Beynəlxalq Əfv Təşkilatı türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayıb.

Müstəqil.Az xəbər verir ki, bəyanatda iyul və avqust aylarında keçirilən mərasimlərdə saxlanılıb sonralar girov qarşılığında azadlığa buraxılan fəallara bəraət verilməsi və İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

Beynəlxalq Əfv Təşkilatı builki mərasimlər, xüsusi ilə də Babək qalası yürüşü ilə əlaqədar kifayət qədər araşdırma aparıldığını elan edərək İran rəsmilərindən işgəncələrlə bağlı edilən şikayətlərə təcili şəkildə baxılmasını və bu haqda tərəfsiz araşdırmalar aparılması lazım olduğunu bildirib.

Hesabatda qanunsuz saxlanılma faktlarından başqa təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəallara işgəncə verdiyi, onlara qarşı təhqiramiz və qeyri-insani hərəkətlərə yol verildiyi də yer alıb. İşgəncələrlə bağlı məsuliyət daşıyan şəxslərin isə beynəlxalq standatrlara uyğun şəkildə mühakimə olunması tələb edilib.

Beynəlxalq Əfv Təşkilatı Babək qalası yürüşü kimi mərasimləri azərbaycanlıların doğma mədəniyyətini gücləndirməsi və ayrı-seçkiliklərdən şikayət etməsi üçün bir fürsət olaraq qiymətləndirib.

Hesabatda vurğulanıb ki, İranın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya qoşulmuş bir ölkə kimi irqi ayrı-seçkiliyin dayandırılması üçün lazımi tədbirləri almaq öhdəliyi var.

Müstəqil.Az