Biz Assambleyanı, təşkilatın rəhbərliyini AŞPA-nın qəbul etdiyi 1416 saylı və Sərsəng su anbarı ilə bağlı qətnamənin, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmələri üçün Ermənistanın yeni rəhbərliyinə çağırış etməyə səsləyirik.

Müstəqil.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva AŞPA-da azad müzakirələr zamanı deyib. O, AŞ, AŞPA rəhbərlərini Azərbaycan torpaqlarını azad etmək üçün Ermənistana təzyiq etməyə çağırıb:

“Ermənistan AŞPA-nın çağırışlarına məhəl qoymayaraq, qanunsuz şəkildə girov saxladığı və işgəncə verdiyi Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmir. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bu qanunsuz əməlləri davam etdirməməyə və azərbaycanlı girovları azad etməyə çağırmalıdır”.

Deputat bildirib ki, Ermənistan Suriyadan gələn ermənilərin işğal edilən Azərbaycan torpaqlarına köçürülməsi kimi qeyri-qanuni, gərginliyi artıran əməlləri davam etdirməməlidir:

“AŞPA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və qəbul etdiyi qərarların yerinə yetirilməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitlik və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları azad etməsindən keçir. Biz Assambleyamızı qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa və onların həyata keçməsi üçün ciddi addımlar atmağa çağırırıq. Ermənistan təmsilçilərinin fikirlərinə gəlincə, işğalçı bir ölkənin təmsilçilərinin burada bizə insan haqlarından danışması absurddur. Onların bu mövzuda danışmağa haqları yoxdur”.
Aygun Yusubova