Aqşin Yenisey

Tanrı, ruh, bəsirət gözü, cənnət, cəhənnəm kimi anlayışlar min illərdir ki, insan düşüncəsində öz mistik aktuallığını qoruyub saxlayır. Ağılın zəhmətlə əldə olunduğunu, insan iradəsindən kənarda heç bir fövqəliradənin olmadığını, kainata, sadəcə, fiziki qanunların nəzarət etdiyini bilənlər onların varlığını inkar, insanın fövqəliradənin istəklərini yerinə yetirən sevimli qul olduğuna, taleyin əvvəlcədən yazıldığına, kainatın tanrı tərəfindən yönləndirildiyinə inananlar isə təsdiq edirlər. Metafizika varmı, varsa insan onu necə hiss edir, vicdan əxlaqınmı meyvəsidir, istedad, doğrudanmı, allah vergisidir, meditasiya yolu ilə insan məkanını və zamanını dəyişə bilərmi, ruhumuz kimə tabedir, bizə yoxsa, tanrıya və s. kimi mübahisəli suallara bu yazımızda elmin və dinin deyil, tibbin gözü ilə baxmağa çalışacağıq. Və bizə bu işdə türkcəyə çevrilmiş bir neçə dünya tibb uzmanının məqalələrindən seçdiyimiz cümlələr kömək edəcək.

Əvvəlcə bəsirət gözünün varlığından başlayaq, ona ruhun gözü də deyirlər. Çünki insan metafizik aləmi, deyilənə görə, bu gözlə “görür”. İnsanın bəsirət gözü varmı, varsa, harasında yerləşir? Qədim şumer dinlərindən tutmuş, qədim misirlilərə, hindlilərə, yunanlara, sonuncu ibrani dinlərinə qədər insanın beyin yarımkürələrinin tən ortasında noxuddan azca balaca bir orqanın varlığından xəbərdar idilər. Sonradan tibbin epifiz vəzi adlandıracağı bu orqanı qədim bilgələr bədən ilə ruh arasında əlaqə nöqtəsi kimi görürdülər. Ancaq “Qaranlıq Çağ”dan sonrakı dövrlərdə mistikanın hər növünü inkar edən rasionalizm Qərbdə diqqətini elmi axtarışlara yönəltdiyi üçün metafizikayla bağlı hər şey unuduldu. Və bu gün də çox az insan epifiz vəzinin nə olduğunu, insan orqanizmində nəyə yaradığını bilmir.

Epifiz vəzi beynin həndəsi olaraq tam ortasında yerləşir. “Pinecone “-” şam qozası”na oxşadığına görə ona latıncadan gələn “şam qozası” adı verilmişdir. Şam qozası rəmz olaraq qədim Şumer, Yunan və Roma atributlarına, Vatikandakı “Şam Qozası Çeşməsi”nə və Papanın əsasına qədər antik dünyanın hər yerində görünür.

İşığa qarşı həssas olan, yalnız qaranlıqda və gecə saatlarında aktivləşən epifiz vəzi ilə bağlı araşdırmaları üç böyük dövrə bölmək olar. Birinci dövr; eramızdan əvvəl 3-ci əsrə yaxın Yunan anatomiya mütəxəssisi Herofil tərəfindən vəzinin kəşf olunması ilə başlayır. Herofil bu vəziyə “fikir axınını tənzimləyən büzücü əzələ” adını vermişdi. Çox sonralar Dekart (1596-1650) epifiz vəzini “ruhun oturduğu yer və ya kreslo” adlandırmışdır. İkinci dövrdə; Rudolf Albert von Kölliker, məməlilərin epifiz vəzində sinir liflərinin varlığını müşahidə etmişdir (1850). 1886-cı ildə iki mikro anatomiya mütəxəssisi, H.U. De Qraf və Bolduin Spenser, ayrı-ayrılıqda epifiz vəzini, insan beynində tor qişa hüceyrələri olan zahiri gözlərin bütün mühüm xüsusiyyətlərinə malik olan, atrofiyaya uğramış (kiçilmiş, zəifləmiş) bir göz olduğunu kəşf etdi. Bu kəşf, təkamülçülərin, “sürünən babalarımızdan qalan, həyat qabiliyyətini itirmiş bir orqan” təsbitinə çox bənzəyirdi. Fransız filosofu Volter də epifiz vəzinin sirrini açmaq üçün bir sıra ekspertizalar aparıb. Üçüncü dövr son 50 ili əhatə edir. Ən əhəmiyyətli inkişaf Lerner və yoldaşlarının epifiz ekstraktlarında mövcud, amfibiyalara veriləndə dəri rənginin açılmasına səbəb olan potensial epifiz hormonunu əldə etmələri ilə başlamışdır. Lerner bu hormona “melatonin” adını vermişdir.

