Hər şey Anar müəllimin mənə etimadından başladı…

Zakir Həsənov demişdi ki, istəsəniz bir ay da qala bilərsiz…

Dedilər ki, bir qadın gəlib, Şəmistan Əlizamanlı ilə görüşmək istəyir. Şəmistan dedi, buraxın gəlsin. O vaxtlar belə şeylər tez-tez olurdu, valideynlər gəlib öz problemlərini deyirdilər. Qadının səs tonundan hiss etdim ki, vəziyyət yaxşı deyil. Şəmistan məni çağırdı ki, bu qadın oğlunun şəhid olmasında bizi ittiham edir.

Müstəqil.Az bildirir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində hərbi-vətənpərvər mahnıların, marşların məşhur müəllifi, şair Şahin Musaoğlu deyib. Müsahibəni təqdim edirik.

– Şahin bəy, ilin-günün bu vaxtında bizə də vaxt ayırdığınız üçün, bəri başdan təşəkkür edirik.

– O nə deməkdir? Borcumdur. Əslində, mən bu işlərə daha çox vaxt ayırmalıyam. Bilirsiz ki, həkiməm, xəstələrim gəlir, işimdən ayrıla bilmirəm. Təxminən 30 ildir ki, öz sənətimdən zövq alıram. Bir yanda da məsuliyyətli işdir. Xəstələr mənə güvənirlər. Bir dəfə yerimdə olmasam, onları qəbul etməsəm, mən tərəfdən qeyri-ciddi addım kimi qəbul edirlər. Heç kəsə də izah etmək olmur ki, əslində tədbirlərdə oluram, təcili işim cıxır. Ona görə əvvəldən növbə yazdırmıram. Axırıncı xəstəyə kimi müayinə edirəm.

– Yaradıcılığınızda nə yeniliklər var?

– Əgər yeni mahnılardan söhbət gedirsə, hazırda iki mahnı üzərində işləyirəm. Biri artıq hazırdır, səfərbərlik marşıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin sifarişidir. Bu mahnını Aprel çağırışı üçün sifariş etmişdilər. Mahnı üç variantda ifa olunub. Xorun, solistlərin və bu yaxınlarda 3 və 4-cü sinifdə oxuyan uşaqlardan ibarət “Patriot” qrupu yaratmışıq, onların ifasında. İkinci mahnı isə Xocalı faciəsinə həsrt etdiyim mahnımdır. Mahnı çoxdan yazılsa da, yeni nəfəsdə və iki variantda yazmışam. Biri klassik variantda, olacaq biri isə tam fərqli. İfaçıları demək istəmirəm ki, surpriz olsun. Mahnının bir variantı bizim aranjemançılar tərəfindən hazırlanır, ikinci variantı isə qardaş Türkiyənin arajemançıları tərəfindən hazırlanır.

– İfaçılar tanınmış müğənnilərdir?

– Bəli.

– Hardasa 10 ildən çox fasilə verdiz, mahnı yazmadız. Səbəb nə idi?

– Mən deməzdim ki, hansısa səbəbə görə yazmadım. O dönəmlər Müdafiə Nazirliyinin əməkdaşı idim, tez-tez cəbhə bölgələrinə gedirdim, əsgərlərlə görüşürdüm, o hisləri yaşayırdım, o duyğuların təsiri altında idim deyə, yaza da bilirdim. Sonra Nazirlikdən ayrıldım, sırf həkimlik fəaliyyətimə başladım və meydanı başqalarına buraxdım ki, məndən sonra gələnlər də var, qoy, onlar da yazsınlar. Yəni düşünürdüm ki, mən öz missiyamı yerinə yetirdim, artıq, həkimliyimlə məşğul olmalıyam. Hər iki halda da vətənə xidmət edirəm. Məqsəd bu idi.

