Bir neçə gün qabaq Millət Vəkili Qüdrət Həsənquliyev parlamentdəki çıxışında deputatların maaşının 8.000 AZN olmasının vacibliyindən bəhs etdi. Təklifini də onunla əsaslandırdı ki, deputatlar gərgin işlə məşğul olur, Parlamentdə oturub qanun qəbul edir, lahiyələr müzakirə edirlər.

Deputatın təklifi bir mənalı qarşılanmayıb. Sosial şəbəkələrdə Millət Vəkilini qınayanlar, seçicilərinin dolaşığının aşağa səviyyədə olmasından, əhalinin səfalət içərisində olan təbəqələrinin olmasından da bəhs olunub. Bir qrup vətəndaş isə müəllimlərin və hərbiçilərin, eləcə də digər sahələrin mütəxissilərinin maaşının artırılmasını daha vacib hesab edir. Hərbiçilər dövlətimizin sərhədlərini, bağımsızlığını qoruyur. Düşmənlə daima üz-üzə olan bu insanların həyatları təhlükə altındadır. Müəllimlər isə millətin savadlı yetişməsi üçün çalışır və bütün sahələrin adamları bilik və bacarıqlarına görə məhz müəllimə borcludur.

Müstəqil.Az ölkənin tanınmış qələm adamlarından, Sizcə müəllimin, hərbiçinin maaşı çox olmalıdır, yoxsa deputatın, – deyə sorğu keçirib.

Qazi jurnalist Rey Kərimoğlunun fikrincə deputata ümumiyyətlə  maaş düşmür :

“Əvvəlcə hərbçilərin maaşı, şəhid ailələrinin müavinəti, Qarabağ qazilərinin pensiya və müavinəti, müəllimlərin maaşı artırılmalıdır. Deputatlara, 6-7 nəfəri çıxmaq şərti ilə, ümumiyyətlə  maaş düşmür”.

 

 

Yazıçı – jurnalist  Pərviz Cəbrayıl Qüdrət Həsənquliyevi  dəstəklədiyini dedi:

“Azərbaycanda deputat daxil hər kəsə müəllim deyirlər. Hətta çoxları mənə də müəllim deyir. Ona görə də tam səmimi, Qüdrət bəyi dəstəkləyirəm. Qoy bütün müəllimlərin maaşı artsın”.

 

 

Yazıçı-j urnalist Xalid Kazımlı, ölkədə insanların qazancı lazımi səviyyədə olmadığını dedi:

“Bu, onu göstərir ki, bu ölkədə az qala hər kəs qazancının azlığından şikayətçidir. Gerçəkdən də bu ölkədə maaşlar da aşağıdır, yaşayış səviyyəsi də Avropa standartlarına uyğun deyil. Azərbaycan isə dünyada zəngin ölkə sayılır. Necə ola bilər ki, zəngin ölkədə insanların qazancı lazımi səviyyədə deyil. Bu baxımdan əslində hər kəsin maaşı, qazancı artmalı, Avropa səviyyəsinə yaxınlaşdırılmalıdır. Belə olsa, heç kəs “Avropada fəhlə 5 min avro qazanır”, “Deputat 10 min avro alır” deyə müqayisələr aparmayacaq. Hazırda isə hər kəs özünə xüsusi imtiyaz, xüsusi maaş tələb edir. Prinsip isə belə olmalıdr – qoy hamıya yaxşı olsun, biz də içində.”

Yazar Çinarə Ömray pulun əl çirki olmasını bir daha nəzərə çatdırdı və deputatın bu qədər çirki niyə istədiyini  dedi:

“Mənim fikirincə, atalar düz deyib, pul əl çirkidir. Ümumiyyətlə dövlətə deputatların hamısı pulsuz işləməlidir. Bu onların vətəndaşlıq borcudur.»

 

 

Telejurnalist Şöhrət Əli, Millət vəkilinin əmək haqqı yüksək olmalıdır(mı?)! – deyə sorğuya sualla cavab verib:

 

“Əgər millət vəkili Qüdrət Həsənquliyev və digərləri bunu tələb kimi deyirsə, onda “niyə” sualına cavab verməlidir. Məhz bahalı, brend markalardan kostyum alıb geyinmək üçün əmək haqlarının qalxmasını istəyirsə, səhv düşünür. Biz heç tək pencək ala bilmirik, guya orta təbəqənin nümayəndəsiyik. Kasıbın isə kostyum alıb geyinməsi nağıla çevrilib. Çörəyi borca alıb dəftərə yazdıran bir seçicinin deputatı 8 min manat əmək haqqı tələb edirsə, məncə o, utanmalıdır. Əlbəttə ki, seçici nə deməkdirsə, bilirlərsə, yəni seçici səsi ilə seçiliblərsə. Millət vəkilləri onlara verilən əmək haqqının miqdarını işdən qovulan və ya qovulmayan nazirlərin dövlətdən oğurladıqları milyardlarla müqayisə etməməlidirlər. Onlar qazandığı pulun miqdarını seçicinin hər gün səhərdən axşama qədər işləyib evinə, balalarına apardıqları ərzağın dəyəri ilə müqayisə etməlidirlər. Onda görəcəklər ki, hazırda aldıqları əmək haqqı da çoxdur.  O, ki qaldı müəllim və hərbiçilərin əmək haqqının artırılmasına. Bu fikrə böyüklərin dedikləri ilə cavab vermək istəyirəm. Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürkdən soruşurlar ki, parlamentdə millət vəkillərinin əmək haqları barədə müzakirə gedir, necə fikirləşirsiniz, millət vəkillərinin əmək haqqı nə qədər olsun. O, da cavab verir ki, elə edin ki, müəllimin əmək haqqından yuxarı olmasın.  Bundan artıq söz deməyə ehtiyac qalmır.

Hərbiçilərə gəldikdə. Yenə dünyagörmüş adamlar deyib ki, öz ordusunu yedizdirib, içizdirib, qayğısına qalmayan millət, bir gün başqa bir millətin ordusunu bəsləməyə məcbur olacaq. Təbii ki, müəllimində, hərbiçinində əmək haqlarının artmasının tərəfdarıyam.

Müstəqil.Az