Xarici gözün əsas funksiyalarını beyində icra edən bu vəzi, yəni “üçüncü göz” heyvanlarda da vardır. Məsələn, Kaliforniya Universitetinin Hüceyrə və Neyrobiologiya Departamentinin rəhbəri Doktor Şeril Kraft kərtənkələnin dərisinin altında, kəllə sümüyünün içində işığa həssas “üçüncü göz”ün olduğunu aşkarlamışdır. Bu, insan beynində yerləşən, sümüklə örtüklü, hormon ifraz edən epifiz vəzi ilə təkamül baxımından eynidir. İnsan epifizinə işığın birbaşa giriş əngəllənib, ancaq kərtənkələnin “üçüncü gözündə” olduğu kimi insan epifizində də melatonin hormonu gecə artan bir templə ifraz olunur. Epifiz vəzi “zehnin gözüdür” və sürünənlərin epifizini araşdırarkən, eyni şəkil və toxuma ilə adi bir gözə çox bənzədiyi məlum olmuşdur. Eyni təcrübələr balıqlar, siçanlar və s. canlılar üzərində də “üçüncü gözün” olduğunu təsdiqləmişdir. Melatonin hormonu ifraz edərək orqanizmin bioloji saatını qoruyub ritmini tənzimləməklə əsas vəzifəsini yerinə yetirən epifiz vəzi həmçinin, “The Spirit Molecule”, yəni “Kabus Molekulu” DMT kimi tanınan bir kimyəvi maddə də ifraz edir. DMT-nin insan yuxuda olduqda, ruhani təcrübələr zamanı və ölüm ayağında ifraz olunduğu təsdiq olunmuşdur. DMT mədəyə daxil olduqda, bütün narkotik dərmanlardan daha güclü hallüsinogen təsiri yaradır. İnsanın bütün mənəvi təcrübələrinin yaranmasına səbəb olan molekul epifiz vəzindədir. Yəni bizim metafizika dediyimiz aləm, beynimizdə noxud boyda bir vəzinin ifrazı olan DMT adlı maddənin yaratdığı təəssüratdır. İlahi hadisə hesab etdiyimiz istedad, əslində, beynimizdə baş verən hormonal prosesin nəticəsidir. Onda sual yaranır, nə üçün hər kəs peyğəmbər və ya şair ola bilmir? Epifiz vəzi hər kəs də varsa, bəs bəsirət gözü niyə hər kəsdə açıq deyil?

Epifiz vəzi psixi və ruhani bir dəyər olaraq insanlara çox qədim zamanlardan məlum idi. Məsələn, qədim şamanlar, maqlar, sufilər ruhani əməliyyatlar zamanı epifiz vəzinin aktivləşdiyi qaranlıq hücrələri seçirdilər. Baxmaqla görməyin ayrı-ayrı şeylər olduğunu iddia edən sufilərin zikr etmək, aydınlanmaq üçün saatlarla, bəzən günlərlə dərin quyuların dibində oturması yayğın hal idi. Yoqaların meditasiya vaxtı gözlərini yumub özlərini zehni qaranlığa qərq etməsi də kainatı beyinlərindəki “üçüncü göz”lə görmək istəyinə işarədir. Çünki zahiri gözlərimiz kainatı yalnız üç ölçülü görə bilir, “üçüncü göz” isə kosmosu daha böyük ölçülərdə bizə göstərir. İsa Matta 6-22-də deyir: “Bədənin işığı gözdür. Gözün tək bir şeyə baxarsa, bütün bədənin aydınlanar”. Zaman-zaman elm adamları da “üçüncü göz”ün varlığına inanmışlar. Dekart hətta onu “ilahi mesajların alındığı yer” adlandırırdı. Mendeleyevin “Kimyəvi Elemetlərin Dövrü sistemi”ni yuxuda kəşf etməsi də epifiz vəzinin “xidmətidir”. Lunatiklər yuxulu halda evlərin damında da epifiz vəzinin, yəni “üçüncü gözün” köməkliyi ilə görürmüş kimi yeriyirlər. Çox güman anadangəlmə korlarda hissiyyatın güclü olması da əbədi qaranlığa qərq olmuş bu “üçüncü gözün” həmişə açıq olması ilə əlaqəlidir. Bundan başqa epifiz vəzisinin işini məhdudlaşdırmaq üçün dustağı uzun müddət gur işıq altında saxlayıb ona psixi işgəncə verilməsi də geniş tətbiq olunan istintaq cəzalarından biri kimi məşhurdur. Epifiz vəzisinə işarə edən əlamətlərə bir çox xalqların məişətində də rast gəlmək olur; Hind qadınlarının alnındakı xallar Hind mədəniyyətində ruhani oyaqlığın rəmzi kimi epifiz vəzinin əhəmiyyətini göstərmək üçün indi də qoyulur. Yaxud qədim Şərq nağıllarında nəhəng insanabənzər “Təpəgöz”ün qaranlıq mağarada yaşaması, bir gözü olmasına rəğmən, hər şeyi hətta yuxuda ikən hamıdan yaxşı görməsi də epifiz vəzinin obrazlaşdırılmış şəkli ola bilərdi.