Sonra hər şey Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimin mənə etimadından başladı. Məni Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik Komissiyasına rəhbər təyin etdi. Görüşümüz zamanı mənə inandığını dedi, mən də qəbul etdim. Düzdür, məvacibli bir iş deyil, vaxt, enerji aparan işdir, ancaq sevdiyim işdir. İctimaiyyət də məni hərbi-vətənpərvərlik mahnıları ilə tanıyır. Sevə-sevə razılaşdım. Bundan sonra ordu ilə daha çox təmasda olduq. Mən yenidən əvvəlki əhval-ruhiyyə ilə yazmağa başladım. Onu da qeyd edim ki, dediyiniz 10-15 il ərzində sadəcə, mahnı yazmamışam. Ancaq həm vətənpərvərlik mövzusunda, həm də başqa mövzularda şeirlər, esselər yazırdım. Hətta kitablarım çap olundu, köhnə mahnılara yenidən əl gəzdirdim. Yəni yaradıcılığa tam fasilə verməmişdim.

– Həmin fasilə dönəmində yəqin ki, izləyirdiz, sizdən sonra hərbi-vətənpərvərlik mövzusunda sizin qədər populyarlaşanlar oldumu?

– Yoxdur. Elə indi də yoxdur. Yaradıcılığını sırf bu mövzuya həsr edən bəstəkarlar yoxdur. Bəlkə də var, mən bilmirəm.

Dünən məni Speys TV kanalında yayımlanan Kamran Həsənlinin verilişinə dəvət etmişdilər. Başqa işlərim olduğuna görə, gedə bilmədim. Zəng etdilər və məni canlı yayımda efirə bağladılar. Kamran Həsənli də təxminən bu yöndə sual verdi ki, vətənpərvərlik mövzusunda yazılan mahnılar sizi qane edirmi, bu mövzuda yazan bəstəkarlar varmı? Mən telefonda bunu tam açıqlaya bilmədim. İndi açıqlayım. Demirəm ki, mən daha vətənpərvərəm, digər bəstəkarlar vətənini sevmirlər, xeyr. Bu, sırf sifarişlə bağlıdır. Həm daxili sifariş olmalıdır, həm də cəmiyyətin istəyi. Bir tərəfdən də bu mahnıların maliyyə məsələləri var. Bir mahnını ərsəyə gətirmək üçün, həm enerji gedir, həm də vaxt. Yəni o mahnı ictimaiyyətə təqdim olunana qədər müəyyən mərhələlərdən keçməlisən. Hər bir müğənni istəyər ki, onun repertuarında vətənpərvərlik mövzusunda heç olmasa, bir mahnı olsun. Eyni zamanda bəstəkarlar da. Ancaq bu, müğənni üçün də, bəstəkar üçün də çətindir. Çünki belə mahnıları kommersiya məqsəd ilə yazmaq olmaz. Hər bir xalqın vətənpərvər təbəqəsi var. Əgər bu təbəqə çoxluq təşkil edirsə, sifarişlər də olur. Belə olan halda, şair də, bəstəkar da bütün fikirlərini vətənpərvərlik mövzusuna yönəldə bilir.

Gördüz ki, “Qarabağ” futbol klubu bir qələbəsi ilə cəmiyyətdə necə ruh yüksəkliyi yaratdı. Onların himni ola-ola, insanlar məndən yeni himn yazmağı tələb edirdilər. Bu tələb hər zaman olmalıdır.

İndi aprel ayıdır. Aprelin ilk həftəsi bütün kanallar, saytlar mənə zəng edirlər. Aprel qələbəsi ilə bağlı fikirlərimi soruşurlar. Bir də 28 Mayda zəng edəcəklər, sonra 26 İyunda və s. Ancaq belə olmamalıdır. KİV bu mövzuları hər gün işləməlidir.

– Komissiyanızın neçə üzvü var və kimlərdir?

– Komissiyamızın təxminən 20-ə yaxın üzvü var. Üzvlər arasında Aqil Abbas, Orxan Fikrətoğlu kimi yazıçılarımız var. Eyni zamanda Rəşid Faxralı, Zəminə Xınalı, Qardaşxan Əziz də komissiyamızın üzvlərdir. Yəni kifayət qədər tanınmış yazarlarımız var ki, komissiyada fəaliyyət göstərirlər. Sadəcə, bizim hələ ki, yığışa biləcəyimiz bir məkanımız, iş otağımız yoxdur. Düzdür, “Natəvan Klubu”nda görüşlərimiz olur, ancaq tam tərkibdə fəaliyyət göstərməyimiz üçün, məkan mütləqdir.

