Xanımlar ətirlərlə kişilərə hansı gizli mesajlar verir – Tanınmış əttar bilmədiyiniz MƏQAMLARI AÇDI

“Xanımlar bəzən, aşırı tünd, şirin və çox qabarıq ətirlərin vasitəsilə bəlkə də qeyri-ixtiyari olaraq dişiliklərini önə çıxarırlar. Bir çox hallarda bu əks təsir yarada bilir. Əks cinsin üzvləri bunu itici qəbul edə bilər və ya altında hər hansısa bir mesajın ötürüldüyünü düşünə bilər. Bəzən isə tam tərsi, bəylərimiz bunu çox xoş qarşılayır. Hər iki halda tərəfləri anlayışla qarşılayıram”.

Bu sözləri Azərbaycanda öz işinin bilicisi olan tanınmış əttar Murad Məsud Publika.az-a verdiyi müsahibəsində deyib.

– Təəssüf ki, Azərbaycanda ətriyyatçılıq o qədər də inkişaf etməyib. Lakin bu sahədə öz işini sevən birinin olduğunu görmək sevindiricidir. İstərdim ki, söhbətə ətir dünyası ilə tanışlığınızdan başlayaq.

– Ətirlərlə tanışlıq tələbəlik illərimə təsadüf edir. 2000-ci illərin əvvəllərində Azərbaycanda standart ətir anlayışı vardı və hamıdan eyni qoxular gələrdi. İndinin özündə də ətriyyatçılıq sahəsində ciddi irəliləyiş yoxdur. Sadəcə insanlar daha çox ətir adı və çeşidləri ilə tanış olublar.

Ətirlərə marağım yavaş-yavaş yarandı. Tələbə ikən pula ehtiyacım olmasa da, ətir alıb satırdım. Həmçinin ətriyyat mağazalarını gəzirdim. Ümumiyyətlə, bu, insanın özündən asılıdır.

Hətta orta məktəbdə sinif yoldaşlarım ingilis dili ilə ədəbiyyat və s. fənlərə daha çox maraq göstərdiyi halda mən heç kəsin həvəs göstərmədiyi coğrafiya və həndəsəyə meyl edirdim. Bu, məni başqalarından fərqləndirən qəribə xüsusiyyətim idi.

Eyni hal ətirlərə də aiddir, o zaman bu sahəyə maraq az idi, Azərbaycanda ətriyyatçılıq xüsusi elm və ya peşə hesab olunmurdu. Bununla belə dost-tanışlar üçün ətirlərin səyyar ticarətini həyata keçirirdim. Zamanla başqa işlərdə çalışdım, lakin paralel olaraq ətriyyatçılıqla məşğul olmağa davam edirdim.

– Necə oldu ki, ətriyyatçı olmağa qərar verdiniz?

– Ətriyyatçı olmağa dəqiq qərar verməmişdim. Bu, zamanla baş verdi. Gözəl ətirləri sevirdim, həmçinin onlar haqqında məlumat toplayırdım. Əslində məni kənardakı insanlar ətriyyatçı etdi. Bu qabiliyyətimi başqaları ortaya çıxardı. Onların məndə kəşf etdiyi özəlliklərə sahib olduğumu iddia etmirdim. Ətirlərə olan sevgim məcbur edirdi ki, onunla daha yaxından və dərindən tanış olum. Beləliklə bilgilərimi yavaş-yavaş artırdım.

– Sənətin sirlərini kimdən öyrənmisiniz?

– Bu sənətin sirlərini heç kim heç kimə öyrətmir, ətriyyatçılar çox paxıldır. Nəinki mənə qarşı, ümumiyyətlə, dünyada belə bir tendensiya mövcuddur ki, ətir biliciləri sirlərini paylaşmağı xoşlamır. Bildiyim qədəriylə ətriyyatçılıq təhsili almaq üçün fransız dilini bilmək mütləq şərtdir. Dolayısı ilə ətrin sirlərini heç kimdən öyrənməmişəm, sadəcə çox oxumuşam. Ümumiyyətlə, bu sahədə mütəxəssis olmaq üçün çox çaba sərf etmək lazımdır. Türkiyəli əttarla parfum tənqidçisi olan portuqaliyalı tanışım dostluq münasibəti üzərindən bildikləri bəzi məlumatları mənə ötürür. Lakin bu, tez-tez baş vermir. Çünki hiss edirlər ki, sən onlardan məlumat sızdırmaq istəyirsən. İnsafları hara qədərdirsə, bir o qədər məlumat öyrədilər.

