Səni uzaqdan sevə bilmək…

Zarintac RANCİBARİ
(Memarlıq və İnşaat universitetinin 1-ci kurs tələbəsi)
Atama
Acıdığım sənə olan intiqamımın
sevincini yaşarkən
Sən başqalarını isti nəfəsinlə sevindirirdin.
Məni acıdan
başqasına tərceh edilmək oldu.
Anam kimi…
Acını yaşıyıb yaşadan anam kimi.
Mənim ovuclarımdan qan damlayarkən
sən o qanı sovurmuş kimi varsan.
Mənə qıydığındanmı,
Qıya bilmədiyindənmi, bilmədim…
Od nəfəsini belə duya bilməzkən
sənin üçün axıtdığım göz yaşım yandırır üzümü.
Xülyalar kimi ətrafımda olmaqdansa,
Gerçək olub yanıma gələ bilmədin.
Bir ona təəssüflənirəm:
Çox tez öldün böyük adam.
Çox tez öldün.
Hələ yolumu tapa bilməmişkən,
Səni yetərincə tanıya bilməmişkən,
Hələ xatırlamaq üçün yetərincə xatirəmiz yox ikən.
Niyə öldün ki sən?
Yazıq deyildimi mənə?
Mən kimə izah edə biləcəyəm ki,
səninlə bağlı xatırladığım tək xatirənin
məni atıb getdiyin gün olduğunu?
Həyat filmlərdəki kimi deyil.
Verdiyin son oyuncağı qucaqlayıb qoxunu ondan ala bilmirəm? məsələn.
Onu belə itirmişəm.
Sən məndən yox olmusan, adam…
Yox olmusan…
 
Köhnə məhəlləmə
Köhnə xatirəli
sınıq-salxaq evlərdən ibarətdir məhəlləmiz.
Yaşamaq ümidindən əlini üzmüş
insanlarla doludur ailələr.
Fəhlələr, şoferlər,
işsiz ev xanımlarıdı sakinlər.
Bir qarın ac, bir qarın tox
kirayə evlərdə böyüyən uşaqların əlindədi bu Vətən.
Əl-üzünü yuyub məktəbə getməsiyçün
səhərin altısında durub isti su hazırlayan analar var bu məhəllədə.
Oysa murdar üzlü varlılardan necə də fərqlidirlər.
Bura qəhvəyi rəngin hökm sürdüyü
paslı qapılar,
bu qapılar arxasında sərxoş kişilərin acı həyat qoxusu,
ümidsiz qadınların məqsədsiz böyüyən uşaqlara həyat dərsi,
kələ-kötür yollarda qanayan dizlərin fəryadı,
tək simalı insanlar,
cüt hörüklü qızlar…
Məhəlləmiz xəyalları darvazasına qədər olan insanlarla yaşayır.
 
Dar zaman
Susmuş illərin bitməz saniyələrdən oluşduğu zamanlardayam
Həftə sonları da anlamsız keçir.
Vaxt qanad alır,
Pərvazlanır xoşbəxt günlərə.
Burda bizi zaman da
bədbəxtçiliyimizlə baş-başa qayur.
Görəsən,
başımıza gələcək daha hansı hadisə
bizi bu sıxıcı günlər üçün darıxdırar?..
Böyüdükcə kirlənən bədənimizin ağrılarını
hansı acı dindirər?
Susur illər.
Özü də utanır yaşatdıqlarından.
Kimisi anasını itirir
Kimisi sevdiyini
Kimisi ən son ümidini.
Və hər kəs yeni bir ili yeni bir ümid üçün gözləyir.
 
Ümidini itir
Sağ qala bilməyəcəksən
Bu cəhənnəmdən kim sağ çıxıb ki?
.
Ölmək üçün ən ucuz səbəb nədir?
Ümidsizlik…
Biz ümidini satılığa qoyanların həmyerliləriyik.
Gör…Tanı…Bil…
.
Mən buralarda yeniyəm
Şairlər şəhərindən gəlir nəslim
Təbrizdənəm.
Son dəfə 3 yaşımda torpağında qədəmlədiyim
Təbrizimdən.
Buraysa Bakıdır.
Gecələri belə işiq saçan,
Ümid açan Bakı…
Burda hər cür insan tapmaq olar
Xoşbəxtindən başqa.
 
