“Sevgi”- sözü dilimdə donub qalıb – Səmayə

Səmayə Şahmarova özünəməxsus yaradıcılıq yolu olan xanım yazarlarımızdandır. Şeirləri ilə dövrü mətbuatda müntəzəm dərc olunur. Tanınmış qələm adamları onun yaradıcılığına biganə qalmayıb, haqqında yazıblar. Şairə xanımla görüşüb, söhbət etdik. Söhbətin oxucularımız üçün də maraqlı olacağı qənaətindəyik:

-Səmayə xanım, son vaxtlar yaradıcılığınızda bir tərpəniş var. Maşallah.

Bəli. Elədir. Neçə illərdir yazdığım povestin üzərində yenidən işləyirəm. Povestin mövzusu torpaqlarımızın 20 faizdən çox olan, işğal altında qalan Qarabağ haqqndadır. Onu çapa hazırlayiram. Povest şair olan bir gənc xanımın və hərbiçi oğlanın həyatından bəhs edir.

Nə qədər ağrılı olsa da , yaxınlarda həyat yoldaşınızı itirdiniz, bu itginin bədii yaradıcılığa da təsiri az olmadı, hər halda.

Əlbəttə. Həyat yoldaşını itirmək, başının tacını, üzüyünün qaşını itirmək… elə özünü itirməyə bərabərdir. Çox ağırdır. “Sevgi”- sözü dilimdə donub qalıb. Hər zaman, hər yerdə gözlərim onu axtarır. Darvazadan içəri girəndə ayaq taqqıltısından bilirdim ki gələn odur… Balalarım sevimli, mehriban atasını itirdi. Qızımın gözlərində, üzündə qəribə kədəri görəndə…Atasının ölümündən sonra yarandı bu kədər…

Əllərim yadırğayıb…

Nəyə?

Kişi köynəyini ütüləməyə…

Barmaqlarım yadırğayıb

Nəyə?

Gümüşü saçlarında

Gəzdirdiyim şanaya….

“Uduzduğum sevgi” kitabımdan bunu aydın sezmək olur. Sükürlər olsun övladlarım, nəvələrim mənə yaşamağa stimul verir.

-Azərbaycan qadını əksər hallarda əvvəl özünü ana, evin xanımı, sonra isə hər hansı bir sahənin aparıcısı, üzvü kimi görür, müsahidələrim onu deyir ki, siz də bu çərçivədən çıxa bilmirdiz.

Azərbaycan qadını ilk növbədə qadın, evinin xanımı vəzifəsini daşımaqda qürurludur. Sonra isə hər hansı bir sahənin aparıcısı olmaqda israrlı olarsa nə xoş… Əgər onu başa düşəcək qısqanclıq deyilən bir məfhumdan uzaq bir həyat yoldaşı varsa… Başını şəstlə çiyninə qoyası bir ömür-gün yoldaşı varsa. O qadın daha məğrur, əzəmətli olur.

Qanadlar qoşa olanda daha uzaqlara, ənginliklərə uçmaq olur. Fikrimcə qoşalıq xoşbəxtliyin açarıdır!

Düzdür…Heç vaxt bu çərçivədən kənara çıxmadım. Ailəmin qayğısına qalmaq, övladlarımın nəvazişini üstün tutdum həmişə.

– Həyat yoldaşınız rəhmətə gedəndən sonra bədii yaradıcılığınız, sosial şəbəkələrdə aktivliyinizin daha çox olması da bu itkini, bu boşluğu doldurmaq çabası kimi hiss olunur.

Çox vaxt yuxusuzluq səhhətimə mənfi təsir göstərir. Xüsusi ilə də yay aylarında. Əvvəllər barışa bilmədiyim həyat yoldaşımın itkisi… Yaram çox dərinə işləyirdi. Onsuz da yaramın sağalması mümkünsüz. Özüm kimi dostlarım da səmimi və sədaqətli. Həkimlərimin və dostlarımın səyi nəticəsində bu çabadan nisbətən də olsa çıxa bildim. Sosial şəbəkələrində müsbət üstünlükləri çoxdur.

 

Tanrım qanadımı qırdın…

Qələmimi qırdım…

Arzuları çiliklədin.

Bircə ümidimi qırma….

– Səmayə xanım, tutaq ki, günlərin bir günü əsəbləşdiz və dediz daha yazmayacam. Sizcə bu nəyi dəyişər?

Əksinə, əlimə qələm alanda bütün stersimi atıram. Böyük Mirzə Cəlil yazır: “Qələmin müqəddəs vəzifəsi yazmaqdır.”

Tanınmış tənqidçi Vaqif Yusifli “Ədalət” qəzetində şerlərim haqqında bir məqalə yazmışdır. “Qələm ancaq sözdən yazar” Ulu Tanrı 6 günə bərqərar etdiyi yer kürəsinin ilk sözü “Ol” sözü ilə başlayır. Barmaqlarım üzük taxanda zinətlənmir. Arasına qələm alanda zinətlənir. Bilirsiz bu nəyi dəyişər?! Mənəvi tərəfdən yoxluğumu.

