Fövqəladə vəziyyət rejimi yarım ildən çox uzadıldı…

Rövşən Yerfinin “Mənim gündəliklərim”in altıncı hissəsi
(1990-cı il)

 (V hissə: http://www.mustaqil.az/2018/03/17/b%C9%99xtiyar-vahabzad%C9%99nin-generallardan-birinin-uzun%C9%99-tupurm%C9%99si/)

(Oxucularımın nəzərinə bir daha çatdırmaq istəyirəm ki, haqqında bəhs etdiklərim xatirə yazımın adından göründüyü kimi yalnız gündəliklərimdə olan qeydlər əsasındadır. Qeyd yoxdursa, xatırlamamışam.R. Yerfi)
Yanvar faciəsindən az keçmədi Dağüstü parkdakı Bakının ən uca yerində qoyulmuş nəhəng heykəli – bolşevik Sergey Mironoviç Kirovun heykəli hissə-hissə kəsilib söküldü. Təsəvvür edin heykəlin təkcə qulağının böyüklüyü təqribən bir adam boyu qədər idi.

Kirovun ardınca Leninin, XI Qızıl Ordunun, Karl Marksın, Dzerjinskinin, Caparidzenin, Fioletovun heykəllərini, 26 Bakı komissarları üçün qurulmuş “Əbədi məşəl” momerial kompleksini sökdülər. Bütün küçələrdən, müəssisələrdən, yaşayış sahələrindən bolşeviklərin, kommunistlərin adları yığışdırıldı, yeni adlarla əvəz olundu. Respublikadakı bir çox rayon və şəhərlərin adları dəyişdirildi. Kənd rayonlarından qeyri hər yerdə kargüzarlıq yalnız rus dilində idisə, bu ildən paytaxtda da sənədləşmə və yazışmalarda Azərbaycan dili işlənildi. Kiril əlifbasından latın qrafikasına keçıd başlanıldı. Bütün bunların ard-ardınca, ləngimədən həyata keçirilməsində Yanvar faciəsinin təkanverici təsiri olmuşdu. Əlbəttə, baş verən mütərəqqi dəyişikliklər bu faciə olmasa da, nə zamansa həyata keçəcəkdi, köhnə formasında və ya qaydasında qalmayacaqdı. Amma, çox güman ki, daha belə sürətlə yox, bir-iki il ərzində olmayacaqdı. Düşməninə həmişə özündən çox hörmət edən xalqımız SSRİ-nin başqa müsəlman ölkələri kimi bu işləri iyirmi-iyirmi beş il ərzində tədricən edəcəkdi.
Martın 2-də bütün respublikada şəhidlərin qırx mərasimləri keçirildi. Həmin gün Şəhidlər Xiyabanına gələnlərin sayının qədəri yox idi. Həddən artıq böyük növbə, sıxlıq vardı. Adam əlindən xiyabana tərəf addım atmaq  mümkün deyildi. Həddsiz sıxlığa görə mən o gün kütlənin içinə daxil ola bilmədim. Sabahı gün – 3 martda xiyabanı ziyarət etdim. Basırıq olmasa da, gələnlər dünənki qədər vardı.
Həqiqətən bu yas bütün xalqın yası idi. Yaşlı kişilərin çoxu üzlərini qırxdırmayıb yas saqqalı saxlamışdılar. Adicə bizim kiçik kəndimizdə atam və qardaşım daxil 40 nəfərə yaxın adam yas saxlamışdı. Qardaşım 2 mart günü Qonaqkənddən fotoqraf çağırıb həmin adamların əksəriyyətini məktəbin bağında, Şəhidlərin xatirəsini yad etmək üçün özünün əl işi olan divar lövhənin önündə – birlikdə şəklini çəkdirmişdi. O tarixi foto onun 2012-ci ildə çap olunmuş “Yerfililər” kitabında da var.
