Oğlumun adını Barış qoymuşam. Yəni Amerika Rusiya ilə barışsın, Şərq Qərblə barışsın, xristianlar müsəlmanlarla barışsın, dindarlar ateistlərlə barışsın, şeytan mələklə, yer göylə, Ermənistan Azərbaycanla barışsın…

Anam isə deyir ki, guya mən birinci arvadımla (oğlum ikinci ailədən doğulan uşaqdır) barışmaq istəyirəm, ona görə də uşağın adını Barış qoymuşam. Mən yazığı nə vaxt düzgün anlayıblar ki?!

Oğlum iki yaş beş aylıqdır. Özü də 14 fevralda – sevgililər günündə dünyaya gəlib. Qorxağın biridir. Onun nə qədər qorxaq olduğunu isə 26 iyunda – Ordu günündə anladım. Bir də gördüm “ata, ata” – deyib həyəcanla üstümə yüyürdü, özünü qucağıma atdı, sinəmi sanki, qapı kimi açıb özünü içəri soxdu. Sonra da dovşan gözləri ilə sinəmin pəncərəsindən göydə ürək şəkli çəkən qırıcılara tamaşa eləməyə başladı. Fikrim 26 il əvvələ – Xocalıda ölən körpələrin yanına getdi. Mən Xocalı faciəsinin mahiyyətini heç vaxt bu qədər dəqiqliyi ilə dərk eləməmişdim. İlahi, görəsən, orda da uşaqlar güllə səsindən qorxublarmı, atasının üstünə belə qaçıblarmı? İlahi, görəsən, bəs o ata özü kimin üstünə qaçıb, kimdən kömək istəyib? O atanın dövləti vardımı, Prezidenti vardımı, naziri vardımı? Bir anlıq təsəvvür elədim ki, ata qaçır, bala da arxasınca ağlaya-ağlaya yüyürür.

Oğlum bərk-bərk qucaqlayıb bağrıma basdım və başımı yuxarı qaldırdım. Çoxdandı göyə baxmırdım. Qayğılar, problemlər, kreditlər, əl borclarım başımı necə qatıbsa, göy yadımdan çıxmışdı, göyü unutmuşdum. Xəzər dənizinin səmasında rəqs eləyən qırıcıları görəndə isə qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim. İnanın, bu qədər vətənpərvər olduğumu bilmirdim. Sən demə, mən özümü tanımırammış. Bir anlıq təsəvvür etdim ki, bu qırıcılar Xankəndi səmasında at oynadır. Bir anlıq təsəvvür etdim ki, bu möhtəşəm ordu bir əmrlə üzünü Qarabağa çevirdi. Bir anlıq təsəvvür etdim ki, iki yaşlı bir düşmən uşağı atasının üstünə yüyürür, bizim əsgərsə nə o uşağa dəyir, nə də atasına, sadəcə, ikisinə də deyir ki, gedin, gedin öz yurdunuza, gedin, gedin öz torpağınıza, əl çəkin bizdən, bəsdirin, bu saat sizi də öldürəcəm, özümü də!

Oğlum sevgi dolu bir uşaqdır. Tərs kimi güllə də həmişə sevgi axtarır. Hansı başda sevgi varsa, güllə o başa dəyir, hansı ürəkdə sevgi varsa, güllə o ürəyə dəyir. Sevgisiz başdan, sevgisiz ürəkdən güllə də yan keçir. Keçmiş Müdafiə naziri Rəhim Qazıyev bir dəfə o güllədən birini öz başına vurmaq istədi, güllə o başı bəyənmədi. Çünki başda sevgi yox idi. Amma həmişə bir narahatlıq hissi keçirmişəm ki, hansısa əclaf bir güllə gəlib mənim oğlumu da tapacaq. Sosial şəbəkələrdə bir foto var, şəhid atası girib qəbrin içində balasını qucaqlayıb. Dəhşətdir, əzab adama necə ideyalar verir.

Hərdən oğluma əsgər paltarı geyindirirəm, evdə gəzir, kövrəlirəm. İstəyirəm deyəm ki, Barış, əyil, əyil, keç divanın arxasına, o biri otağa qaç, divarın dalından çəkilmə. Tez paltarı onun əynindən çıxarıram ki, birdən hardansa bir güllə gəlib oğlumu tapar. Amma öz aramızdır, hərbi forma necə möhtəşəmdir, necə əzəmətlidir, elə deyilmi? O formanı ən qorxaq adam belə geyinsə, cəsur görünür, igid görünür. Necə ki, mənim kimi qorxaq adam da şahə qalxan qırıcıları görəndə dəli oldu, “Fəryad” filminin baş qəhrəmanı Ceyhun Mirzəyev kimi əlinə bir milçəköldürən alıb Şuşaya, Laçına, Kəlbəcərə qaçmaq istədi. Amma bir az keçdi, özüm öz qulağıma pıçıldadım: “Özünə gəl, oğlum, özünə gəl, sən özbaşına deyilsən”.

Təbii, özümə gəldim və Bakının ürəyinin başında ordumuzun paradını görəndə isə heç olmasa, əyilmiş qəddimi düzəltdim, əlimi çənəmə dayayıb xeyli düşündüm ki, Xocalıda atasının üstünə yüyürən bir uşağı təsəvvür edib və belə bir orduya baxanda necə eləmək olar ki, gözlərin yaşarmasın? Bəlkə də bu paradda addımlayan əsgərlərin içində gəzdirdikləri o uşağın ruhudur, bəlkə bu əsgərlər ona görə bu qədər əzəmətlidir, bəlkə ona görə addımlarını bu qədər qəzəblə atırlar, ona görə əsəbidirlər, ona görə hirslidirlər… Amma səbirli ol, gözəl ordum. Sən 26 iyunda hamımızın gözlərini yaşartdın; iqtidarın da, müxalifətin də, ziyalının da, nadanın da, halalın da, haramın da… Amma mən barış istəyirəm. İstəyirəm ki, sənin güllənə ehtiyac olmasın, istəyirəm ki, sənin bombalarına, topuna, tankına, ən müasir silahlarına ehtiyac olmasın. İstəyirəm ki, Amerika Rusiya ilə barışsın, Şərq Qərblə barışsın, xristianlar müsəlmanlarla barışsın, dindarlar ateistlərlə barışsın, yer göylə barışsın, Ermənistan Azərbaycanla barışsın… Və qırıcıların Bakı səmasında göy qurşağı kimi görünsün, körpələrin üzü gülsün.