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin Müdafiə Nazirliyi ilə birgə bağladığı memoranduma əsasən komissiyamızın üzvləri Zakir Ağdamlı və Şükür Şuşalı ilə birlikdə bir həftəlik cəbhə bölgəsinə ezam olunduq. Düz səngərə qədər getdik, əsgərlərlə, zabitlərlə görüşdük. Hətta qalmağımız üçün bizə ayrılmış yerdə yox, əsgərlərimizin xidməti, şəraiti ilə yaxından maraqlanmaq üçün, onlarla birlikdə kazarmada yatdıq. Müdafiə Naziri Zakir Həsənov demişdi ki, istəsəniz bir ay da qala bilərsiz. Bayramqabağı çox maraqlı görüşlər oldu. Aprel döyüşləri zamanı azad olunan, az qala hər qarışında şəhid qanı olan torpaqlarda olduq. Əsgərlərin ruh yüksəkliyini, onlara yaradılan şəraiti gördük, sözün əsl mənasında çox sevindik. Belə təsəvvür etmirdik. Düşmənlə 200-300 metr məsafədə yerləşən hərbi hissələrdə isti-soyuq su, qızdırıcı sistem var. Əsgərlər təlimdən, növbədən gələn kimi gedib yuyuna bilirlər. Mətbəxlərində də olduq. Səhər, gunorta axşam yeməyini də orda yedik. Çox keyfiyyətli idi. Nizam-intizamlı şərait yaradılıb.

– O zaman arxayın şəkildə oğlunuzu hərbi xidmətə yola sala bilərsiz.

– Oğlumun 19 yaşı var, tələbədir. Düşünürəm ki, mənim oğlum hökmən vətənə xidmət etməlidir. “İgid əsgər, möhkəm dayan” mahnısını yazan kişinin oğlu mütləq xidmət etməlidir. Eyni zamanda valideyn olduğum üçün, gələcəkdə əsgər olacaq oğlumun şəraiti, komandirlərinin, yoldaşlarının ona münasibəti də məni maraqlandırır. Biz övladlarımızı vətənpərvər ruhda böyütmüşük, o ruhu xidmət etdiyi dövrdə sındırmamalıdırlar. Biz övladlarımızı ürəklə yola salmalıyıq. Dövlətə necə vermişiksə, elə də geri almalıyıq. İndi müharibə şəraitində hər şey ola bilər, onları nəzərdə tutmuram. Şəhidlik də Allahın işidir. Bu mənada çox fəxr etdim ki, indiki rəhbərlik bu məsələlərə çox ciddi yanaşır.

– Qarabağ müharibəsi zamanı sizi cəbhəyə təyinatla göndərmişdilər, yoxsa, könüllü getmişdiz?

– O məsələləri sizə açıqlayım. Həmin ərəfələrdə Azərbaycan Ordusu hücumda idi. Təbii ki, hücum edən tərəf də daha çox itki verir. Xəstəxanalar, hospitallar yaralılarla dolu idi. Kadrlar çatışmırdı, səriştəsizlik, təcrübəsizlik var idi. Gördüm ki, valideynlər daha çox əziyyət çəkirlər. Gedirlər hərbi hissələrə, övladlarından xəbər tuta bilmirlər. Onlara heç bir məlumat verilmir ki, övladları hardadır, hansı xəstəxanada, hospitaldadır, yollarda qalırlar. Bütün bunları görəndən sonra 1992-ci ildə öz istəyimlə Müdafiə Nazirliyinə müraciət etdim. Təklif etdim ki, Nazirliyin nəzdində operativ qərargah yaradaq. Həmin qərargah ilk növbədə bütün yaralanan əsgərlərin hansı xəstəxanaya yerləşdirilməsi haqda məlumat versin. Əhali ilə sıx təmasda olaq və məlumat verək ki, filan əsgər hansı xəstəxanadadır. Sağ olsunlar, o zamanlar bu təklifimi qəbul etdilər, bu qərargahı yaratdım və rəisi oldum. Bütün xəstəxanalara dövlət səviyyəsində məktublar yazıldı. Artıq müxtəlif rayonların xəstəxanalarına yaralı əsgər gələn kimi, qaynar xəttimizə zəng edib məlumat verirdilər, biz də xəstənin adını, soyadını qeyd edirdik, əlimizdə siyahı olurdu ki, valideynləri istiqamətləndirək, gərginlik az da olsa, azalsın.