“Sənə xəyallarımdan danışsam”
Əlindən tutdum cənnətə gedirik deyə.
Bundan sonra yolun sonu hara olursa olsun,
o yoldan çıxmayacağıma and içdim.
Gedirik…
Düşünmədən, ölçmədən,
“Bəlkə” ilə…
Bir evimiz olsun əzizim, gedəcəyimiz kəndin
ən gözəl mənzərəli yerində.
Pəncərəsindən məscid minarəsi görsənən bir evimiz…
İsti, şip-şirin yuvamız…
Yolumuz uzun,
İncə xəyallarımızın incə uclarından bərk -bərk tutmuşuq.
Evim…
Ailəm…
Əzizim, necə demişdik,
Bizim xəyallarımızdakı yer Disneyland deyil…
Arzularımızın gerçəkləşəcəyi yerdir.
Cənnət qoxulum…
Vətənim…
Yuvam…
Bir az dənizə, bir az mənə anlat xəyallarını…
Səni biraz dənizə qısqanım.
Bir az da qonşumuz olsun o mavi dalğalarıyla.
Əzizim, susaqmı musiqinin yol boyu danışacağı bir yolçuluq üçün…
Oxuyacağımız kitabları seçərəm.
Başını çiyninə yastlayıb
Güvəndə hiss edərəm.
Xəritədə görsənməyən,
Adını bilmədiyimiz yerə,
Dilini bilmədiyimiz adamlar arasında,
Yalnız ikimizin doğmalaşacağımız bir şəhərə…
 
“Səni yazmaq”
Səni yazmaq-
Dünyanın ən gözəl yerindən
ən gözəl mənzərəni izləmək kimi.
ən dəyərli insanla
Azan səsi dinləmək kimi.
Səni yazmaq-
Buludlara toxunmaq,
Qoparılmamış çobanyastığının ətrini duymaq kimi.
Səni yazmaq-
Susuz Hüseynə son nəfəsində su vermək kimi.
Yusifi quyudan qurtarmaq kimi.
Allahdan enən vəhy kimi…
Səni yazmaq-
Bayramdan bayrama sevinən uşaqlara qəflətən alınan oyuncaq kimi…
Hüzurlu…
Sən, güvənilə biləcək ən birinci şəxs,
Sevilə biləcək ilk insansan.
Adın, hüzurun sinonimidir
Və sən, bir insanı həyata qaytarmağı
Müvəffəqiyyətlə bacaran birisən.
Allaha əmanət oluna biləcək ən gözəl ölümlüsən.
Gözlərinə baxmağa qıymadığım,
Səsi əvəzolunmaz,
Toxunduğu hər yeri müqqəddəs saydığım adam.
Yaşatmaq üçün yaşayan,
Yaşaması üçün yaşadığım adam…
Gözlədiyim,
Özlədiyim,
Öldüyüm adam.
Heç vaxt “acı”m olmayacaq,
Heç vaxt haqqında mənfi kəlmə duymayacağım adam…
Hər kəs hər şey danışar,
Biz isə istədiklərimizi dinliyərik.
Mən içində sən olan şeirlər yazıram.
Yox,
mən sənin şeir halını danışıram.
Sən bir Məsnəvinin lüğət halısan.
Ədəbiyyatın susmuş halısan.
Susmuş, gözləriylə anlaşılmağa çalışan halı.
Sən bir ağacın xəzan mövsümüsən,
Yorğun, bitkin,
Amma yenidən yaşıllaşmağa hazırlaşan.
Sən bir durna qatarından ayrı düşmüş bala kimi
Milyonlar içərisində səsini duyurmağa çalışan sərçə yavrusu misali…
Səsin 8ci not,
Baxışın qiymətsiz tablo…
İndi bir qaranlığa düşsəm,
Gözümdə yansıyacaq tək nur sənin adındır.
Bir uçurum kənarında tuta biləcəyim tək budaq sənin qollarındı.
Ölüm yorğanının altında gizlənsəm,
Məni bu ədalətsiz dünyaya döndərə biləcək tək nəfəs səninkidir.
Bir də, dodaqlarından tökülən bəzi kəlimələr var,
Sırf sən dediyin üçün gözəlləşir lüğətdə yeri. əllərin…
Bu o qədər dərin mövzudur ki,
Mürrəkəb qanla yazsa,
İfadə edə bilməz əllərinin gözəlliyini.
Hər axşam çağı
Adını anmaq,
Səni yaşamaq,
Dərmanları tanımaq sənin üçün,
Sənin adına biriləri üçün darıxmaq
səndən öncə,
Və səndə uyumaq gecələri…
Yuxularda səni görüb
diksinib ayılmaq,
sənin şirin yuxunu düşünüb xəyal qurmaq…
Səni uzaqdan sevə bilmək
Bu dünyanın ən nadir gözəlliklərindəndir.

mersin escort