Salam SARVAN

QAÇQINKOM.COM

(Camaata satlıq pişiyini sırımaq istəyirsənsə, əvvəlcə ona havayı siçan ver).

Murovdağda satılan topaqlar deyirdi ki, torpaq – əgər uğrunda ölən varsa vətəndir… Sulutəpədə satılan torpaqlar deyirdi ki, torpaq – əgər üstündə yaşayan varsa vətəndir...

İmişlidə məskunlaşan qaçqın Arus deyinirdi:
– Bu hökumət mənim nəyimdən gördü belə? Başqalarını ağ çadıra, qızılı çadıra ötürdü, məni qara çadıra.

Bakıda məskunlaşan Qaçqın Nəbi ölüm ayağında Minsk Qrupuna məktub yazırdı ki, onu öz torpaqlarına qaytarsınlar, çün oralarda qəbir yeri pulsuzdu…

O vaxt Azərbaycanda Sevinc də vardı, Bəxt də, Ümid də – hamısı da loto şəklində: Sevincloto, Bəxtloto, Ümidloto…

Qiymətli Kağızlar Komitəsinin vəzifədən çıxarılandan sonra müflisləşmiş məmuru ah çəkirdi:
– Hər bir kəsin həyatında elə bir an gəlir ki, onunçün bütün kağızlar qiymətli olur – hətta tualet salfetkası da.

Atası deyirdi:
– Xalqımız milyonçu xalqdı, bir milyona yaxın qaçqınımız var e…
Atalar deyirdi:
– (Mətnin bu yerinə bir milyona yaxın atalar sözümüz əlavə olunur).

Qaçqın Nəbi ermənilərin zəbt elədiyi evinin və həyətyanı torpağının əvəzində Əlisəmid Kürün Bakıdakı üçotaqlı evini və Biləcəridə yarım hektar torpaq zəbt eləmişdi. Mən görməmişəm, amma deyilənə görə, Əlisəmidin evinin pəncərəsi dənizə baxırmış – statusu hələ də müəyyən olunmamış Xəzər dənizinə.

Sulutəpədəki iki-üç mərtəbəli villalara çadırdan baxıb əsəbləşməkdə Arus haqlıydımı?

Haqlıydı. Çün o villaları elə tikirdilər ki, onlar öz görünüşüylə qara camaatın üzünə irişirdi, qəh-qəhə çəkirdi, ələ salırdı camaatı. Hərçənd o villaların proyektini elə vermək olardı ki, bir az qaşqabaqlı, bir az fağır görünsünlər və kasıb-kusubun sifətinə hırıldamasınlar, mərmər dişlərini ağartmasınlar.
– İnsafsızdılar: payımızı basıb yedikləri azmış kimi, üstəlik bizdən yediklərini qaytarıb üstümüzə qusurlar da… – Arus deyirdi.

Haqsızıydı. Çün onun öz kəndində də evlərin hamısı bünövrədən ikimərtəbə qalxırdı. Baxmayaraq ki, ikinci mərtəbəni başa gətirməyə nə ömürləri çatırdı, nə də pulları: təki bayırdan baxanda hündür görünsün.

Elə “Böyük Turan”, “Vahid Azərbaycan” quruculuğuna da çatışmayan bu beş-altı kub taxta, beş-altı min də çiy kərpic olub həmişə.

Qaçqın Nəbi doğma torpaqlarda qoyun otardığı vaxtların birində əlini gözünün üstünə qoyub dağ başından bircə dəfə bu dünyaya baxmışdı və demişdi:
– Busan da, dünya… Demokratik Amerikasan, Qardaş Türkiyəsən, Qonşu Rusiyasan, Avropasan, Avropa Şurasısan-nəsən, axır ki busan da. Beş-altı hektar otlaqsan, beş-altı yüz qoyunsan, beş-altı dənə də itsən… Busan da…

Nəbi xoşbaxt adam idi, onun ölümü üçün şərəfli səbəb bəri başdan hazır idi – qəzetlər yazacaqdı ki, kişi torpaq xiffətindən öldü. Hə də, onda yalnız əcəldən ölmək SPİDdən ölmək kimi ayıb bir şey idi. Gərək ortada milli və ya buna bənzər səbəb olaydı – dəb beləydi.

