Mətbuatda oxudum ki, Təhsil Nazirliyi müəllimələrdən tələb edib ki, 8 Martda heç bir hədiyyə qəbul etməsinlər. Kəsəsi, cəzalana bilərlər. Yaxşıdı, gözəl tələbdi, amma bir əmması var…

Ailədə 8 uşaq olmuşuq, eyni vaxtda hamımız da bir məktəbdə oxumuşuq. Böyüyümüz, yəni mən, 10-cu sinifdə oxuyanda kiçik bacım 1-ci sinifdə oxuyurdu. Və 8 Mart gələndə təbii ki, müəllimələrimizə hədiyyə aparardıq. Özü də müəllimələrimiz bir deyildi, hər birimizə 3-4 müəllimə dərs deyirdi. Səkkizi vur dördə, deməli otuz iki hədiyyə edirdi və bəlkə də çox.

Şəxsən mənə yeddi müəllimə dərs deyirdi: Fiturist müəllimə, fizika – Leyla müəllimə, tarix – Səmayə müəllimə, Azərbaycan dili – Xavər müəllimə, coğrafiya – Adilə müəllimə, ədəbiyyat – Ziba müəllimə, riyaziyyat – Gülər müəllimə. Yerləri behişt olsun, analarımız qədər çox istəyərdik, onlar da bizi balaları kimi sevərdi. Lap son Adilə müəllimə rəhmətə getdi, təxminən il yarım bundan əvvəl. Qaçqın kimi Mingəçevirə sığınmışdı. Axtarıb tapmışdım. Mingəçevirə yolum düşən kimi gedib bir stəkan çayını içərdim, çığırtmasını yeyərdim. Mənimlə fəxr edərdi, şəklimi də böyütdürüb vurmuşdu divara. Hərdən xətkeşlə əllərimizə döyərdi, amma buna görə valideynlərimiz gəlib məktəbdə şüvən çıxarmazdı.

Hədiyyələri anam seçərdi. Atamın bir aylıq maaşı yox ey, bir aylıq qazancı gedərdi bu hədiyyələrə. Amma çox xoş idi. Ancaq bu hədiyyələrin bizim təhsilimizə heç bir dəxli yox idi. Bu hədiyyələrə görə müəllimələr «3»lə oxuyan qardaş-bacılarıma «4», «4»lə oxuyanlara isə «5» yazmazdılar.

Mən universitetdə oxuyanda da 8 Martda oxuduğum məktəbə gedərdim, məni insan kimi yetişdirən müəllimələrimə hədiyyə aparardım.

Yəni 8 Martda müəllimələrə hədiyyə verilməsinə heç vaxt pis baxmamışam və indi də pis baxmıram. Səhər tezdən işə gələndə də nəvələrimə təlim-tərbiyə verən müəllimələrə də sidq ürəklə, sevgiylə hədiyyələr göndərmişəm. Eybi yox, qoy Təhsil Nazirliyindən qorxub hədiyyələri geri qaytarsınlar.

Gələk mətləbə. Bəli, Təhsil Nazirliyi müəllimələrdən tələb edir ki, hədiyyə qəbul etməsinlər. Çox əla! Müəllimələrdən başqa şey tələb olunmalıdır. Onlardan şagirdlərə yüksək səviyyədə dərs demək tələb olunmalıdır ki, valideynlər boğazlarından kəsib övladlarını repetitor yanına göndərməsinlər. Təhsil ocaqlarından yüksək təhsil tələb olunmalıdır, yoxsa ildə-ayanda olan bir bayramda kimsə müəlliməyə bir ətir hədiyyə edib. Pah, dünya dağıldı, korrupsiya, rüşvət. «Rüşvətin» də miqyası bilirsiniz nə qədərdi, təxminən 15-20 manat. Qudursun olsun 30 manat.

Beynəlxalq bankdan oğurlanan pullar Azərbaycanın bir illik dövlət büdcəsini təşkil edir.

Sovet vaxtı Ağdamda bir həkim on manat rüşvət aldığına görə tutulmuşdu. Sonra bütün nəsil yığışıb bir on min manat pul düzəltdilər verdilər prokurora, birtəhər yazıq həkimi buraxdırdılar.

Müəllimlərin qarşısına qoyulan tələbi qəzetlərdə və saytlarda oxuyanda həmin qəzet və saytlarda onu da oxudum ki, Dövlət İmtahan Mərkəzinin 9-cu sinif şagirdləri üçün keçirdiyi test imtahanında şagirdlərin 72 faizi «2» alıb. Necədi sizin üçün? «2» almayan o 28 faiz bilirsiniz kimlərdi, repetitor yanına gedənlər. Necədi sizin üçün!

Hələ deyəsən keçən il Azərbaycan dilindən səksən neçə faiz «2» almışdı.

Aqil ABBAS