Gədəbəy rayonunda 4100 hektar sahədə karantin zərərvericisi olan Kolorado kartof böcəyi, 4200 hektar sahədə isə fitaftora xəstəliyi ilə sirayətlənib.

Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, mütəxəssislər tərəfindən verilən tövsiyələr əsasında təsərrüfat sahibləri və fermerlər tərəfindən əkin sahələrində Kolorado kartof böcəyinə qarşı Kurzat və Asetisuper, fitoftora xəstəliyinə qarşı isə Tikotan, Rebus və Ridomil preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş yayılıb. Gədəbəydə hava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər birkilərə böyük ziyan vurur.

Bu xəstəlik kartof becərilən bütün zonalarda yayılıb. Lakin xəstəliyin zərəri meteoroloji torpaq amilləri nəzərə alınmaqla müx­təlifdir. Kartofçuluqla məşğul olan Gədəbəy, Daşkəsən, Tovuz, Cəlilabad və s. rayonlarında fitoftoroz mün­təzəm olaraq əmələ gəlir və məhsuldarlığa ağır zərbə vurur.

Qeyd edək ki, Gədəbəy rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 8300 hektar sahədə zərərvericlərə qarşı fitosanitar monitorinqlər aparıb.