Müstəqil.Az gənc şair Elnur Rəsul oğlu Əliyevin yeni şeirlərini təqdim edir:

 

       Verəcək Allah

 

Rəhmətlik Əliniyaz əmimə

 

Vəzifə düşkünü insanların, bil,

Gec-tez qəzasını verəcək Allah.

Ölümünə bais olanların, bil,

Ağır cəzasını verəcək Allah.

Qara torpaq altda yatanların, bil,

Hər gün əzasını verəcək Allah.

Quştək haqqa tərəf uçanların, bil,

Geniş fəzasını verəcək Allah.

 

 

 

                    Etiraf

 

Məndən soruşma ki, nə istəyirəm,

Mənə lazım deyil boş-boş suallar.

Odur ki indidən sənə deyirəm:

Mənim həyatımda bir başqası var.

 

Mənim həyatımda bir başqası var,

Mən onu sevirəm dəlilər kimi.

Səni özü ilə aparan qatar

Tez unutduracaq sənsizliyimi.

 

Tez unutduracaq sənsizliyimi

Sənlə keçirtdiyim sənsiz günlərim.

Sən yaxşı bilirsən dəliliyimi,

Bəs necə olacaq mənsiz günlərin?

 

Bəs necə olacaq mənsiz günlərin?

Susursan… Cavabı yox bu sualın.

Mənim ürəyimdə özəldir yerin,

Bir vaxtlar dərdindən öldüyüm qadın!

 

 

Bu gün dərsə gəlməmisən

Sənin yerin boş qalıbdır,
Bu gün dərsə gəlməmisən.
Ürəyimi qəm sarıbdır,
Bu gün dərsə gəlməmisən.

Ucdan tutub ucuzluğa,
Yol gedirik sonsuzluğa.
Dözəmmirəm yoxluğuna,
Bu gün dərsə gəlməmisən.

İtirmişəm özümü mən,
Söhbətimi, sözümü mən.
Silləm yaşlı gözümü mən,
Bu gün dərsə gəlməmisən.

Yaşamağa yer tapmıram,
Bir ölüyəm, gor tapmıram.
Yoxsa əlac var, tapmıram?
Bu gün dərsə gəlməmisən.

 

Anam…

Fərqanə Mehdi üçün…

Ürəyi şeir üstündə
Əsən anam, əsən anam…
Küləklər qəsdinə durub,
Sünbül anam, süsən anam…

Nə sayırsa, fələk sayır,
Yağış, dolu, külək sayır…
şeirin ömrünə calayır
Öz ömründən kəsən anam…

Zaman çaşır, yolun azır,
Hər telindən bir dən asır…
Günləri ömründən asır
Ömrü sözdən asan anam…

Arzular sovruldu göyə,
Bir kimsə yetmədi heyə…
Qıymır kimsədən küsməyə
Öz özündən küsən anam…

 

 

 

 

 

 

               Sonet

 

Günəşimsən, Aya döndərib məni

Atdı “sevgi” adlı fəzaya Tanrı.

Sonra ordan geri göndərib məni

Məhkum etdi ağır cəzaya Tanrı.

 

Bu cəza ayrılıq, bu cəza hicran,

Nə edim? Buna da dözməliyəm mən.

İsti küləkləri qumlar sovuran

Səhrada Məcnuntək gəzməliyəm mən.

 

Ağlamaqla bitir hər günüm mənim,

Unutmayacağam olanları mən.

Gözdən uzaq keçir sürgünüm mənim,

Özümə dost billəm heyvanları mən.

 

Ayım sona yetər, ilim qurtarar,

Məni iztirabdan ölüm qurtarar.

 

 

 

 

mersin escort