Azərbaycan lideri parada qədər dəfələrlə Ermənistana xəbərdarlıq edib və ərazi bütövlüyümüzün bərpasına nail olacağını bəyan edib.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimindəki nitqini şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Azərbaycan diplomatiyasının təməlinin arxasında güclü hərbi texniki potensialın olması Bakının Qarabağ probleminə çox düşünülmüş və ağıllı bir tərzdə yanaşdığını ortaya qoyur:

“Biz bir daha böyük hərbi quruculuq proqramının zəfərinin şahid olduq. Azərbaycan Ordusunun texnoloji təchizatı çox yüksək səviyyədədir. Bunu paradda iştirak etmiş digər dövlətlərin hərbi attaşe və mütəxəssisləri də öz gözləri ilə gördülər. Azərbaycan güclü tərəf olaraq Ermənistana şans verir ki, İrəvan bu ağrılı və təhlükəli yoldan dönüb, aydın bir qərara gəlsin və Bakı ilə dialoqu bərpa etsin. Prezidentin nitqindəki tezislər çox güclü arqumentlərdən ibarətdir. Azərbaycan Ermənistan kimi ancaq hədə və ibarələrlə kiməsə təsir göstərməyə cəhd etmir, sözünü konkret deməklə bütün qüdrətini və imkanlarını ortaya qoyur. Bakı bununla da açıq şəkildə sülh variantına alternativlərdən istifadə hüququnun yalnız onun əlində olduğunu bildirir. Prezidentin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin hələ də qüvvədə olmasını dilə gətirməsi o deməkdir ki, əgər Ermənistan xoşluqla yola gəlməsə, Azərbaycan öz gücü ilə onları konsensusa gətirməli olacaq. Bu baxımdan da Cənubi Qafqazdakı mövcud siyasi və hərbi vəziyyət Azərbaycanı qətiyyən qane etmir. Ona görə də Bakı xəbərdarlıq edərək bütün gücünü və imkanlarını diqqətə çatdırır”.

Politoloq Ermənistanın reallıqları düzgün anlaya bilmədiyini qeyd edib:

“Əgər Ermənistanın siyasi rəhbərliyi bu ilin sonuna qədər əsas məsələnin ətrafında düzgün qərar qəbul edə bilməsə, onda Azərbaycan öz imkanlarını işə salacaq. Təbii ki, bu da İrəvanın xeyrinə olmayacaq. Çünki biz bunun nümunəsini 2016-cı ilin aprelində görmüşük. Dördgünlük müharibədən sonra Ermənistan uzun müddət özünə gələ bilmədi və bu, təsadüfi deyildi. Bu ssenari yenidən təkrarlansa, Ermənistanın nəinki itkiləri böyük olacaq, vaxtında konsensusa gəlmədiyi üçün böyük peşmançılıq yaşayacaq”.

Müstəqil.Az