Martın 25-də atam Bakıya gəldi, hər il olduğu kimi növbəti müalicəyə ehtiyacı vardı. Vəziyyəti elə də yaxşı deyildi, iynə-dərmanla keçinirdi. Bakıdan kənarda yaşasa da, Yanvar faciəsi ona ağır təsir etmişdi, ürək ağrıları artmışdı.
28 martda atam mənim iştirakımla xalq içərisində “eksperimentalnı” deyilən Topçubaşov adına xəstəxanaya götürüldü. Səhəri gündən başlayaraq özünün qoyduğu qayda ilə bir gündən bir işdən sonra yanına gedib yoluxurdum. Altmış beş yaşda olan atamın tək bir dərdi mənim subaylığım idi. “Bu yay səni evləndirəcəyəm, sonra yaşamasam da olar”, – deyirdi.
Yeri gəlmişkən qeyd edim ki, atam Həsənbaba Həsənli 21 il yarımdan çox (1959-1980) sovetliyimizin təsərrüfatına rəhbərlik etmiş, sədr və direktor vəzifələrində işləmişdi. Ürək xəstəliyi ilə əlaqədar (xəstəliyi anam vəfat edəndən və analığımı alandan sonra tapmışdı) doqquz ildən artıq idi yeyintisiz, töhmətsiz, hörmətlə, öz xahişi ilə işindən azad olub təqaüdə çıxmışdı. Eyni zamanda Vətən müharibəsi iştirakçısı və əlili idi.
Qədirbilməzləri deyə bilmərəm, haqqı danmayanlar təsdiq edərlər ki, el yolumuz olan Güney yolu və kəndimizin ətrafındakı biçənəklərə, yaylaqlara ilk maşın yolları məhz onun işlədiyi dövrdə açılmışdır.
Atamın müalicəsi aprelin axırına qurtarmalı idi. O vaxtadək bəzi işlər üçün bir dəfə kəndə gedib qayıtmalıydım. Sonuncu dəfə 20 apreldə axşam saat yeddidən səkkizin yarısınadək xəstəxanada onun yanında oldum. Mənə tapşırdı ki, “sabah şənbə günü axşam saat 9-da mən gələrəm evə (qohumun evinə) sən də kənddən zəng edərsən, danışarıq”.
21 apreldə axşam beş radələrində kəndə çatdım. Razılaşdığımız kimi saat 9-da poçtda kommutatora Bakını sifariş verdim. Bizi qoşdular, gözləmədiyim başqa qohumlarımın mənə cavab vermələrinə təəccübləndim. Həqiqəti biləndə sarsıldım: demə atam artıq iki saatdan çox imiş keçinib, yaxınlarım onu kəndə gətirməyə hazırlaşırlarmış.
Atam xəstəxanadan çıxıb piyada yaxınlıqdakı “İnşaatçılar” stansiyasına, oradan da “Xalqlar dostluğu”na gəlmişdir. Metroya yaxın binanın beşinci mərtəbəsində olan qohumun mənzilinə qalxmaq üçün liftə minmiş, mənzilə girmiş və az sonra divanda uzanılı halda keçinibmiş. Şükürlər olsun Allaha ki, o, yolda, metroda, liftdə kimsəsiz yox, rahatlıqla mənzildə dünyasını dəyişib.
O gecəsi kədərdən səhərədək gözü açıq qaldım . Gecə fasilələrlə yağışlar yağdı. Kəndə gələnlər Xırt kəndi tərəfdə yolun işğın getməsi üzündən xeyli çətinliklər çəkmişdilər. Səhəri gün saat on birdə atamın nəşini kəndə çatdırdılar. Axşamtərəfi saat beşdə isə dəfn olundu. On üç yaşımda anamı itirmişdimsə, iyirmi beş yaşımda da atasız qaldım.
Hüznə gələn çox idi. Amma anam vəfat edəndə gələnlər bundan da çox idi,  çünki, atam o zaman vəzifədə idi.
