İsrailin daxili kəşfiyyat xidməti üçün işləyən və Qəzza savaşı zamanı ələ keçirilən fələstinli 9 nömrəli agent edam olunub.

Müstəqil.Az xəbər verir ki, bu haqda ilk dəfə Yaxın Şərq üzrə fələstinli mütəxəssis Hüsam El-Decni “İsrailin 9 nömrəli fələstinli agentinin hekayəsi” adlı məqaləsində məlumat verib.

Qəzzadan olan Məhəmməd olduqca xarizmatik və informasiyalı olmaqla bərabər, zəngin bir ailədə doğulub. Liseyi bitirdikdən sonra Fələstində universitetin rabitə mühəndisliyi fakultəsinə daxil olub. Universiteti uğurla bitirən Məhəmməd daha sonra Avropada yaşayan əmisinin yanına gedib və kompüter mühəndisi olaraq işə başlayıb. İşləri sayəsində ABŞ vətəndaşı və internet mütəxəssisi olan Sara adlı qızla tanış olub. Sara olduqca gözəl, valehedici cazibəyə malik, bir qədər də Yaxın Şərq insanını xatırladan xanım imiş. Gənc qız zamanla Məhəmmədin ağlını, düşüncəsini və qəlbini fəth etməyə, daha sonra onu idarə etməyə başlayıb.

Mühəndislikdən agent olmağa doğru

Yeni il öncəsi Sara Məhəmmədə bu bayramı birlikdə qeyd etməyi təklif edir. Təklifdən utanan, nə cavab verəcəyini bilməyən Məhəmməd Saranın gözəlliyinə valeh olan biri kimi onun təklifinə qarşı gəlməyib. Evinə qayıdan Məhəmməd dinini, Fələstin məsələsini, adət-ənənə və aldığı tərbiyəni ağlına gətirərək, Saranın bu təklifindən vaz keçmək istəyib, ancaq şəhvət hissi və Saranın gözəlliyi səbəbindən razılaşmanı poza bilməyib. Yeni il günü Saranın mənzilinin qapısını döyərək evə daxil olub. Bütün gününü Sara ilə keçirən gənc mühəndis səhər saatlarında peşman olaraq evə qayıdır. Evə qayıtdıqdan sonra bu səhvə niyə yol verdiyi haqqında düşünməyə başlayır. Ancaq artıq gec idi. İsrail kəşfiyyatı onun gənc xanımla bayramı qeyd etməsindən tutmuş yataq otağına qədər hər şeyi gizli videolentə köçürmüşdü.

“Bizə işlə, yoxsa biabır olarsan”

Yeni il tətilindən iki gün sonra Hayim adlı bir şəxs Məhəmmədi axtararaq “Mən Saranın qohumuyam, kompüter şirkətinə rəhbərlik edirəm. Sizinlə səhər görüşmək istəyirəm” deyir.

Səhəri gün Məhəmmədlə Hayim arasında görüş baş tutur. Hayim Məhəmmədə təklif edir ki, İsrailin daxili kəşfiyyat servisinə yüksək əməkhaqqı qarşılığında çalışsın. Məhəmməd qəzəb və təəccüb içində bu təklifi rədd edir. Hayim isə Məhəmmədə bildirir ki, Yeni İl gecəsi Sara ilı birlikdə olduğu zaman videogörüntülər çəkilib. Əgər kəşfiyyata işləməsəŞ bu görüntülər yayımlanacaq. Bu zaman Məhəmməd təklif haqqında düşünmək üçün bir qədər zaman istəyir. Bir müddətdən sonra təklifi qəbul edən Məhəmməd Sara ilə birlikdə İsrail səfirliyinə gedir. Görüşdə İsrail səfiri ilə yanaşı MOSSAD-ın yüksək çinli nümayəndəsi və İsraildən gələn “Şabak” rəsmisi də iştirak edir. Bu görüşdə Məhəmmədə kod adı olaraq “9 nömrə” qoyulur və onun Rafah sərhəd məntəqsindən Qəzzaya daxil olmasına qərar verilir.

İnternet üzərindən izləmə və 3 komandirin öldürülməsi 

9 nömrəli agent Qəzzaya daxil olduğu dövrdə HƏMAS və FƏTH hərəkatları arasında gərginlik müşahidə olunurmuş. Bu dövrdə keçirilən seçkilərdə HƏMAS qalib gəlmişdi. Agent isə İsrail səfirliyində ona verilən təlimata əsasən, fəaliyyət göstərməli idi. O, dərhal işə başlayaraq, müxtəlif mövzulardan bəhs edəcək bir gənclik platforması saytı qurur. Bu saytda ən ciddi məsələlər, xüsusilə silah istehsalı ilə bağlı mövzular önə çıxarıldı. Üstəlik bu sayta əlavə bir haker proqramı yerləşdirən agent beləcə sayta daxil olan bir çox müqavimət komandirləri haqqında informasiyalar əldə edir, daha sonra bu informasiyalar “Şabak”a ötürürdü. Bu fəaliyyətin nəticəsində Fələstin məsələsində dirəniş ortaya qoyan 3 komandir İsrail kəşfiyyatı tərəfindən öldürülür.

Agent şübhələrə səbəb olur və ifşa edilir

Ancaq qısa müddətdən sonra agent tələyə salınır. Qəzza savaşı başladığında Məhəmməd sayta “İsrail dronunu düşürmə kodunu” yayımlayır. Agentin bir sıra əhəmiyyətli mövzuları saytda yayması Fəlsətin mübarizə insanlarının şübhələrinə səbəb olur. Aparılan məxfi araşdırmaların nəticəsində agentin evinə hücum təşkil olunur və o, sağ şəkildə ələ keçir. Sorğu-sual zamanı Məhəmməd başına gələn bütün oyunları açıqlayır. Və etdiyi cinayəti etiraf edir. Onu Qəzza meydanında edam edirlər.

Məhz bu hadisədən sonra Fələstin dirəniş hərəkatının rəhbərləri anlayır ki, texnologiya iki tərəfli tələdir. Ona çox diqqətli yanaşmaq lazımdır. Çünki kəşfiyyat xidmətləri internet vasitəsi ilə izləmələr həyata keçirir. İnternet və texnologiya vasitəsilə gizli adları müəyyən edərək, aradan götürmək mümkündür.

Cavad