik sıxıntılar yaşadı. Məsələn, kürdlər 2017-ci ilin martından başlayaraq, Kərkükdə mülki və inzibati binalarda Kürdüstan bayrağını asmağa başladı. Biz də türkman milləti olaraq buna qarşı çıxdıqda dövlət məsələyə müdaxilə etdi. Beləcə bu məsələ dayandırıldı. Daha sonra Bərzani 2017-ilin 25 sentyabrında referendum məsələsini ortaya atdı. Türkmanlar və ərəblər buna etiraz etdi. Biz bu referendumu qəbul etmədik. Hesab etdik ki, İraq konstitusiyasının 140-cı maddəsinə əsasən, referendum yolverilməzdir. Buna baxmayaraq, Bərzani referendumu keçirdi, amma istəyinə nail ola bilmədi. ABŞ-ın bu prosesə dəstək verməməsi, qonşu dövlətlərin buna etiraz etməsi, xüsusilə Türkiyənin mövqeyi ciddi rol oynadı. Mərkəzi İraq hökuməti ciddi addımlar atmağa başladı, İraq ordusu hərəkətə gəldi. Sözsüz ki, burada millət vəkillərimizdən Ərşad Salehi, Niyazi Memaroğlu və Həsən Turanın böyük rolu oldu. Onlar ciddi çaba göstərdi, türkmanları fəallaşdırdılar və nəhayət, İraq ordusunun Kərkükə hərəkət etməsinə nail oldular. Beləcə, İraq ordusu 2017-ci ilin oktyabrın 16-da, gecə saat 22:00-da hərəkətə başladı və səhər saat 07:00-da kürd peşmərgə bu ərazilərdən Ərbilə çəkildi.

– İraqda keçirilən son parlament seçkilərində türkmanların uduşu oldumu?
– 2018-ci ilin mayında İraqda parlament seçkiləri keçirildi. Təəssüflər olsun ki, seçkilərin nəticələri bizi qane etmədi. Türkmanlar illərdən bu yana təzyiq altında olsa da, Kərkükdən daim 2 deputat mandatına sahib olublar. Halbuki türkmanlar Kərkükdən 5 deputat mandatına sahib ola bilər. Seçki keçiriləndə seçki komissiyalarında təmsil olunanların çoxu kürdlər idi. Biz bu barədə Bağdada xəbər verdik. İş elə qurulmuşdu ki, seçkilər bizim əleyhimizə işləsin. Seçkilər bitdi, nəticələr məlum olduqdan sonra türkmanlar ciddi etiraz etdi. Bəlli oldu ki, Kərkükdən cəmi 3 türkman deputat seçilib. Bunlardan biri də İraq Türkman Cəbhəısinin lideri Ərşad Salehi idi. Biz bu nəticələrə 28 gün etiraz etdik. Sonda razılıq belə oldu ki, seçkinin nəticələri ləğv edilsin, səslər əllə sayılsın. Təəssüflər olsun ki, əl sayımı zamanı bizim maraqlarımız təmin edilmədi. Bu səbəbdən də son parlament seçkiləri və onun nəticəsindən razı deyilik.

Bir neçə problemimiz var. Bunlardan biri türkmanlara qarşı haqsızlıq edilməsi, idarəçilik məsələsində ədalətli bölgü olmamasıdır. Bu gün Kərkük valisi ərəbdir. Ondan əvvəlki vali kürd olub. Eyni zamanda Kərkük məclisinin rəhbəri postu boşdur. Biz hesab edirik ki, məclis sədrliyi türkmanların haqqıdır. Eləcə də dövlət strukturlarında rəhbərlikdə kürdlər daha çox təmsil olunur. Bu postlar türkmanlarda olmalıdır.

– Türkmanlar İraqın idarə olunmasında hansı formada iştirak edir?
– Yeni seçilən deputatlarımız ola bilsin ki, parlamentdə Heydər əl-İbadini müdafiə edəcəklər. Ancaq bizim şərtlərimiz var. Şərtlərimizdən biri İraq prezidentinin köməkçilərindən birinin türkman olması, nazir, nazir müavini postları, habelə Kərkük valisinin millətçə türkman olmasıdır. Bu, bizim istəyimizdir və bundan əsla imtina etməyəcəyik.

