Azadlıq bu deyil, rahatlıq bu deyil, müasirlik bu deyil. Siz ona görə geyiminiz üstündə adamlarla ağızlaşırsınız ki, sizin normal şəkildə fikrinizi bildirməyə dünyagörüşünüz, bazanız yoxdur. Elə buna görə qızın birçəyi çıxan kimi bir bəy namizədi tapıb ərə verirlər ki, qoy “gözü açılmasın”, qoy “şortik geyinməsin”, qoy adımızı batırmasın…

 Gözəl ziyalımız Mehriban Vəzir bir müddətdir “Cümhuriyyət qadınları” adı altında silsilə yazılar yazır. Xədicə xanım Əlibəyovadan, Mədinə xanım Qiyasbəylidən, Şəfiqə xanım Əfəndizadədən… yazır. Necə görkəmli, fədakar, uca xislətə sahib qadınlarımız olub, insanlara təhsil vermək, maarifləndirmək üçün hansı əzab-əziyyətləri çəkiblər. Bu millətin övladlarını bircə addım irəli aparmaq, aydınlığa çıxarmaq üçün hansı yollardan keçiblər, faciələrlə üzləşiblər. Bunun üçünmü?

Baxın, bəs bu günün gündəmi nədir, faciəsi nədir? Adam yazanda belə utanır, canı yanır… Bir qız metroda kiminləsə əlbəyaxa olur, hər şey qalır bir kənarda, onun şortiki müzakirəyə çıxarılır. 16 yaşlı qız – yolunu, gələcəyini müəyyən edəcək, hansı peşənin, sənətin sahibi olacağına qərar verəcək olan bir qız sevgilisi üçün son nitqini söyləyir, “ya səninəm, ya da qara torpağınam” deyib özünü öldürür.

Valideynlər, nə düşünürsünüz? Heçmi özünüzü günahlandırmırsınız? Xanımlar, qonşunuzun hansı toya nə geyindiyi, qızına neçə min manatlıq cehiz verdiyi, ona neçə minlik qır-qızıl gətirildiyi müzakirəsi bitəndə bir övladlarınızla da söhbət edin, onların hansı burulğanın içində, hansı uçurumun kənarında olduğundan xəbər tutun. Kişilər, başqasının qadınını, arvadını, bacısını “asıb-kəsməyi” bitirəndə evinizə gedin, evinizdəkilərin içinə boylanın. Evinizdə bir az da dünyanın, insanlığın hansı dəyərlər üzərində dayandığından danışın. Elmə, işığa yönəldin. Əlinizə bir kitab alıb oxuyun, ordan bir sitat gətirin, birlikdə müzakirə edin, övladınıza kitab bağışlayın. Heç birini edə bilməsəniz, sadəcə sevginizi bildirin, özünüzdən danışın, onları sevən, düşünən, qoruyan bir valideyn olduğunuzu hiss etdirin. Nə bilim axı… nə isə edin. Xilas edin övladlarınızı bu qaranlıqdan, xilas edin.

Sevinc FƏDAİ