Sonra qərara gəldik ki, təkcə ad-soyadları yazmayaq, eyni zamanda diaqnozlarını da yazaq. Belə olan halda həm də hərbi-tibbi arxivi yaratmış olarıq. Həqiqətən də bu addım gələcəkdə hərbi-tibbi arxivin yaranmasının əsasını qoydu. Onsuz da hospitala gətirilən xəstələrin məlumatları qalır. Ancaq biz də özümüzdə qeyd edirdik ki, hansı əsgər hansı güllə yarası ilə, hansı dərəcəli yaralar ilə xəstəxanaya yerləşdirilib. Bu mənada xeyli işlər gördük. Daha sonra Müdafiə Nazirliyinin Sənədli Filmlər Kinotelestudiyası ilə əməkdaşlığım başladı. Artıq bu işdə püxtələşmişdim. O zamanlar studiyanın rəhbəri ilk hərbi operator, 20 Yanvar hadisələrini də lentə alan Seyidağa Mövsümlü idi. Onunla da tanış olduq. Təkliflərimizi hörmətlə qarşıladı. Və mən artıq, Sənədli Filmlər Kinotelestudiyasında tibb xətti ilə olan verilişlərin hazırlanmasında bilavasitə iştirak etməyə başladım. Sonra o zamanlar kinotelestudiyanın rəis müavini işləyən Şəmistan Əlizamanlı ilə münasibətimiz yarandı. Həmçinin “Azərbaycan ordusu” qəzetinə məqalələr verirdim. İndi bütün əsgərlərin cibində məlumat yazılan dəftərlər var. O dəftərlərdə ilkin tibbi yardımla da bağlı məlumatlar yazılıb. Ancaq o zamanlar belə şərait yox idi. Əsgərlərin maariflənməsi üçün, qəzet vasitəsi ilə məlumatları əsgərlərə çatdırırdıq.

– Siz cəbhəyə yollalandan sonra mahnı yazmağa başladınız, yoxsa, daha öncə vətənpərvəlik mövzusunda mahnılarınız vardı?

– “İgid əsgər, möhkəm dayan” mahnısını yazanda cəbhə bölgəsində deyildim. Yadınıza gəlirsə, 1-ci batalyon, Şıxov batalyonu deyilən özünümüdafiə dəstəsi var idi. Hansı ki, onlar hazırlıqsız kadrlar deyildilər, hamısı xüsusi təlim keçmiş əsgərlər idi. Mənim də bir dostum həmin batalyonda idi. Onlar Şəhidlər Xiyabanında and içib, cəbhəyə yollanacaqdılar. Yolasalma mərasimində mən də iştirak edirdim və “İgid əsgər, möhkəm dayan” mahnısını orda yazdım. İndi açıqlayım ki, musiqiyə gəlməyimə səbəb nə oldu. Deməli, mən əvvəlcə sözləri yazdım, ürəyimcə olmadı. Bir neçə dəfə dəyişikliklər etdim, yenə xoşuma gəlmədi. Sonra qərara gəldim ki, sırf özüm üçün, bu sözlərə mahnı bəstələyim. Əsas özümü razı salsın. Publika üçün yazmadım.

– Musiqi təhsiliniz var idimi?

– Tar sinfinə getmişdim, muğamları bilirdim. Evdə tarım, gitaram var idi. Həmin sözlərə öz ovqatıma uyğun mahnı bəstələdim və xoşuma da gəldi.

– Həmin ərəfələrdə kifayət qədər peşəkar bəstəkarlarımız var idi. Cavanşir Quliyevin “Əsgər marşı”nı çıxmaq şərtilə sizin mahnılar qədər seviləni, məşhurlaşanı olmadı. Səbəb nə idi? Yazırdılar bəyənilmirdi, yoxsa, ümumiyyətlə yazmırdılar?