Bütövlükdə məcbursunuz ki, rus, türk və ya ingilis dilində əlinizə keçən hər materialdan və kitabdan nə isə oğurlayasınız… Ya da ətir üzrə təhsil almalısınız.

– Ətir mədəniyyəti harada və təxminən nə zaman formalaşıb?

– Ətirlərin tarixi lap qədim zamanlara gedib çıxır. Onlar haqqında qədim Misir papiruslarında məlumat verilib. Ətriyyatçılığın inkişaf etdirilməsində ərəblərin xüsusi rolu olub. İlk ətirlər tüstü formasında olub. Daha sonra ətirlər ağ maye ilə əvəzlənib. İlk ətirlər qızılgül ləçəklərindən hazırlanıb. XIV əsrdən etibarən isə ətirlərə spirt vurulmağa başlanıb.

Əndəlüs və İtaliyanın bir hissəsi təxminən iki əsr ərəblərin hakimiyyəti altında olub. Ətriyyatçılıq mədəniyyəti Avropaya ərəblərin sayəsində yayılıb. Bu sənətin ərəblərdən italyanlara, italyanlardan da fransızlara ötürülməsinə baxmayaraq, indi sonuncular bu işə çox həssaslıqla yanaşır.

XV əsrdə florensiyalı Rene kimi tanan Renato Bianko adlı əttara bu sənətin dərinliklərini ərəblərdən mənimsəyən bir rahib öyrətmişdi. Daha sonra Rene İtaliyadan Medici ailəsi ilə birlikdə Fransaya köçür. Beləliklə ətriyyatçılığı Fransaya Rene ilə Mediçi ailəsi gətirmiş olur. Ondan bəri ətriyyatçılığın mərkəzi Fransa sayılır. Fransız ətirləri bütün dünyaya səs salsa da, Fransada ətir istehsalı son dövrlərə təsadüf edir. Onlar da sirlərini kənar insanlara öyrətmir.

– Ətrin yaradılması prosesində sizin üçün ən maraqlı məqam və ya komponent nədir?

– Ən vacibi odur ki, xoşuma gəlsin və rahatlıq bəxş etsin. Qıcıqlandıran ətirləri qətiyyən xoşlamıram. Ətri qoxladıqdan sonra heç bir əks təsir yaratmaması və burnunu deşməməsi əhəmiyyətlidir.

Komponent kimi darçın, zəncəfil, portağal qoxusu, palıd mamırı, vetiver otunu çox sevirəm. Bunların hamısı açıq tonlardır.

– İdeal parfumun alınması üçün təxminən nə qədər məhsul istifadə edirsiniz?

 Azərbaycanda ümumiyyətlə, heç bir parfum hazırlanmır, bizdə ətir laboratoriyaları yoxdur. Ola bilər ki, kimsə inqrediyentdən özü üçün kustar və çox primitiv üsullarla darçın çubuqlarının qoxusunu əldə etsin. Belə olan halda darçın çubuqları Şri-Lankadan gətirilməlidir. Onlarsa çox bahalı məhsuldur.

Yaxud da damıtma üsulu ilə qızılgülün qoxusunu əldə etmək olar. Qızılgülün qoxusu ilə gülabı qarışdırmaq olmaz. Onlar tamamilə fərqli qoxulardır. Bəzi parfumerlər çox inqrediyentdən, digər qrupu isə az məhsuldan istifadə etməyə üstünlük verir. İstənilən halda birtonlu ətirlər belə sadəcə bir komponentdən ibarət olmur, müxtəlif qatqılar əlavə olunur.

– Özünüz ətir hazırlamısınız?

– Bir parfum mağazası üçün leyerinq üsulu ilə yeddi ətir hazırlamışam. Leyerinq mövcud ətirləri bir-birinin üzərinə otuzdurmaqla yenidən istifadə edilməsi üsuludur. Dünya təcrübəsində belə ətir hazırlama üsulu var. Bəzisinin içinə bal, bəzisinin isə sandal qoxusu qatmışdım. Kütləvi formada ətir hazırlamaq çox risklidir. Müəyyən klişelər var ki, insanlar onlardan kənara çıxmaq və məxsusi olaraq hazırlanan ətirlərə pul xərcləməyə ehtiyat edirlər.

