Kitabın cildinin içindəkilərə dəxli olmadığı kimi, insanın xarici görkəminin daxili aləmi ilə heç bir

bağlılığı ola bilməz!

(Müəllif)

…Yaradıcı adam hansı  yaşda olursa olsun,  öz imzasını mətbuat səhifələrində  və  ya nəşriyyat müəssisələrində çap  olunan  kitabının cildində  görəndə  daxilində sevinc hissi keçirir.  Lap  əvvəllər  mən bu sevinc hissini  doğum evində  övladının  dünyaya  gəlişini  yaxınları ilə toy-bayram  kimi  qeyd edən  valideynin  sevinciylə  eyniləşdirərdim…

Düzdür, indiki  “imza” sevinci  sovet  dönəmində   radiodan,  televiziyadan, qəzet və jurnallardan  qələm haqqı   (qonarar)  aldığımız  “bəxtəvər” vaxtların İMZA  sevincinə  əsla bənzəmir. Hətta  o vaxtlar  kitabı çıxan  yazıçılar  raykom katiblərinin illik maaşından  çox  qələm haqqı  alardılar. Amma hər necə olsa da öz imzası ilə  tanınmaq yaxşı şeydir.  Əbəs yerə  imzaya mübarək  demirlər ki… Bizim  müasirlərimiz  hələ üstəlik  təntənəli “İmza günü” də keçirirlər.

Fəqət  imzaların da doğması,   yadı  olur. Qürbətə gedəni, didərgin düşəni, şəhid  olanı,   hətta düşmən dəyirmanına su tökəni də  olur.  Bəli,  söhbət  imzasına  heyran  olduğumuz müasirlərimizdən  gedirsə,  onu da qeyd edim ki,  çoxumuz   onların  özündən  qabaq   imzalarını  tanımışıq…  Və  istər-istəməz   qalın-qalın   kitabların üz qabığında , uzun-uzun serialların titirlərində  gördüyümüz  o imza sahiblərinin   bir az saflığına, bir az da dürüstlüyünə  inanmışıq.  Hətta uzaqdan-uzağa  olsa da  bəziləri oxucunun  və ya tamaşaçının  gözündə  mələyə  də dönür…   Axı onlar  öz  əsərlərində qəhrəmanlarının dili  ilə haqdan -ədalətdən dəm vurur, mərdlikdən,  mətanətdən söz açırlar.

Kim bilir,  bəlkə  də  şair və yazıçıların  SAF,  vicdanlı insan  olmasına  inam və etibar  dünyanın düz vaxtında   bizim “nəsli”  pioner,  komsomol kimi  tərbiyə  edən cəmiyyətin  vahid  ideologiyasından irəli gəlir?  O zamna  qələm sahibinin  bir tənqidi yazısına  görə  dövlət məmurları  partiya bürolarında, plenumlarında  müzakirəyə çıxarılardı,  bəzən  məqalədə göstərilən  faktlara  görə  töhmət  alanlar,  işdən çıxarılanlar, hətta  barəsində  cinayət işi  açılanlar da olurdu.   Bilmirəm,  hərdən mənə elə gəlir ki,  dünyanın heç düz vaxtı olmayıb…

Qısısı, səksəninci illərdə ilk dəfə kitab nəşr etdirmək arzumun  daşa dəyməsinə səbəb imzasını  tanıdığım GÖZƏL  və özəl bir qələm sahibi  oldu…  Müstəqilliyimizin bərpasının  ikinci ili  isə  özəl naşriyyatlardan birininin  ixtisasca jurnalist olan direktoru  məndən köçürmə yolu  ilə  aldığı pulu çırpırşdırdıb   “aradan” çıxdı .  Yalnız dünyasını dəyişəndə   fırıldaqçılıq yolu  “yeyib, üstündən  su içdiyi”   pulu   rəhmətliyə   halal elədim.  Güya  bundan başqa yolum var idi ki?!

Düşünürdüm   aldana-aldana   “təcrübə”  qazanmışam.  Daha  heç bir yaradıcı adam, imzasına  hörmət etdiym qələm sahibi  məni aldada bilməz!

Lakin   cəmiyyətimizdə  göbələk kimi artıb-çoxalan fırıldaqçılıq   “peşəsi”   haqqdan-ədalətdən  yazan qələm sahiblərinə  də sirayət  eləmişdi.  Burada   filosof dostum  Rahir  Uluselin  bir aforizmi  yadıma düşdü  .  “ABŞ dolları üstünə  yazılıb:  “ IN  QOD WE TRUST” ( “BİZ ALLAHA İNANIRIQ”) Amma gərək belə yazaydılar: “BİZ ALLAHA İNANIR, LAKİN ŞEYTANA XİDMƏT EDİRİK”

İndiki zamanda  puldakı   “Şeytan işığı” çoxlarını özünə hayıl-mayıl edib. Sadə  vətəndaşların  aldadıb  fırıldaçılıqla  pul  qazananların  bir çoxunun ifşa olunması  ilə bağlı faktları ekrandan-efirdən  çox eşitmişik.    Bu sahənin  peşəkarları  qarşı tərəfi  inandırmaq üçün imzaladıqları  müqavilə sənədlərini səliqə ilə tərtib edib, ona yaxşıca möhür də vururlar.