-Sizin imzanızın yoxluğu ədəbi camiədə hər hansı narahatçılığa səbəb olmaz ki?

Ya-zarlarımız çoxdu. Hamı güclü ola bilməz və eyni zamanda da zəif. Hər kəsin özünün dəsti-xətti sözə yanaşma tərzi var. Tanımadıqlarımızı da sosial şəbəkədən tanıyırıq.

-Ədəbiyyat aləmində hər kəs özünün yerini bilsə yaxşıdır, gənc nəsildə əllaməçilik daha çoxdur, deyilmi?

Ədəbiyyat aləmi dibi görünməyən dənizə bənzəyir. Qəvvas kimi dərinliklərinə baş vurasan gərək. Təlatümlü, uğultulu bəzən də sakit, ram, mirvari kimi düzülmüş sehir, cazibə. Mücərrədlik və var olmaq. Hər kəs yerini bilsə daha yaxşı.

-Sizcə ədəbiyyatımızın vəziyyəti necədir? Nəfəsi gedib-gəlir?

Bütün dövrlərdə ədəbiyyatımız tərifdə olunub, tənqid də. Şərq ölkələri sırasında musiqimiz, mədəniyyətimiz, incəsənətimiz ön sıralarda olduğu kimi ədəbiyyatımız da həmişə digər xalqlara örnək olmuşdur. İzzədin Həsənoğludan ulu Nizamidən başlayan ədəbiyyatımız zəngin və təkrar olunmazdır. Dahilər yetişdirən torpağımızda ədəbiyyatımızın nəfəsi həmişə gedib gələcək!

– Özünüz, yaradıcılığınızın bu durumu haqqda nələri deyərdiz?

Sovet dönəmində kitablar dövlət hesabına çap olunurdu və müəllifə qonarar verilirdi. Müstəqillik dövründə isə bunun əksini gördük. İki şeirlər, dörd publisistik kitablarım çap olunub. Müxtəlif nəşriyyatlarda. Hamısında eyni mənzərə.

İçimdən gələnləri muncuq-muncuq sapa düzə bilirəmsə, bunun üçün Tanrima minnətdaram. Övladlarımın sevgisi, doslarımın sevgisi və Allahın mənə olan sevgisi məni yaşadır. Qəlbimdəki boşluğu doldurur.

– Lənkərandansız. Gözəl bir diyarda doğulmusuz. Bu diyar haqda indiyə qədər nəsə yazmısınızmı?

Yurdumuzun dilbər guşələrindən biri olan Lənkəran rayonunun Boladi kəndində doğulmuşam. Uşaqlığım, yeniyetməliyim, atalı-analı günlərim, gəncliyim kəndimizdə keçib. Qayğısız, həyatın sürprizlərindən çiyinlərimə qoyduğu yükdən xəbərsiz idim onda. Ayrılıq, tənhalıq deyilən bir anlamdan da xəbərsiz idim onda…

Beşikdən başlanır Vətən. Süfrəsi halal, çörəyi halal, duzu halal, düzlük, sədaqət, sadiqlik öyrətdi ata-anamız bizə. Halallıqla böyüdük. halallıqla yaşayırıq. Əllərini qollarını, üzünü gün yandırıb qızılı rəngə çalan zəhmətkeş atamızın üzü nurlu qayğısı daim üstümüzdə olan anamızın 10 uşaq böyüdüb tərbiyə edən valideyinlərin ruhu qarşısında baş əyirəm!

Oxuduğum məktəbdən, kəndimizdən olan gözəl şair Şəkər Aslandan, müəllimlərimdən yazılar yazmışam. Lənkəranın hüsnünü vəsf etmişəm. Duyğulanmamaq absud olar.

Bakı başdır, ürək sənsən,

Xoş günlərə dilək sənsən,

Səmayənin gözlərində

Səadətlə güləcəksən!

Və yaxud

Canımsan,gözümsən, şirin dilimsən,

Anamsan başına durum dolanım,

Heç vaxt görmədiy gözəl günləri,

Sən indi görürsən ay Lənkəranım.

 

– Bu günkü ədəbi cameədə nələrdən uzaq qaçardız?

Təkcə əbədi cameədə yox. Yalan, saxta insanlardan.  Plagiqatlıqdan içi ayrı cür, çölü ayrı cür olan insanlardan… B.Vahabzadə yazır.

Qorxuram elə bir zəmanə gələ

İnsanlar yaşaya insanlıq ölə.

Kiminsə başmağını geyinmək olar, yerişini yerimək olmaz. Hamı öz işi ilə məşğul olsa bu stersli, əzablı, təzadlarla dolu dünyamız daha da gözəlləşər.

Söhbət etdi: Faiq Balabəyli

 

mersin escort