Mənim heç kimə zərbə vurmaq kimi bir məqsədim olmayıb.

Bu sözləri  tanınmış kinorejissor Ayaz Salayev deyib. O bildirib ki, burada öncədən planlaşdırılmış, sifarişli heç nə yoxdur:

“Mən bu məqaləni heç bir sifarişlə yazmamışam. Bu film 2015-ci ildə çıxdı. Nə üçünsə, fikirləşirdim ki, bu film ötən əsrin əvvəllərindəki musiqiçilər haqqındadır. Film tar çalan gürcü, kamança çalan erməni, azərbaycanlı xanəndədən bəhs edir. Onlar hamısı Avropaya gedir. Yəni məndə bu filmlə bağlı belə havadan fikir yaranmışdı və mən ona görə bu filmə baxmamışdım. Ancaq yarım il bundan qabaq “Qafqaz triosu” filmi rastıma çıxdı. Filmə baxanda dəhşətə gəldim. 3-4 ay olardı ki, bu filmlə bağlı tərəddüd edirdim: yazım, yoxsa yazmayım… Burada əsas mənbə mənəm. Tam məsuliyyətimlə deyirəm ki, bu, planlaşdırılmış, sifarişlə olan məsələ deyil. Yazmamaq sadəcə məni narahat edirdi. Bu məqaləni yazmaqla yalnız ürəyimi boşaltmışam”.

A.Salayevin sözlərinə görə, belə filmlər çəkən şəxslər elə düşünür ki, burada onlara qarşı çıxan adam tapılmayacaq:

“Təəssüf ki, bu adamlar bəzən haqlı çıxır. Çünki çox vaxt belə addım atanların əməlləri cavabsız qalır. Bu haqda düşünməliyik. Niyə görə bu belədir?! Niyə görə Rusiya tok-şou (Talk Show) kanallarında azərbaycanlılara qarşı səsləndirilən inanılmaz ittihamlar cavabsız qalmalıdır?! Onlar yanlış məlumatlarla cəmiyyətdə Azərbaycanı nüfuzdan salmağa çalışırlar. Onların “Bakıda yəhudiləri öldürürlər”, “rusları bıçaqlayırlar” şəklində fikirləri cavabsız qalır. Beləliklə də onlar artıq bu şəkildə təxribatlar cavabsız qalmasından arxayınlaşırlar. Hesab edirəm ki, heç nəyi cavabsız qoymaq olmaz. Bizdə informasiya müharibəsi ilə məşğul olan şəxslər var. Onlar bu cür böhtanları heç zaman cavabsız qoymur. Kino aləmində də bunu edən mən oldum”.

A.Salayev vurğulayıb ki, bu filmi müdafiə edənlər, mənim fikirlərimlə razılaşmayanlar da var: “Deməli, onları Azərbaycana qarşı böhtanlar, Azərbaycanın 20% torpağının işğal altında olması, 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi daha az narahat edir, nəinki İbrahimbəyovun xətrinə toxunmaq?!”

Qeyd edək ki, kinorejissor Ayaz Salayevin “Qafqaz triosu” (“Кавказское трио”) filmi ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış məqaləsindən sonra R.İbrahimbəyovun filmdə azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunması yenidən gündəmi zəbt edib.

Firuzə Vahidqızı