Onda mən də xoşbəxt idim – eşidəndə ki, hansısa dünya mətbuatı bizi ilin xalqı elan eləyib. Ta o dünya mətbuatının əslində bizə sataşması çatmamışdı mənə: “ilin xalqı” olmaq o deməkdi ki, siz heç vaxt tarixin xalqı olmamısız. Amma olmuşuq axı!

Allah da qəribə davrandı elə: Himn verdi, Səs vermədi – oxuya bilmiədik…

Ancaq yaza bilirik. Az.Tv-nin həyətindəki 5-6 ağacın arasında kamera qarşısında fikirli-fikirli gəzən şairlərimizə bax: adətən, bu vəziyyətdə onların hamısı ağacdan mütləq bir dənə yarpaq dərməlidirlər. Şuşa barədə kitab-kitab şer yazan bu vətənbaz şairlərə məsələn, Culfanın işğal olunması qəti sərf eləməzdi, çün Culfanın qafiyəsi çox azdı.

Canın sağ olsun, əşi, şair olan həm də yeyər. İndi noolsun ki, şöhrətdən də gözümüz doymur, üstəlik o şöhrətin ordenini də istəməyə başlayırıq.

Qaçqın Nəbi doğma torpağda təkcə ev-eşiyini yox, ahıl vaxtında gözaltı elədiyi molla Xanımı da qoyub gəlmişdi. Nəbi ələmgəzdirən idi və bu hesabla onların ikisi də Allahın yerdəki dəftərxanasının işçiləriydilər.

Heyif ki, molla Xanım salavatın birinin bir manata qalxdığı indiki yas məclislərini, bir də demokratiya carçılarının ali məclislərinin toplantılarını görmədi. Artıq seçki qutuları da şəffafdı, bir azdan nəzir qutuları da şəffaf olacaq. Qalan şeylərsə təsadüfdü: məsələn, həm dollara, həm də Səməd Vurğun küçəsindəki məscidə “GÖY” deyilməsi də təsadüfdü…

Vaxt gələcək Qaçqın Nəbi də ölüb gedəcək bu dünyadan… Yox, Nəbi dünyadan getməyəcək, o yazıq dünyanı görməyib axı. Dünyadan gedən, məsələn, dünyanı qarış-qarış gəzmiş Çingiz Abdullayev olacaq. Bunu pis mənada demədim, Allah Çingiz müəllimə uzun ömür versin.

Həə, Qaçqın Nəbini də başdaşılar boy sırasıynan düzülmüş qəbiristanlıqların birində basdıracaqlar, bir başdaşı qoyacaqlar və o daşın hündürlüyü yanındakından mütləq iki santimetr hündür olacaq. Heyif, molla Xanım camaata demədi ki, iri gözlər özlərini görməyə yox, görünməyə həsr eləyirlər.

Demədi ki, bu efirdə oxuyan kişinin əsl adı Təvəkküldürsə, niyə bağırır ki, “Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam…”

Qaçqınların bəziləri doğma torpaqlarda təkcə ev-eşiklərini, qoyun-quzularını yox, həm də kənddə illər uzunu qazandıqları adları qoyub gəlmişdilər. Oralarda Ələm Nəbinin “Ələm” adı, Sınıqçı Musanın “Sınıqçı” adı, Cahargah Arusun “Cahargah” adı qalmışdı. İndi hərəsi şəhərin bir tərəfinə dağılışmış bu adamları bakılılar “metirkadakı” kimi tanıyırdılar və bu hesabla onlar təzədən doğulmuş adamlar idilər…

Arus deyirdi:
– Kənddən çıxan böyük adamların adını verməyə kənddə nə küçə, nə yol, nə xəstəxana, nə teatr var. O adları şəhərdəki yerlərə verdilər.