– Hazırda İraq parlamentində türkan deputatların sayı nə qədərdir?
– Parlamentdə cəmi 10 türkman deputat təmsil olunur. Bundan əvvəlki parlamentdə 14 nümayədəmiz təmsil olunub.

– Mosulun idarəçiliyi kimin əlindədir?
– Moslulda idarəçilik ərəblərin nəzarətindədir, ancaq Mosulda 4 türkman namizəd deputat seçildi. Diyalədən cəmi 1 deputat seçə bildik. Səlahəddin bölgəsindən də cəmi 1 deputat mandatı qazandıq. Ümumilikdə 10 deputatımız var. Türkmanların sayını nisbətdə deputat sayımız azdır.

– Hazırda İraq türkmanlarının təşkilatlanma prosesi necə gedir. Ttürkmanlar neçə partiyada toparlanıb?
– İraq Türkman Cəbhəsi, İraq Türkman Partiyası var. Eləcə də Türkman Milli Hərəkatı və Ədalət Partiyası fəaliyyət göstərir. Bizim 5 partiyamız var.

– Türkmanların mediası, televiziya kanalı və radiosu varmı?
– Bir televiziya kanalımız, radiolarımız var.

– Gələn xəbərlərə görə, sünni və şiə təriqəti türkman siyasətçiləri və təşkilatları arasında fikir təfriqəsi yaradır. Buna səbəb nədir?
– Əslində təriqət məsələsi ümumi istiqamətə təsir göstərmir. Milli məsələlərdə bütün siyasi qüvvələr eyni mövqedən çıxış edir. Seçkilər zamanı partiyaların başqa qüvvələrlə anlaşmaya gedib namizədliklərini irəli sürməsi halları var. Ancaq parlamentdə türkmanlar birləşir və vahid mövqedən çıxış edirlər.

– İddialar var ki, sünni türkmanlar Türkiyə, şiə türkmanlar isə İranla yaxınlıq nümayiş etdirir…
– Bəli, belə şeylər ola bilər. İran və Türkiyə xətti var. Əslində buna milli və dini xətt demək daha doğru olardı. Əsas odur ki, parlamentə seçilən nümayəndələrimiz orada vahid mövqedən çıxış edirlər. Təriqət fərqliliyi daxilimizdə problem yaratmır. Hamımız Türkmən eli üçün çalışırıq. Sünni və şiə ayrı-seçkiliyi türkmənlərin daxilinə nüfuz etməyib. Yalnız seçkilər ərəfəsində bəzi şiə türkmanlar şiə ərəblərlə, sünni türkmənlər isə sünni ərəblərlə əməkdaşlığa gedə bilirlər, lakin parlamentə seçilən deputatlarımız orada birləşirlər.

– Türkmanların silahlı qüvvələri varmı? Varsa, sayları nə qədərdir, əsas fəaliyyətləri nədən ibarətdir?
– Sözsüz ki, silahlı təşkilatlarımız var. 2014-cü ildə İŞİD-ə qarşı fəaliyyət başlandı. Ayətullah Sistani İŞİD-ə qarşı silahlı qüvvələrin qurulması məqsədilə fətva verdi. Beləcə “Haşdi-Şəbi” silahlı qruplaşması quruldu, onun daxilində də türkman silahlı qüvvələri yaradıldı. Hazırda türkman silahlı qüvvələrinə rəhbərliyi Yılmaz Şahbaz həyata keçirir. Bizim minlərlə silahlı döyüşçümüz var. Eyni zamanda Türkiyə tərəfindən qurulan yeni silahlı qüvvələrimiz var və onlar da “Haşdi-Şəbi” ilə birləşib.

– Sözlərinizdən anlaşılır ki, türkmanların bir neçə siyasi partiyası, televiziya kanalı, radiosu, silahlı qüvvələri var. Ancaq birlik nümayiş etdirib idarəçilikdə haqqı olan payını ala bilmir… 
– Türkmanlar arasında hər zaman birlik və bərabərlik var. Amma güc kimi ortaya çıxması üçün türkman məclisinin qurulmasına ehtiyac var. Belə məclis qurularsa, türkmanlar öz daxilində anlaşma əldə edə və daha güclü şəkildə ortaya çıxa bilər. Amma indilikdə bizdə məclis problemi var.