– Mənə elə gəlir ki, heç kəs müharibənin bu qədər uzanacağını gözləmirdi. Hər kəs elə bilirdi ki, biz qələbə qazanacağıq, torpaqlarımızı alacağıq. Düşmənin gücünü ciddiyə almadıq. Ona görə, sənət adamları da yaradıcılıqlarını başqa istiqamətdə inkişaf etdirdilər. Hesab edirdilər ki, müharibə bitəcək.

Hərbi-vətənpərvərlik mövzusunda 1000-ə yaxın mahnı var. Niyə populyar olmamaqları isə başqa mövzudur. Hətta Yazıçılar Birliyində də bu mövzuda kifayət qədər şeirlərlə, poemalarla, romanlarla qarşılaşmışam. Bəlkə də zamanı gələndə üzə çıxacaqlar.

– Müharibə vaxtı yazdığınız mahnıların təsir gücünü nə dərəcədə hiss edirdiz?

– Düzünü desəm, müharibə ərəfəsində mahnılarımın gücünü hiss edə bilmədim. Sadəcə, ətrafımdakı insanlar dinlədilər, bəyəndilər. Mənə də bu lazım idi, bəlli insanların fikri. O təsiri bilirsiz nə zaman hiss etdim? Sənədli Filmlər Kinotelestudiyasında idik. Dedilər ki, bir qadın gəlib, Şəmistan Əlizamanlı ilə görüşmək istəyir. Şəmistan dedi ki, buraxın gəlsin. O vaxtlar belə şeylər tez-tez olurdu, valideynlər gəlib öz problemlərini deyirdilər. Qadının səs tonundan hiss etdim ki, vəziyyət yaxşı deyil. Şəmistan məni çağırdı ki, bu qadın oğlunun şəhid olmasında bizi günahkar bilir. Qadın işarət barmağı ilə məni göstərib dedi ki, ver mənim oğlumu, “İgid əsgər, möhkəm dayan” mahnısını sən yazmısan, oğlum gecə o mahnını televiziyada eşidəndən sonra cəbhəyə getdi və şəhid oldu, ver mənim oğlumu.

Mən onda anladım ki, hansı məsuliyyətin altındayam. Bax, onda hiss etdim, onda başa düşdüm ki, yazdığım mahnılar insanlara necə təsir edirmiş. Deməli, ehtiyatlı olmaq lazım idi. Çox ağır, çox çətin durum idi.

– Burda qəribə paradoks yaranır: siz gəncləri müharibəyə səsləyən mahnılar yazırsız, onlar bu mahnılardan ruhlanıb cəbhəyə yollanırlar və çox keçmir ki, üstünüzə ya şəhid kimi, ya da yaralı olaraq qayıdırlar. Nə hislər keçirirdiz?

– Təbii ki, müharibə qan-qadadır, ölüm isə labüddür. Burda heç kəs ölümdən sığortalanmayıb və heç kəs də bilmir ki, başına nələr gələcək. Mənim üçün ikiqat çətin idi. Çünki mən həm təşviqatçı, həm də həkim kimi fəaliyyət göstərirdim. Yaralıları, şəhidləri öz gözümlə görürdüm, bu da çox ağır proses idi. Ona görə, mənim üçün bu işin məsuliyyəti 10 qat artırdı.

Elə bir xalq, elə bir millət yoxdur ki, müharibələr onun qan yaddaşında, hərb tarixində silinməz izlər, yaralar buraxmasın. Ancaq bu müharibələrin nə qədər ədalətli, ədalətsiz, kimin qalib, kimin məğlub olmasına baxmayaraq, dərs çıxartmaq vacibdir. Ən önəmlisi də budur: müharibələrdən dərs çıxartmaq. Hansı ki, bu millətin hər bir fərdi mənsub olduğu ata-baba yurduna, soy kökünə, adət-ənənəsinə şərəflə sahiblənməlidir. Lap Qarabağ müharibəsi olmasaydı da, biz bu vətənpərvərliyi, bu ruhu öz övladlarımıza aşılamalı idik.

– Bu gün gənclərin vətənpərvərliyi sizi qane edirmi?

