Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsi ilə ölkədə ictimai- siyasi vəziyyət gərginləşib. Əslində hökümətyönlü saytların tirajladığı “Elmara atılan güllə dövlətə atılıb” fikrini bir az konkretləşdirsək deyə bilərik ki, bu güllə icra başçısının timsalında hakimiyyətə atılıb. Ona görə yox ki, Elmar Vəliyev hakimiyyətin məmuru idi, həm də ona görə ki, o bu iqtidarın simvollaşmış kadrlarından biri, mahiyyəti idi…

Yeri gəlmişkən qeyd edək ki, “güllələnmə olayı” və Elmar Vəliyevin timsalında hakimiyyətə ünvanlanan ittiham dolu bəzi çıxışların youtube.com- da və sosial şəbəklələrdə baxış sayı 100 minləri keçir. Elə video çıxışlar var ki, izləyici sayı yarım milyondan artıqdır. Bütün bunlar xalqın hakimiyyətə münasibətinin həm də göstəricisi hesab oluna bilər.

Hakimiyyət Elmar Vəliyevin güllələnməsi və ona atəş açan Yunis Səfərovun bu hərəkətinin insanlar tərəfindən maraq və rəgbətlə qarşılanmasından böyük zərbə aldı və narahatdır. Əslində Yunisin bu hərəkəti sui- qəsddir, cinayət hadisəsidir. Məqsəd nə olursa olsun normal halda qəbuledilməzdir. Heç bir problem zor gücünə, silah yolu ilə həll olunamamlıdır. Amma görün vəziyyət hansı həddə gəlib çıxıb ki, vətəndaş günün günorta çağında ölkənin ikinci böyük şəhərində dövlət başçısının ən səlahiyyətli nümayəndəsini güllə- boran edir. Və insanlar bu hadisəni pisləmək əvəzinə, atəş açan şəxsi qəhrəman elan edir. Onun şəninə şerlər qoşur, xoş fikirlər səsləndirir. İcra başçısını isə sərt tənqid və ittiham edir…

Böyük zərbə aldığının fərqində olan hakimiyyət vəziyyətdən çıxış yolunu yenə repressiyalarda, həbslərdə görür. İlk olaraq AXCP üzvlərini, jurnalist Əfqan Sadıqovu və dindarları həbs edir. Daha sonra 10 iyula Gəncəyə təyin olunan mitinqin təşkilatçılarından olan, hazırda Kanadada yaşayan mühacir Sahib Teymurovun bacısı oğlu Arzu Mehdiyevi külli miqdarda narkotika ittihamı ilə həbs edir. Son 1- 2 gündə isə 20- dən çox çox şəxs həbs edilib. Baş prokurorluğun məlumatına görə isə (http://genprosecutor.gov.az/…/azerbaycan-respublikasi-bas-p…) “sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı” bu gün Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanmışdır. Eyni zamanda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi açılmış,“Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının rəhbərləri prokurorluğa aparılaraq (!?) həmin saytların bloklanması ilə bağlı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib.

Hakimiyyət bu addımı ilə Gəncədə qisasçılıq zəminində baş vermiş kriminal bir hadisəni “terror”, “hakimiyyətin zoral ələ keçirilməsi”, “dövlət elyhinə addım” kimi dəyərləndirərək çox saylı həbslərə başlayıb. Məqsəd birdir; insanların gözünü qorxutmaq və önləyici tədbirlər görmək. Amma fərqində deyillər ki, qorxunun əcələ faydası olmadığı kimi ac, ümidsiz, qəzəbli və itirməyə bir şeyi qalmayan insanların qorxacağı bir məsələ də qalmır.

Digər tərəfdən insanlarla hədə- qorxu dilində danışmaq, repressiyalara əl atmaq problemin həlli yolu deyil. Mətbuat, sosial şəbəkələr, dürüst insanlar cəmiyyətin aynasıdır, mənəvi parçasıdır. Hakimiyyət nöqsanları öz davranışında, insanlara yönəlik münasibətində, vəzifəyə təyin etdiyi məmurlarda axtarmalıdır. Aynanın sındırmağa cəhd etmək problemlərin həlli yolu deyil…

Oktay Gülalıyev