İyun ayında rayon qəzetində hekayəm dərc edildi. O zamanlar bu qəzet rayondakı evlərin əksəriyyətində oxunurdu.
Ölkədə vəziyyət hələ tam öz qaydasna düşməmişdi. Bakıda komendant saatının vaxtı azaldılsa da, fövqəladə vəziyyət rejimi yarım ildən çox uzadılmışdı. May ayında Ali Sovetin binasını tankların mühasirəsində saxlamaqla Mütəllibov Ali Sovet tərəfindən özünü Azərbaycan Sovet Respublikasının prezidenti seçdirdi.
Mütəllibova fövqəladə vəziyyət rejimini saxlamaq ona görə maraqlı idi ki, xalqdan qorxurdu. Daha doğrusu, Xalq Cəbhəsinin fürsət düşən kimi onu devirəcəyindən ehtiyatlanırdı. Qorxduğu sonralar başına gəldi. İki il sonra Xalq Cəbhəsi onu hakimiyyətdən düşürtdü.
Rəsmi məlumat verilməməsinə, xalqdan gizli saxlanmasına baxmayaraq iyul ayında Heydər Əliyevin əvvəlcə Bakıya, sonra da Naxçıvana qayıtması barədə adamlar arasında xəbərlər gəzirdi. Yadımdadır, hələ atam xəstəxanada yatarkən – aprelin əvvəllərində palatadakı yaşlı xəstələrdən biri söhbətlər zamanı gileylənirdi ki, niyə Şevardnadze Gürcüstanda hakimiyyətə qayıda bilir, amma biz Əliyevi hakimiyyətə qaytarmayaq və ya Ali Sovetə deputat seçməyək?.. Altmış yeddi yaşlı, təqaüdçü, infarkt xəstəliyi keçirmiş Əliyevin yenidən hakimiyyət zirvəsinə qayıdacağını ağlımıza kəsdirə bilmirdik. “Uzağı deputat olar, heç özü də istəməz, nəyinə gərək qocalığında özünü çətin vəziyyətə salsın”, – bir çoxumuz belə düşünürdük. Çox keçmədi, payızda – 30 sentyabrda Heydər Əliyev yüksək səs çoxluğu faizi ilə Naxçıvandan Azərbaycan SSR Ali Sovetinə deputat seçildi.
Cəmiyyətdə ciddi dəyişikliklər hiss olunmaqda idi. Yenidənqurma, aşkarlıq siyasəti ölkədə hər bir sahəyə təsirini göstərməyə başlamışdı. Yeni müəssisələr, kooperativlər, qəzetlər açılırdı, ideyalar irəli sürülürdü.
10 noyabrda şair Tofiq Nurəli mənə zəng etdi, görüşməyi qərarlaşdırdıq. 11 noyabrda günorta çağı Azneft meydanında görüşdük. Buna qədər bir çox qəzetlərdə yeni yaradılacaq səhiyyə qəzetinin gələn il üçün abunə elanlarını görmüşdüm. Bilirdim ki, Tofiq bəy bu qəzetin baş redaktoru olmağa hazırlaşır. Onun qəzetdə işləmək dəvətinə böyük məmnuniyyətlə razılaşdm. Çoxdan arzulayırdım ki, ən geci ali təhsilimi bitirdikdən sonra mətbuat sahəsində işləyim. Daim rabitə sahəsində çalışmaq fikrim yox idi. O vaxtkı düşüncəmlə yazıçı olmaq istəyən kəs ilk növbədə mətbuatda işləməli idi.
Az keçmədi şairlər – Allahverdi Məmmədli və Əmrah Xanməmmədli də bizim yanımıza gəldilər, onlarla da tanış oldum. Birlikdə Azneftin o biri səmtində qala divarlarına bitişik iki mərtəbəli qədim binada yerləşən Tibb işçilərinin mədəniyyət evi deyilən (sonralar sökülüb yerində mehmanxana tikildi) yerə getdik. İkinci mərtəbədə səhiyyə nazirliyinin bir çox təşkilatları, o cümlədən “Şəfqət və Sağlamlıq Fondu” ilə bağlı adamların da kabinetləri vardı. Burada yeni qəzetin məramı barədə müzakirələr, məsləhətləşmələr apardıq. Belə ki, yeni yaradılacaq qəzetin himayəçisi hələlik bu fond olacaqdı.