– Bu gün sözün əsl mənasında vətənpərvər gənclərimiz var. Onlar müəyyən yaşa qədər dəliqanlı olurlar. Yaş ötdükcə istiqamətlərini dəyişirlər, biri mühəndis olur, biri zabit, biri həkim və s. Ancaq bir yaşa qədər onlar hətta öz məhəllələrini də qoruyurlar. Dövlətimizin gənclərlə bağlı siyasətində də buna diqqət edilir. Məktəblərdə, universitetlərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışılmalıdır. Uşaqlar hərbi xidmətə könüllü yollanmalıdır. Dünyada ən şərəfli peşə zabitlikdir. Əsl zabitdə üstün keyfiyyətlər olmalıdır. Onlara öyrədirlər ki, sən məğrur, qorxmaz, qəhrəman olmalısan. Eyni zamanda bu keyfiyyətlərlə də ölməlisən. Dünyada heç bir peşə sahibinə bu cür yaşamağı və ölməyi öyrətmirlər. Heç kəsə demirlər ki, bu cür yaşa və bu cür də öl, ancaq zabitlərə deyirlər.

– Aprel ayının ilk günləridir, nə vaxtsa, Aprel şəhidlərinə mahnı həsr etmək arzunuz varmı?

– Aprel döyüşlərində cəmiyyətin orduya, ordunun da cəmiyyətə inamı artdı. Sanki bir dönüş nöqtəsi oldu. Ürəyimdən keçir. Bilirəm ki, nəsə yazmalıyam. Ancaq biz qarşımıza məqsəd qoymamalıyıq ki, bu hadisə olubsa, nəsə yazmalıyıq. Gərək bunun davamı gələ. Sözsüz ki, mahnı da yazılacaq. Ümumiyyətlə, hiss edirəm ki, mən bir gün qələbə haqda mahnı yazacağam.

– Xüsusi ifaçı varmı ki, mahnılarınızı onun ifasında eşitmək istəmisiz?

– Olub. Bəzən oxuyublar alınmayıb, bəzən oxumayıblar, düşünmüşəm ki, yaxşı ki, oxumayıblar.

– Sizin mahnılar sanki Şəmistan Əlizamanlı üçün yazılıb.

– Çünki mən elə Şəmistanın səsi üçün yazmışam. Musiqi sahəsinə ikimiz də təsadüfən gəlmişik.

Düzdür, Şəmistan İncəsənət Universitetini bitirib, müəyyən mənada sənətlə təmasda olan adam idi, mənim isə ilk gəlişim idi. Baxmayaraq ki, bu sənətdə ikimiz də professional deyildik, ancaq bizim istəyimiz, amalımız bizi birləşdirdi və ortaya nəsə qoya bildik. Bəlkə də biz professional olsaydıq, mahnılarımız bu qədər uğurlu olmazdı.

– Şəmistan bəylə işbirliyinə neçə müddətdir fasilə vermisiz?

– 1998-ci ildən bu yana heç bir işimiz olmayıb. Ancaq tədbirlərdə tez-tez görüşürük.

– Peşəkar bəstəkarların sizə münasibəti necədir?

– Bir dəfə böyük bəstəkarımız Arif Məlikov müayinə üçün yanıma gəlmişdi. Məni tanımırdı. Köməkçim məni ona bəstəkar kimi təqdim etdi. Mən etiraz etdim ki, bəstəkar deyiləm, sadəcə, həvəskaram. Arif müəllim dedi ki, bir mahnını denən, mən deyəcəm sən bəstəkarsan, yoxsa, yox. “İgid əsgər, möhkəm dayan” mahnısını deyən kimi, dedi ki, bəstəkarsan. Və əlavə etdi ki, bu işlər ürəyə bağlıdır.

Həm də ona görə xoşbəxtəm ki, o gün bir qadın dedi, sənin “Cənab leytenant” mahnına görə üç oğlumun üçü də leytenant oldu. Başqa bir hərbi hissədə zabitlərdən biri yaxınlaşdı ki, sizin mahnınıza görə, leytenant olmuşam. Belə yüzlərlə insanlar var. Bax, bu mənim üçün ən böyük mükafatdır.


Müəllif: Xəzər Süleymanlı