“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad…” -Fikir savaşı

…Ərdoğanın siyasətini bəyənib-bəyənməməyimizdən asılı olmayaraq bilməliyik ki, hazırda Anadolunun başı üzərində zil qara buludlar dolaşmaqdadır. Və  Liviyadan, İraqdan, Suriyadan tutmuş Əfqanıstana, Pakistanadək  müsəlman, türk dünyasına qarşı savaşların, “xaosdan düzənə” prinsipli qloballaşma proqramının son məqsədlərindən biri  katoliklərin də, pravoslavların da, protestantların da, yəhudilərin də yuxularını ərşə çəkən  İstanbulu ələ keçirərək iki qitədə yerləşən bu möhtəşəm şəhərə “Konstantinopol” adını qaytarmaq, onun minarələrindən gələn azan səsini susdurmaqdır…
***
Dava –İstanbul davasıdır…
***
İstanbul şeytanpərəstlərə, anqlosaks və sionistlərə təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad, nə Bişkek, nə də “Turan” deyə xəyal etdiyimiz Rusiya daxilindəki Qazan, Ufa, Tümen, Saxa, Çuvaşıstan və s…. Ölkələr, şəhərlər salamat qala bilər, ancaq məscidsiz, minarəsiz, azansız, Quransız, İslamsız, Allahsız, müsəlmansız, türksüz… Özgə adlarla… İngilis, yəhudi, fransız, alman, rus, yunan, erməni və s. adlarıyla…. Onsuz da yavaş-yavaş küçələrimiz, otellərimiz, kitablarımız, musiqilərimiz, filmlərimiz belə adlarla dolmaqdadır…
***
Bütün nöqsanlarına rəğmən qərbimizdə İstanbul, Ankara, cənubumuzda Tehran, Təbriz, şərqimizdə İslamabad, Kabil – İslam-türk dünyasının qalalarıdır… Onların hər hansı birinin, Allah eləməmiş, tam çöküşü bizə iqtisadi-siyasi baxımdan daha çox, ruhi-mənəvi sarıdan böyük zərbə ola bilər…
***
Türk dünyasını dinsiz, islamsız türkçülüklə, ülküçülüklə xilas  etməyin mümkünlüyünü düşünənlər də yanılırlar…
***
Əsl ülküçülər də əksini düşünür. Onlar həm türkçü, həm də islamçıdır… “Rəhbər –Quran, hədəf –Turan” deməzsək –nicata yetmərik… Allaha, Qurana, Peyğəmbərə(s), Axirətə inananlar üçün bu qətidir..
***
Yoxsa Turanı İranla, Osmanlını Səfəvi ilə üz-üzə qoyub sonra da hər ikisini parçalayan, Sultan Əbdülhəmidi, Qacarları devirən, bu gün də bizlərlə çoxbaşlı oyunlar oynayaraq ümmətimizi, millətlərimizi soykökündən, dəyərlərindən uzaqlaşdıran çoxüzlü, çoxsifətli Avropanın, Amerikanın ağuşuna atılaraq “demokratiya” “hürriyyət” bağırmaq –xəyanətdən başqa bir şey deyil…
***
Birincisi, nəfsinə sahib çıxa bilməyən, rüşvətxor, korrupsioner, xəyanətə meyilli  idarəçilərin əlində olan hər hansı bir ölkədə ən ideal cəmiyyət qanunlarını kağızda tətbiq etsən də, gerçəklikdə onların 20-30 faizi işləməyəcək. Amma o da var ki,  əsl İslamda, əsl türkçülükdə, əsl azərbaycançılıqda azadlıq da, hürriyyət də, demokratiya da var… “Tolerantlıq”, “multikulturalizm” deyə bizə sırınan dəyərlərin müsbət tərəfləri də… “Kreativ” deyilən yaradıcı düşüncə də… Yabançı sözlərlə ruhumuzu korlamayın…
***
Əsl iqtisadiyyyat da elə İslamdadır. “İqtisad”- “orta hədd” deməkdir. Orta həddi gözləmək İslamdadır, türkdədir, müsəlmandadır… Qərbdə, Amerikada isə hədsizlik, abırsızlıq  və həyasızlıqla məşhurlaşmaq,  haram-halal bilmədən nəfsini doyuzdurmaq xəstəliyi var… Onlarda zəhmətsiz varlanma: qumarbazlıq, sələmçilik, sümürgəçilik  var….
***
Onların dolları varsa, bizlərin də  Allaha uzanan qolları var…
***
Onu da qəti bilək ki, İslam-türk dünyasını dollarla qorxudanların içində hələ bu gün də Oğuz xan, Mete, Atilla, Sultan Mehmet, Sultan Süleyman, Şah İsmayıl, Nadir şah, Osmanlı qorxusu var…
***
Amma gerçəklikdə biz o kişilərin ruhunu daşımağa tənbəllik edib, Makiavellinin, Darvinin, Marksın, Freydin, Leninin, Brejnevin, Buşun, Trampın mənəviyyatına uyğun yaşamağa çalışırıqsa, onda onlar yox, biz qorxmalıyıq…

mersin escort