Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:

“Əziz soydaşlarım!
Sizi müsəlmanların ən müqəddəs bayramlarından sayılan Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Qurban bayramı – əslində, insan üçün yaradılan nemətlərin digərləri ilə paylaşmaq, bölüşmək duyğusunun xatırladılması, insanlıq missiyasını anlatmaqdır. Hazırda təəssüf ki, müxtəlif don geyindirilən, həqiqətdə isə dünyanın ən tolerant dini olan islam bu mərasimlə bir daha öz humanist mahiyyətini nümayiş etdirir. Varını bölüşməyə, acları doyurmağa, xeyirxahlığa, insanlığa dəvət olan Qurban bayramı özündə çox böyük məna daşıyır.
Xalqımız əsrlərlə Qurban bayramının əsl mahiyyətini qoruyub saxlamağa müvəffəq olub, Allah və din yolunda xeyirxah əməllər edərək hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını göstərib.
Əziz soydaşlarım!
Sizləri bu bayram münasibətilə bir daha təbrik edir, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olmasını diləyirəm!”

Müstəqil.Az