Toxunmayın insana, insan özünü axtarır…
Saçında, başında, saqqalında, bığında, paltarında, paltarsızlığında axtarır insan özünü. Sözündə axtarır insan özünü.
Mahnısında, rəqsində, əxlaqında, əxlaqsızlığında axtarır.
Fəlsəfəsində, mədəniyyətin də, iqtisadiyyatında, bazarında axtarır insan özünü.
Varında, dövlətində, cəhənnəmində, cənnətində, axirətində axtarır insan özünü.
Elmində, cəhalətində və sairə küncündə -bucağında axtarır insan özünü.
Elə bilirsiniz özünü tapmaq asandı bu qədər qan, qırğın, ölüm, fəlakət və qəbahətin içində?! Toxunmayın insana,insan özünü axatarır.
Bütün zirvələrin o üzü enişdir. Toxunmayın insana, genişdir bu dar dünya onun axtarışlarına, özünü axtarır insan.
Hələ də anlamır ki, arxasındadır, bütün tapdıqları bir vaxt geridə qoyub gəldikləridir. Dünya kürə şəklindədir. Hər son bir başlanğıcdır. Əslində gedə-gedə geri qayıtdığını anlamır insan. Özünü axtara-axtara ilk siyasət kitabını yazmış, Habilə-Qabilə qayıdır insan. Bu Slavyanı farsına, ingilisi yahudisinə, türkü yunanına qarışan dünyada asan deyil özünü tapmaq. Məscidlərin cəhalətində, kilsələrin siyasətində, bu mulatlar, metislər səltənətində özünü axtarır insan.
Atomların, nüvələrin oyuncaq olduğu vaxtdan heyrəti öldü insanın. Heyrəti öldü, gözünün suyu qurudu və içməli su tükəndi…
Heyrət imiş,
insaf imış
mürvət imiş hər şeyin əzəli…
Özünü çox məzəli axtarır insan.
Daş dövrü… Dəmir dövrü… Sümür dövrü… Gəmir dövrü… indi də Axtarış dövrü…
Özünü axtarır insan daşın, dəmirin, kömürün içində
Təbiəti ayaqlayan meqapolislərdə, bu vəhşi mədəniyyətin zibilliyində… toxunmayın, özünü axtarır insan. Kosmosun tullantıları arasında. Öz içindən çıxıb, özündən çıxıb, hər yerdə özünü axtarır insan.
Qarışıb, hər şey bir-birinə qarışıb, daranacağı, durulacağı çağacan…özünü axtarır insan. Toxunmayın!!!
Xatirə RƏHİMBƏYLİ