Qazaxıstan hüquq-mühafizə orqanları bu ölkədə türkiyəli iş adamını oğurlamaqda şübhəli bilinən və axtarışda olan, Azərbaycanda yaxalanaraq ekstradisiya edilən İradə Rüstəmovanın işi ilə bağlı məlumat yayıb.

Milliyətcə azərbaycanlı olan, ancaq Qazaxıstan vətəndaşlığı daşıyan qadın 2018-ci ilin iyul ayında bu ölkəyə ekstradisiya edilib. Hazırda o, Astana polisinin təcridxanasındadır.

Astana prokurorluğundan bildirildiyinə görə Rüstəmova əvvəlcədən bir qrup şəxslə əlbir olaraq adam oğurluğunda və hədə-qorxu yolu ilə xüsusilə iri məbləğdə pul tələb etməkdə şübhəli bilinir.

Belə ki, 2017-ci ildə Qazaxıstanda müvəqqəti yaşayan Türkiyə vətəndaşı Taner Aydın və onun birlikdə yaşadığı İradə Rüstəmova Astanada yaşayan türkiyəli biznesmen Dolğun Tepebaşı oğurlamaq qərarına gəliblər. Ər-arvad bu məqsədlə Elnur Rüstəmov, Baqdan Maqamadov və Bislan Dakayevlə əlbir olublar. Onlara deyiblər ki, Tepebaşın 300 min dollar borcu var. Taner Aydın və İradə Rüstəmova bu adam oğurluğu cinayətinə habelə Vaqif Calalıyevi və Zemfira Fərhadovanı da cəlb ediblər.

Sonuncular 2017-ci ilin noyabrında biznesmenlə “Uzbeçka” kafesində iki dəfə görüşüblər və onu aldadaraq kirayə mənzilə aparıblar. Qapını Rüstəmova açıb. Onlar Tepebaşı döyüblər və əl-qolunu bağlayıblar, daha sonra “Volkswagen Touareg” avtomobili ilə Almata vilayətinə aparıblar. Biznesmeni Çemolqan stansiyasında kirayə götürülmüş evdə saxlayıblar.

Bundan sonra Aydın Tepebaşın Türkiyədə yaşayan qardaşından biznesmenin azad edilməsi üçün 1 milyon dollar tələb edib. Cinayətkar qruplaşmanın qalan iştirakçıları Rüstəmova istisna olmaqla bu haqda bilməyiblər və Tepebaşdan 300 min dollar borcunu qaytarmağı tələb ediblər. Tepebaşın heç bir borcu olmadığına əmin olandan sonra onu azadlığa buraxıblar.

Oğurlanmış biznesmen Elnur Rüstəmovu, Maqamedovu, Dakayevi, Calalıyevi və Fərhadovanı bağışlayıb. Cinayət işi tərəflərin barışmasına görə bağlanıb. Adam oğurluğunun təşkilatçısı Taner Aydın hazırda axtarışdadır. İradə Rüstəmova isə qaçıb Azərbaycanda gizlənibmiş. Onun barəsində beynəlxalq axtarış elan olunub.

Dolğun Tepebaş “Kaztur Texnik” şirkətinin baş direktorudur, bu şirkət ixtisaslaşmış tikinti işlərini yerinə yetirir. İyulun 30-da Qazaxıstanın Baş prokurorluğu İradə Rüstəmovanın Azərbaycandan ekstradisiya olunduğunu elan etmişdi. Lakin onun adı keçən cinayət işinin təfərrüatları məlum deyildi. (virtualaz.org)

Müstəqil.Az