Biz bütün bu hadisələri, adətən, metafizk aləmlə əlaqə kimi yozuruq, halbuki bizim tanrı, ruh, qarabsama, istedad, möcüzə dediyimiz hər şey, sadəcə, beynimizdəki bu noxud boyda vəzinin hormonal fəaliyyətindən ibarətdir. Epifiz vəzi, sanki, bioloji gözə görünməyən dünyalar üçün kiçik bir televizordur, metafizika dediyimiz hər şey bu televizorda gördüklərimizdir. Bu vəzi insanın 10 yaşına kimi inkişaf edir, sonra ağır metalların və flüor elementinin təsiri ilə korşalır. Çağaların yuxuda gülməsi (bəzən deyirlər ki, uşağı yuxuda şeytan güldürür), yaşlıların yuxusuzluqdan şikayətlənməsi də epifiz vəzinin inkişafı və süqutu ilə bağlıdır. 1990-cı illərdə epifiz vəzini, yəni insanın bəsirət gözünü ən çox kor edən şeyin sodium flüor olduğu aşkarlandı. Hətta o da istisna edilmədi ki, insanların bəsirət gözünü kor edib onların qeyri-adi hərəkət və istəklərini məhdudlaşdırmaq üçün ərzaq məhsullarında, içkilərin tərkibində, suda bilərəkdən bu elementdən istifadə edilir. Ən çox da diş məcunlarında istifadə olunan sodium flüor, eyni zamanda siçan ağusunun hazırlanmasında da vacib komponentdir. Yəni, müasir insanın bəsirət gözünün düşünülmüş bir şəkildə kor edildiyinə inananlar da az deyil. Qədimdə bu “gözə” süni müdaxilələr olmadığı üçün o insanların bəsirət gözünün hesabına yaratdığı sənət və memarlıq əsərləri bu gün də bizə möcüzə kimi görünür.

Epifiz vəzinin bioloji funksiyası olan melatonin (yuxu tənzimləyən hormon) DMT ifrazı pozulduqda psixi pozğunluqlar yaranır ki, bu da yaradıcı adamlarda qeyri-adi fikirlər, istəklər şəklində üzə çıxır. Biz belə adamlara dahi, onların yaratdığına allah vergisi deyirik. Çünki epifiz vəzinin fəaliyyətindən xəbərimiz yoxdur. Halbuki qeyri-adi dediyimiz hər şey bu vəzinin, yəni “üçüncü göz”ün açılmasından və kor olmasından asılıdır. Buna görə də, ədəbiyyat ona “kabus molekulu”, yaxud “ruhani molekul” və ya “ilahi hormon” deyə metaforik adlar qoymuşdur.

Epifiz vəzinin varlığı metafizikanın yoxluğu deməkdir. Bu vəzinin hormonal fəaliyyəti nəticəsində insan beyninin hissi-emosional alıcılığı artır ki, biz buna bəsirət gözünün açılması deyirik. Hormonal fəaliyyət pozulduqda isə “filankəsin basaratı bağlanıb”, yəni bəsirəti bağlanıb deməklə, əslində, həmin filankəsdə epifiz vəzinin korşaldığına işarə edirik.

Həddindən artıq geniş və araşdırılmaq ehtiyacı olan bu mövzu ilə bağlı bir neçə elmi-tibbi məqalə oxuyub bəsirət gözümü açmağıma səbəb olan doktor dostlarıma təşəkkür edirəm