Baş nazirin müavini Əli Həsənovun nəvəsinin dəyəri yüz minlərlə ölçülən maşınla qəza törətməsindən sonra Azərbaycan ictimaiyyətini bir sual maraqlandırmağa başlayıb: 21 yaşlı gənc bu vəsaiti hardan əldə edə bilib?

Sözsüz ki, bu sualın cavabını hər kəs müxtəlif versiyalarda axtara, onu müdafiə edənlər də, tənqid atəşinə tutanlar da tapıla bilər.

Digər nazirlərin ərköyün övladlarının analoji hərəkətlərindən fərqli olaraq Əli Həsənovun nəvəsinin daha çox gözə gəlməsi də səbəbsiz deyil. Bəlkə də Əli müəllim başqa bir sahəyə baxan dövlət məmuru olsaydı, onun yaxınlarının bu dodaq uçuqladan varidatı da indiki qədər müzakirəyə çevrilməyəcəkdi. Dərd burasındadır ki, bu adam ayda ailə üzvü başına 36 manat təqaüd alan, olduqca çətin vəziyyətdə yaşayan “qaçqınların naziri”dir. Onun bir nazir kimi aldığı məvacib isə digər həmkarlarının maaşından fərqlənmir. Belə olan halda, bu topdağıtmaz sərvətin qaynağı haradandır?

Axı, Azərbaycan qanunvericiliyinə əsasən, iri dövlət məmuru iqtisadi fəaliyyətlə də məşğul ola bilməz. Hətta bu qanunu bir kənara atsaq, iqtisadi fəaliyyət üçün ilkin kapital – sərmayə tələb olunur. Hər iri məmur, nazir isə, adətən, öz baxdıqları sahələrə dövlət büdcəsindən ayrılan vəsaitin hesabına sərmayədar olurlar. Sözsüz ki, “qaçqın naziri”nin oliqarxlaşmasının, nəvəsinin belə, 200 min dollarlıq maşınla Bakı küçələrində at oynatmasının əsas səbəbi kimi ilk ağla gələn versiya qaçqınların boğazından kəsilən vəsaitlərdir.

Biz, əlbəttə, bu iddianı irəli sürmək və ya dedi-qodulara haqq qazandırmaq fikrində deyilik. Yəqin ki, dövlətin siyasi iradəsi, Əli Həsənovu məşhər ayağına çəkib və onun nəvəsinin bu qədər vəsaiti haradan alması ilə maraqlanıb. Və yəqin ki, Əli Həsənov da yaxın günlərdə həmin hesabatını bir də ictimaiyyət qarşısında verəcək və insanlarımızın beynini qurcalayan bu şübhələrə aydınlıq gətirəcək. Biz də bu hesabat gününü gözlədiyimizdən, hələ ki, bəd mülahizələr üzərində danışmaq istəmirik.

Digər tərəfdən, istənilən iddianı sübuta yetirmək üçün əldə ciddi sənədlər olmalıdır. Nə yazıq ki, Azərbaycanda məmurların mal varlığı haqqında deklarasiya olmadığından, onların gəlir-gedərləri dövlət sirri kimi gizli tutulduğundan, bizdə elə bir sənəd yoxdur. Bununla belə, qaçqınların necə həyat sürdükləri də hər kəsə bəllidir. Meydan Tv-nin obyektivlərinə yaxalanan şəhid anasının vəziyyəti də bu əyanı bəyan edən faktlardandır.

Buyurun, nəvəsi 200 min dollarlıq maşında “avtoşluq” edib, ağır avtoqəza törədən Əli Nəsənovun sərəncamında olan nənəylə və onun yaşadığı gün-güzaranla tanış olun!

Müstəqil.Az

(Ovqat.com)