Qoynunda əsirəm, sönmüş ocağın,
günəş parlasa da tacından, Vətən.
anam olmasaydın, bir axşam çağı,
tutub sürüyərdim saçından, Vətən.

Olub-keçənləri yada salmıram,
daha yaman günə boyat qalmıram,
gör neçə vaxtdı ki, məktub almıram,
sevgilim Şuşadan, Laçından, Vətən.

Gözündən tökülür dərdim Arazın,
boğulur bətnimdə arzum-murazım,
gör necə, gör neçə əhli-namazın,
sallanır erməni xaçından, Vətən.

Nə insaf, nə mürvət harın içində,
gizlənmiş məbədlər qarın içində,
bu qədər sərvətin, varın içində,
ölür balaların acından, Vətən…

****

tabutun qapağı kimi açılır,
paslanmış yaydır elə bil, yığılır,
ürəyim bir gülöyşə nar,
sıxılır cod əllərdə, sıxılır.

insanların üzünü tanımağa,
əllərindən öpmək üçün görüşə tələsirdim,
sən məni örüşə buraxdın niyə?
otlayanlar arasında vurnuxuram,
kölgə düşmüş çəpərindən,
adlayanlar arasında vurnuxuram.

bərəldib gözlərini qoyunlar süzür məni,
saqqalı uzun-uzun keçilər süzür məni,
gündüzləri görməyənlər,
gecələr süzür məni…

kövşəyənlərlə doludur dörd tərəfim,
bir yabıdan nə soruşum,
bir ulağa necə deyim dur görüm kimsən?
dilindən baş açammadım,
hür, görüm kimsən?

****
rəsmlər çəkərdim, bu it, bu dələ,
gözəl-göyçək qızların
dodağını rəngləməzdim,
müəllimlərimdə əsəb vardı, məndə hövsələ,
zabitəli kişilərin papağını rəngləməzdim,
köçürərdim kitablardan qalın-qalın qaşlarını,
saqqalını yolardım, bığını rəngləməzdim,
mən elə çəkərdim ki,
baxış da duyulardı, nəfəs də görükərdi,
şairlərin ən gözəl şəkilləri,
qəfəsdə görükərdi,
mənim tərs olduğumu qələmdən anlamışdılar,
yüz dəfə tənbeh eləyib, min dəfə danlamışdılar,
bu adət başımda qalıb o vaxtdan,
içim xışma-xışmadı,
vətənin rəsmini çəkmək istədim,
qələmim qırıldı, rəng çatışmadı…

****
Sən palıd deyilsən, təkrar edirəm,
budağın qurusun, kökün kəsilsin,
gün üzü görməsin kölgən, çəpərin,
qatırlar belinə yüklənsin nəslin…

Sən bilməzsən qərib nədir, qürbət nə,
tək qalasan, qardaş-bacınsız öləsən,
səni Şuşasız qalasan, qalasan,
səni Laçınsız öləsən, Laçınsız öləsən!!!

****
Buludlar dalında ay,
bilirsən günəşdi, var,
canına od vurmağa,
alovdu, atəşdi, var.

Yurdun simi qırılmış,
yerin bağrı yarılmış,
bir baxışdan vurulmuş,
Şuşası var, Rəşti var.

Bu nə zillət dustağa,
son ver güdüb-pusmağa,
şairin qan qusmağa,
vətən boyda teşti var..