Kütləvi şəkildə satışa çıxarıla biləcək dərəcədə ətir istehsalı yoxdur, çox baha başa gəlir. Yalnız ətriyyatla məşğul olan insanlar öz ağıllarındakını ideyanı həyata keçirmək üçün Avropa ölkələrində yerləşən müəyyən zavodlara sifariş verir. Nəinki Bakıda, Rusiya və Türkiyə kimi böyük ölkələrdə də ətir hazırlamaq mümkün deyil. Olsa da, çox məhdud səviyyədədir. İstehsalat Avropa fabriklərində gedir, yalnız ideya sizə məxsus olur.

– Əttarın iy və qoxubilmə qabiliyyəti başqalarından nə ilə fərqlənir? Yəqin ki, siz hər yerdə qoxular axtarırsınız. Bu keyfiyyətlər başqa insanlara məxsus deyil.

– İdmançı əzələlərini möhkəmləndirmək üçün məşq etdiyi kimi qoxubilmə qabiliyyətinin güclənməsi üçün mütləq məşğələlər tələb olunur. Ətriyyatçılığı öyrədən akademiyalarda və institutlarda təhsil prosesində mütəmadi olaraq qoxular iyləməlisiniz ki, onları bir-birindən ayıra biləsiniz. Yaradılışdan qoxu bilmə qabiliyyətiniz güclü olmalıdır, ən azından anazmiya (iy bilməmə xəstəliyi) olmamalıdır. Çalışdıqca burnunuzu inkişaf etdirirsiniz.

– Demək olarmı ki, siz dünyanı burnunuzla duyur və hiss edirsiniz?

– Öz adımdan deyə bilərəm ki, gözəl ətirləri qoxuladıqda və ya kimdənsə xoş ətir duyduqda qəribə şəkildə xoşbəxt oluram.

– Bir mütəxəssis kimi ucuz ətirlərə pul xərcləməyi məsləhət görürsünüz, ya yox? Ucuz ətirlərin xərçəng hüceyrələrinin yaranmasına səbəb olduğu da iddia olunur. Siz bu fikir haqqında hansı qənaətdəsiniz?

– Bəzən ucuz ətirlər daha çox xoşuma gəlir, nəinki bahalıları. Ərəblərin hazırladığı ətirlər ucuz və keyfiyyətlidir, amma özlərinin istifadə etdiyi ətirlər çox baha olduğundan onları bizdə satmırlar.

Təbii ki, istənilən ucuz və keyfiyyətsiz məhsul kimi keyfiyyətsiz ətir də müəyyən xəstəliklərin yaranmasına və ciddi fəsadlara səbəb ola bilər. Odur ki, ətir seçimində ehtiyatlı olmaq lazımdır.

– Saxta və təbii ətirləri bir-birindən necə fərqləndirməli?

– Belogerlər saxta və təbii ətirləri fərqləndirmək üçün videolar hazırlayıb yutuba yerləşdirir. Saxta ətir istehsalçıları həmin videolara baxıb yol verdikləri xətalarını düzəldirlər. Bu səbəbdən də saxta ətirlə orijinalı bir-birindən fərqləndirmək çox çətindir. Hər brendin özünün xüsusi ayrıma üsulları və sirri var. Bu, çox geniş mövzudur. Çalışın ki, ətirləri ixtisaslaşmış mağazalardan və ya güvəndiyiniz şəxslərdən alasınız.

– Bəs çox bahalı ətirlərə yüksək məbləğ həmişə “haqlı” olaraq qoyulur, yoxsa bu, marketinqlə əlaqəlidir?

– Bahalığı ətrin tərkibindəki inqrediyentlərə görədirsə, ona pul xərcləməyə dəyər. Bəzən də bahalı olması sırf marketinqlə bağlıdır. İndi trend olan elə bahalı ətirlər var ki, tərkibi standart olsa da, güclü reklam siyasəti sayəsində məşhurlaşır. Amma zəngin tərkibli ətirlərin satışı daha zəifdir.

– Kişilərin qadınlarda ən çox sevdiyi ətir notları hansılardır?