– Resurs varsa, məclis niyə qurulmur?
– Əvvəllər bizim məclisimiz olub. 2012-ci ilə qədər məclisimiz fəaliyyət göstərib. 2012-ci ildən məclisin fəaliyyəti dayandırılıb.

– Kərkükün yenidən kürd peşmərgənin nəzarətinə keçmə təhlükəsi haqqında siqnallar gəlir. Bu təhlükə realdır?
– Bu, əslində kürdlər daxilində yayılan təbliğat xarakterli fikirlərdir. Məqsəd kürdləri daxilən gücləndirməkdir. Kürd peşmərgə bir ilə yaxındır ki, Kərkükü tərk edib. İndi onlar zəif vəziyyətdədir, toparlanmaları üçün belə təbliğat xarakterli fikirlər dövriyəyə buraxılır.

İkincisi, Məsud Bərzani parlament seçkilərindən sonra müxtəlif yerlərdə insanlarla görüşlər keçirib. İraq kürdlərinin parlamentdə 44 deputatı var. Onlar İbadi və ya Malikini dəstəkləmək qarşılığında şərtlər irəli sürürlər. Şərtlərindən biri Kərkükə nəzarətin kürdlərə verilməsidir. Bizdə olan informasiyaya görə, İbadi Bərzani ilə görüşdə bildirib ki, Kərkük onun üçün qırmızı xətdir. Eləcə də kürdlər dövlət büdcəsindən Kürdüstana daha çox maliyyə ayırmasını istəyir. Kərkük məsələsini qaldırdığı üçün Bərzaninin İbadi ilə görüşündə nəticə əldə edilməyib. Bildiyim qədər hazırda kürdlər parlamentdə kimi dəstəkləyəcəyi haqda son qərar verməyib.

– Türkmanların türkdilli dövlətlərə çıxışı necədir, türk dövlətlərindən gözləntiləriniz nədir?
– Biz oğuz boyundan gələn türkük. Hər zaman əlaqələrimizin yaxın olmasını, inkişaf etməsini, iş birliyində olmağımızı istəyirik. Əlaqələrimiz, müzakirələrimiz intensiv olsa, bizlər də güclənərik. Türkiyə dövləti hər zaman türkman davasına dəstək verib, bizi unutmayıb. Türkiyə türkman tələbələri oxudub, partiyalarımıza dəstək olub. Türk dünyası ilə əlaqələrimiz sıx olsa Türkman eli güclənər. İstəyimiz budur.

– Türkiyədən başqa hansı türk dövləti ilə əlaqələrə sahibsiziniz?
– Azərbaycana yaxınıq, çünki eyni soydan gəlirik. Biz Azərbaycanı bir parçamız hesab edirik. Azərbaycana heç vaxt ögey yanaşmamışıq. Təbii ki, özbək, uyğur türkləri də var. Amma, biz hər zaman Azərbaycanı Kərkükün, türkmanların qardaşı hesab etmişik. Mən Bakıya bir neçə dəfə səfər etmişəm.

– Bu səfərinizin məqsədi nədir?
– Bura gələrək dostlarımızla görüşürük. Eyni zamanda mədəniyyət və dostluq dərnəyi qurmaq niyyətimiz var. Hesab edirik ki, bu əlaqələrin qurulması və inkişaf etməsi baxımından əhəmiyyətə malikdir. Həmçinin istəyirik ki, Azərbaycan mediasının Kərkükdə, Bağdadda təmsilçisi olsun. Orada baş verən hadisələr haqqında burada məlumatlar getsin. Dünyanın məşhur agentliklərinin İraqda müxbirləri, ofisləri var. Ancaq bizə ən yaxın Azərbaycandır. İstəyirik ki, Azərbaycan mediasının da türkmən coğrafiyasında nümayəndələri olsun. Biz bunu vacib sayır, Azərbaycanı öz vətənimiz hesab edirik. Söykökümüz birdir. Eyni zamanda viza çətinliyi var, vizanı Bağdaddan almaq lazımdır və viza rüsumu yüksəkdir. Hər bir türkman Azərbaycana gəlmək, buranı görmək istəyər. Lakin bu, baha başa gəldiyi üçün Türkiyəyə üstünlük verilir. Fikrimcə, bu problemlərin həlli əlaqələrimizi daha çox yaxınlaşdırar.
Müstəqil.Az