Az qala hər ayın 15 günü qadınların hüquqlarına, gender bərabərliyinə, əzilən, döyülən qadınlara həsr olunmuş tədbirlər keçirilir, müzakirələr aparılır. Yazıçılar, hüquq müdafiəçiləri, jurnalistlər, sənət adamları mətbuatda, sosial şəbəkələrdə bu məsələyə toxunur, narahatlıqlarını bildirirlər.

Ancaq getdikcə daha da əmin oluram ki, bizim cəmiyyətdə qadınların hüquqları həmişə tapdanacaq, gender bərabərliyi olmayacaq. Çünki Azərbaycan qadını bunu istəyir. Üç-beş, on, yüz, iki yüz qadının bu yolda çabalaması, bar-bar bağırması, özünü fəda etməsi bəs deyil, bu, heç nəyi dəyişdirmir. Bu, o demək deyil ki, bütün qadınlar azadlıq istəyir, bərabərlik istəyir.

Qadınların nə istədiyini bilmək üçün böyük zallarda toplaşıb konfrans keçirmək, masa arxasına keçib tanıdığımız-bildiyimiz qadınlarla söhbət aparmaq, ekranın o üzündəki bəzəkli-düzəkli qadınların dərin elmi-fəlsəfi fikirlərini dinləmək də bəs eləmir.

Qadınlarımızın istəyi, içi bu situasiyalarda açılmır.

Son vaxtlar ayıb da olsa, ictimai nəqliyyatda az qala gözümü zilləyib qadınların davranışlarını izləyirəm. Başa düşməyə çalışıram ki, onlar nə istəyir, onlar necə olmaq, necə yaşamaq istəyir, onlara nə lazımdır?

Başa düşməyə çalışıram ki, onların hüquqları uğrunda mübarizə aparılarkən niyə o, metroda qatar dayanan kimi qaça-qaça gəlib bir gəncin başının üstündə dayanır, bütün üz cizgiləriylə gəncin ona yer verməyə borclu olduğunu ifadə etməyə çalışır. Çantasını gəncin dizinə vurur, görür ki, ayağa qalxmır, ufuldayır, fısıldayır. Var gücüylə hikkəsini bildirir. Əsəbi soyumur, o gənci yetişdirən, ona tərbiyə verən ananı, qadını, həmcinsini söyməyə başlayır.

Bəli, hüquqları uğrunda mübarizə aparılan bu qadın metroda, avtobusda yapışdığı tutacaqdan başqa bir qadın tutarkən əli onun əlinə dəyərsə, həngamə qopardır, davaya qalxır. Kişilər onlara “ayıbdır, abrınız-həyanız olsun” deyir. Onlar isə səslərini daha da ucaldır.

Bu qadın avtobusla getdiyi yarım saatlıq yolda özünü saxlaya bilməyib türk serialını qoyur qabağına, tum çırtlayır. Nə ətrafındakı adamları düşünür, nə özünü: çırt ha çırt, çırt ha çırt… Bax bu səs mənə deyir ki, bu qadın, bu qadınlar azadlıq yox, sərbəstlik istəyir. Deyir, əlimə-ayağıma dolaşan olmasın, istədiyimi edim. Serialıma baxım, tumumu çırtlayım, qeybətimi edim…

Ona görə də onun “azadlıq” anlayışının mənasını dərk eləmir. Onun əri bir az yumşalan kimi tez qaçıb saçını saraldır, ətəyini qısaldır, şalvarını daraldır, özünə Feysbuk hesabı açır. Hər gün gedib yeni bir şey alır, aldıqlarının şəklini çəkib sosial şəbəkələrdə paylaşır, rəfiqələrinə, qonşularına acıq verir. “Bax səndə yoxdu, məndə var” deyir. Toyda-düyündə də oturub, “ərim mənə hər şeyə icazə verir, mən azadam” deyir. Azad?! Saç saraltmaq azadlıqdır?!

Vaxt keçir, vədə ötüşür, ərin üzü çönüb onu söyəndə, döyəndə o, hara üz tutacağını, kimə müraciət edəcəyini bilmir. Nəinki tum, özünə bir qarın çörək almaq üçün əldən-ayaqdan düşür. Adına yüz söz çıxır. Hə, hüquqları tapdanır, amma onun bundan yenə xəbəri olmur. O, taleyini, qismətini lənətləyir. Halbuki, ərinin üzünün xoş vaxtında avtobusda əlinə planşet alıb türk serialına baxınca bir kitab oxuyardı, bir məlumat əldə edərdi. Hər gün qaçıb bir paltar alınca cəmiyyətə qarışardı, təhsil alardı, dünyadan xəbəri olardı. Bu gün də ayaqlarının üstündə dayana bilərdi, onu o qapıdan-bu qapıya qovmazdılar.

Mətləb bundan ibarətdir. Yoxsa başlamışıq ki, qadınlar, azadlıq nə bilim nə! Əvvəlcə onlara avtobusda tum çırtlamağı tərgidək, sonra toplantı, konfrans keçirək…

Sevinc Fədai