– Zövqlər müxtəlif olduğundan bu suala dəqiq cavab vermək çətindir. Hər xalqın ətir bilmə anlayışı fərqlidir. Məsələn, qızılgül qoxusu bizə hüznü yada salır. Ərəblər isə qızılgülün qoxusunu çox sevir. Afrikada yaşayan elə qəbilələr var ki, qadınları kişiləri, kişilər də qadınları cəlb etmək üçün bədənlərinə heyvan təzəyi sürtürlər. Onların inanclarına görə, təzək əks cinsi daha çox cəlb edir və ehtiraslandırır.

Xanımlar bəzən, aşırı tünd, şirin və çox qabarıq ətirlərin vasitəsilə bəlkə də qeyri-ixtiyari olaraq dişiliklərini önə çıxarırlar. Bir çox hallarda bu əks təsir yarada bilir. Əks cinsin üzvləri bunu itici qəbul edə bilər və ya altında hər hansısa bir mesajın ötürüldüyünü düşünə bilər. Bəzən isə tam tərsi, bəylərimiz bunu çox xoş qarşılayır. Hər iki halda tərəfləri anlayışla qarşılayıram

– Xanımlar və kişilər ən çox hansı ətirlərə üstünlük verir?

– Əks cinsin nümayəndələri qadınlarda daha turşməzə və sərin ətirləri sevir. Kişilərin qadınlarda bəyəndiyi ətirlər mütəmadi olaraq dəyişir. Dünənə qədər kişilərimiz qadınlarda şirin ətirləri sevirdisə, bu gün özləri də şirin ətirlər istifadə etməyə başlayıb. Qabarıq, çox iddialı kişi ətirlərə də dəbdədir.

Ətir alarkən xanımlar qablaşdırmasına, adının gözəl olmasına fikir verir. Sözsüz ki, hər qadın ona bahalı ətir hədiyyə edilməsini arzu edir. Ətriyyatdan anlayışı olan parfumanyak xanımlar isə münasib qiymətə olan xoş, sərin və turşməzə variantları seçir.

İslam qaydalarının əsas tutulduğu ölkələrdə qadınlar ətirləri yalnız öz məhrəmləri üçün istifadə etməlidir. Odur ki, onlar daha xəfif, kənardan daha az hiss olunacaq ətirlər sevir. Türkiyə, Azərbaycan, Bosniya və s. kimi həm şərq, həm də qərb mədəniyyətlərini özündə cəm edən məmləkətlərdə durum çox qarışıqdır. Tünd, şirin, qabarıq ətirlərə üstünlük verilir. Daha qərbə getdikdə isə qadınlar daha primitiv, sərin, sitrus ətirləri sevirlər. Ümumilikdə isə bütün bunlar zamanla dəyişir.

– Koko Şanel deyirdi ki, ətir görünməz olsa da, unudulmaz və bənzərsiz akssesuardır. O, qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır. Qoxunun göz və qulaq yaddaşından daha güclü olduğu doğrudurmu?

– Qoxunun qulaq və göz yaddaşından güclü olması məsələsi həqiqətdir. O uzun müddət unudulmuş anları və yaşadığımız nostalji hissləri xatırlatmaq sehrinə malikdir. Ətir keçmişdə baş verən hadisələri və detalları deyil, həmin an keçirdiyimiz hisslərin təfərrüatlarını xatırladır və onları bizə yenidən yaşadır. Qoxunun analiz prosesi insan beynində limbik sistemdə amiqdala içərisində gedir. Kədər, nifrət, sevgi, ehtiras, üzüntü və s. kimi digər hisslərimiz orada emal olunur. Bu da o deməkdir ki, qoxu bu hissləri oyada bilir. Çünki eyni mərkəzdən idarə olunurlar.

– Növbəti sualım Koko Şanelin fikrinin davamıdır. O, hesab edirdi ki, ətir vurmayan qadının gələcəyi yoxdur. Parfum istifadə etməyi sevməyən insanlara münasibətiniz necədir?

– Ətir niyə istifadə olunmasın ki? O insanı xoşbəxt edir. Sözsüz ki, miqdarında və yerində tətbiq olunmaq şərti ilə! Lakin insanlar haqqında birmənalı danışmaq və qəti fikir söyləmək istəmirəm.

Amiş qəbiləsi heç bir ətirdən və kimyəvi məhsullardan istifadə etmir. Buna baxmayaraq, onların gələcəyi lap yaxşıdır.

– Hər şəhərin özünəməxsus spesifik qoxusu olur. Bakı dedikdə hansı qoxular yada düşür?

Aytən Məftun

(Ardı var)

mersin escort