Hərçənd Arusun özü hər il yanvarın 1-də yeyib-içib, yanvarın 20-də qaşqabağını sallayaraq, soyuqdan büzüşə-büzüşə bahalı qara mərmərlərin tamaşasına gedirdi. (Neyləsin, təqvimdə basabasdı da: günlər ya qırmızıdı, ya da qara, adisi yoxdu – hamısını qeyd eləyəsi olsan, gərək gündə bir cildə, bir ovqata düşəsən). Çün ora hər kəsin yaddaş yeridi, noolsun ki, 20 yanvar günü şəxsi evlərin divarlarına dəyən güllə yerlərinin birini də heç kəs saxlamadı. Hamı öz evindən o izləri sildi, yevroremont elədi.

Hərçənd Arusun özü də yanvarın 20-də qara kostyumlarını, qara köynəklərini, qara ayaqqabılarını geyib, qara kəmərlərini taxıb ekrana çıxan ziyalılara heyran-heyran baxırdı. Bizim ziyalıların, hər halda, hüznlü günlərdə “podsvet” geyim zövqlərinə söz ola bilməz.

Arus deyinirdi:
– Qar yoxdu ee, qar. Qar olsaydı, sürüşkənlik də olmazdı, fiqurlarımız fiqurlu konkisürənləri xatırlatmazdı. Qar lazımdı bizə. “Qaryaçi krov”lara bir az üşümək, bir az donmaq lazımdı. Buz lazımdı bizə, məsələn, bir əlacımız da xokkey meydançalarının salınmasındadı, “Azadlıq” meydanından bir şey çıxmadı.

Həə, “Azadlıq” meydanındakı gimnastikamızı isə heç unuda bilmirəm:
1-ci hərəkət: Əllərimiz yanda idi: “Fərəğət” komandasından sonrakı vəziyyətə oxşar görüntü, nizamilik görüntüsü, hazırlıq duruşu.
2-ci hərəkət: Sonra sağ əlimizi yuxarı qaldırdıq: düyünləşmiş yumruq və “Azadlıq” qışqırıqları.
3-cü hərəkət: Nemətin komandasıyla qalxdıq-oturduq, oturduq-qalxdıq…
4-cü hərəkət: Sonra hər iki əlimizi yuxarı qaldırdıq: təslimçilik.
5-ci hərəkət: Nəhayət, əllərimiz hər yerdən üzülmüş vəziyyətdə.

…Qaçqın Nəbisə öldü. Anonim bir ömür. Yəqin, yüz ildən sonra elm çaş-baş qalacaq. Ki, tarixdəki əsgər çəkməsi izlərinin yanındakı bu qəribə izlər kimə məxsusdu görən?

Qurtarıram… Axırda 60, 70 və 80 yaşları yüksək səviyyədə qeyd olunmuş sənətkarlarımızı təbrik eləyirəm. Bəli, bizdə sənətkarın dəyəri yalnız yuvarlaq rəqəmlərdə ifadə olunur. Biz xırdaçı deyilik, qalığı götürməyən xırdaçılıq bizlik deyil. Elə pulumuz da yalnız əlliliklərdən, yüzlüklərdən, ikiyüzlüklərdən ibarətdi.

Nəhayət, yubiley təbriki: Hörmətli Sənətkar, siz 50 il sənətdə can qoymuş, xalqa xidmət eləmisiniz. Sizin bir-birinin dalınca çıxan “Ən qədim Azərbaycan”, “Vahid Azərbaycan”, “Şimali Azərbaycan”, “Qarabağ”, “Kəlbəcər”, “Kərkicahan” kitablarınız var.
Düzdü, o kitablar dünyanın bir-neçə dilində çap olunmasa da, Azərbaycanın bir neçə əlifbasında dərc edilmişdir…