Yaşımın bu çağında məni   yekə QƏLƏM sahibinə aldadacağını heç  ağlımın ucundan da  keçirmirdim.   Üstəlik  özümlə yanaşı  mötəbər bir  adamı da inandırdım ki,  “əşi, bu İMZA sahibi  nə adına,  nə də soyadına  kölgə salar!  Özü də  PUL  onun üçün ikinci dərəcəlidir. Sizin  bircə xeyir-duanız  kifayət edər ki,  “öz işinə” başlasın…”

Axı  necə də  inanmayaydım və  inandırmayaydım ?  Adam Polad Ələmdarın  Koroğlu  boyda tərəf  müqabillərindən birini  gətirib səninlə  tanış edə,  masanın üzərinə  11 səhifəlik “Çoxseriyalı bədii televiziya filminin layihəsi”ni qoya,  sonra  həmin serialın  yaradıcı  heyətinin şərəfinə  verilən  böyük ziyafətə  dəvət olunasan  və  üstəlik   filmin 5-10 dəqiqəlik reklam çarxına baxasan … və s. və i.  kimi faktlar ortada var ikən necə də  inanmayasan?

Düzü,  mənəvi, “xeyir-duasını”  aldığı adama  maddi  zərər  vuran  YEKƏ  imza sahibi də görkəmindən Koroğluya oxşayırdı. İntəhası  Koroğlu  xalqa əziyyət verən paşalara-xanlara divan  tutmaq  amacıyla  Qıratına  minərdi…  İmzasına  inandığım  QƏLƏM sahibi isə ağsaqqal  dediyi ADAMdan pul qoparmaq xatirinə  tamah atına  minmişdi .  İndi  hərdən  dost kimi qələmə verdiyim  o  imza sahibini  həmin ağsaqqal  məndən yarı istehza, yarı ciddi: “Dostun neynir?” deyə xəbər alır…

Təzə-təzə  ürəyimə qara-qura fikirlər də gəlirdi,  düşünürdüm ki, bəlkə  ağsaqqal bu  “dost” kəlməsiylə  eyham vurur ki,  o  pul  məsələsində  mənim də barmağım  olub?  Yox!  Əsla,  elə düşünməz deyə  özümə təsəlli  versəm də  60 yaşında  imzasına hörmət etdiyim  biri  tərəfindən aldanmağın hələ də  peşmançılığını çəkirəm!  Özümü dönə-dönə  qınamağım bir yana , PUL qazanmaq xatirə məni aldadan  adamı  hər gün  ekrandan-efirdə görmək,  qəzet və jurnalda imzasına rast  gəlmək  ruhumu  PİŞİK  kimi çırmaqlayır..

Bəlkə də sivil dövlətlərdə  belə adamları  cəzalandırmaq asandır.  Amma  bizdə  adamı qınayırlar… “O  sənə pislik  eləmişdi,  gərək sən yaxşılıqdan əl çəkməyəydin…”

Əvvəllər  elə sanırdım  ki, məni aldadan qələm sahibi  Qisas imzasını düşməndən qisas almaq üçün   götürüb. Sən  demə  mənim  kimi dost  dediyi  çox adamı  aldadıb. Hətta   belə işlərinə görə bir-iki dəfə də mühakimə  də olunub!

Kitabın cildinin içindəkilərə dəxli olmadığı kimi,  insanın xarici görkəminin daxili aləmi ilə heç bir bağlılığı ola bilməz!

Hərdən düşünürəm görəsən  niyə  bizim  xalq  Xirosimasına, Naqasakisinə  atom boması  düşən   yoponlar  qədər  uzunömürlü  olmur.  Axı Azərbaycanın nə Bakısına, nə də Sumqayıtına   (iraq olsun)  bomba düşməyib. Demək,   ömür qayçılayan   fırıldaqçı adamlar  atam bombasından da təhlükəlidir.

P.S. Deyə  bilərsiz ki,   niyə ad çəkmirsən, çəksəm  nə dəyişəcək ki?! Bir də ki,  onsuz da saxtakarlıq   bu və ya digər şəkildə  hər tərəfdə  tüğyan edir… 

 Nurəddin Ədiloğlu