13 noyabrda “Şəfqət” qəzetinin yaradılması və əməkdaşlarının işə götürülməsi haqqında əmrlər verildi. O dövrdə Neft-Kimya İnstitutu adlanan təhsil müəssisəsinin önündəki binanın ikinci mərtəbəsində bizim üçün bir neçə otaq ayırdılar. Bu binanın üçüncü mərtəbəsində isə yazıçı Bayram Bayramovun rəhbərlik etdiyi Qarabağa Xalq Yardımı Komitəsi yerləşirdi. Eyni zamanda həmin komitənin qəzeti kimi fəaliyyət göstərən dövrün ən oxunaqlı qəzetlərdən biri – “Azərbaycan” da (redaktoru Sabir Rüstəmxanlı) burada, qonşuluğumuzda idi.
Qəzetin ilk nömrəsi ilin birinci şənbə günü – 5 yanvar 1991-ci ildə çap olundu. Bu, Azərbaycan mətbuat tarixində ilk kütləvi səhiyyə qəzeti idi. Növbəti ildən təsisçiliyi Səhiyyə Nazirliyinin orqanı kimi rəsmiləşdirilən “Şəfqət” qəzetinin adı on altı il sonra, yəni 2007-ci ildən dəyişdirilib “Tibb qəzeti” adlandırıldı.
Şair Maarif Soltan, nasir Rafiq Tağı və bir çox məşhur qələm adamları, jurnalistlər, alimlər qəzetdə mütəmadi olaraq yazılarını, tərcümələrini dərc etdirirdilər. Fəxr hissi keçirirəm ki, “Şəfqət”in ilk məsul katibi mən olmuşam. Hazırda mətbuat sahəsində imzasını  tanıdan Aygün Muradxanlı və Ləman Əliəşrəfqızı əmək fəaliyyətlərinə bu qəzetdən başlamışdılar. Doxsan üçüncü ilədək 25 min tirajla, həftəlik çap olunan qəzetin ünvanına elə gün olmurdu ki, oxuculardan məktub gəlməsin. 1993-cü ildə səhiyyə naziri Rahim Hüseynovun vəzifəsindən çıxmağı və onun yerinə Əli İnsanovun gəlməyi ilə başlanan maliyyə çətinliklərimiz 1995-ci ilin sonlarında yaradıcı kollektivimizin dağılmasıyla nəticələndi.
Dekabr ayının əvvəllərində Bayıldakı işimdən – 1982-ci ilin oktyabr ayından bəri çalışdığım rabitə sahəsindən tamamilə ayrılıb gündəlik redaksiyada işləməyə başladım. Amma, hər otağında üç-dörd nəfər olan yataqxana şəraitində qəzetə yazılar hazırlamaq mənim üçün çətin idi. Məcbur olub kirayə ev tutmaq istəyirdim. Köhnə iş yoldaşlarım bu məsələdə mənə kömək etdilər. Uşaqları Murmanska köçmüş bir rus qadını Ukrayna meydanına yaxın binaların birindəki iki otaqlı mənzilində heç nəsiz il yarımadək yaşamağa mənə icazə verdi. Bunu etməkdə tək istəyi o idi ki, mənzili boş görüb məcburi köçkünlər oranı zəbt etməsinlər.
Yeni yaşayış ünvanında, yeni işimlə 1991-ci ili böyük ruh yüksəkliyi, arzular və sonsuz ümidlərlə qarşılayırdım. Bu yeni il – SSRİ-nin son Yeni ili idi…

mersin escort