İranda gündəlik tələbat mallarının sürətlə bahalaşmasına, həyat səviyyəsinin aşağı düşməsinə və hökumətin siyasətinə etiraz olaraq başlayan nümayişlər ara vermir. Virtualaz.org “Alman dalğası”ına istinadən xəbər verir ki, ötən gecə ölkənin daha bir neçə şəhərində, o cümlədən Tehran, Şiraz, Kərəc və Qumda insanlar küçələrə çıxaraq antihökumət şüarları səsləndiirblər. Aksiyalarda yüzlərlə insanın iştirak etdiyi bildirilir, təhlükəsizlik qüvvələri etirazçılara müdaxilə edib.

İranda inflyasiyanın yeni dalğası ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları yenidən bərpa etməsi ilə bağlıdır. Sanksiyaların birinci mərhələsi avqustun 7-də qüvvəyə minəcək. Bunun ardınca Tehrana qarşı sanksiyalar mərhələlərə sərtləşdiriləcək. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bir çox qərb şirkətlərini bu ölkədəki bizneslərini dayandırmağa məcbur edib. Ölkədən kapital axını sürətlənib. Milli valyutanın dollarla müqayisədə kəskin dəyərdən düşməsi nəticəsində inflyasiya sürətlənib, gündəlik tələbat mallarının kəskin bahalaşması iranlıların sosial vəziyyətini ağırlaşdırıb.

Prezident Həsən Ruhaninin hökuməti yerli valyuta bazarında vəziyyəti sabitləşdirmək üçün uğursuz cəhdlər edir. Bu ilin aprel ayından, yəni ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaları bərpa etmək qərarından bəri ölkənin milli valyutası rial dollarla müqayisədə iki dəfədən çox dəyərdən düşüb. Ötən bazar günü 1 dollar 115 min riala satılırdı. İran Mərkəzi Bankı isə rəsmi məzənnəni 1 dollar üçün 42 min rial səviyyəsində müəyyən edib, amma dolların qara bazar məzənnəsi sürətlə artır.

İran parlamenti yaxın günlərdə ölkədəki iqtisadi vəziyyətlə bağlı xüsusi iclas keçirəcək. Həmin iclasda prezident Həsən Ruhaninin hesabatı dinlənilməlidir. Parlament ölkədəki vəziyyətdən çıxış yolları hazırlamaq üçün hökumətə bir ay vaxt vermişdi.

İqtisadiyyatın acınacaqlı durumda olmasına baxmayaraq İran hakimiyyəti Suriya və Livandakı əməliyyatlara hər il milyardlarla dollar xərcləyir, “Hizbullah”a ildə bir neçə yüz milyon dollar verir. Bu da iranlılar arasında narazılığı artıran səbəblərdən biridir. Ötən ilin sonlarından başlayaraq ölkədə güclü antihökumət etirazları baş qaldırıb, o cümlədən etirazçılar dini liderin əleyhinə sərt şüarlar səsləndirirlər.

Müstəqil.Az