Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə

Bir dəfə yüksələn bayraq bir daha enməz
Məmməd Əmin Rəsulzadə                                                                          

Bəşəriyyət tarixinin bütün dövrlərində insan daim azadlığa, müstəqilliyə can atmışdir. Bu yolda qanlar tökülsə də, saysız-hesabsız qurbanlar verilsə də, azad olmayınca qılınclar qına qoyulmamışdır!  Azadlıq uğrunda döyüşlərdə ya olum – tam azdlıq, ya ölüm – məğlubiyyətlər və məhrumiyyətlər olmuşdur! Hər kim “… istəmirəm azadlığı qram-qram!” demişdir və bu yolda “…qolumdakı zəncirləri gərək qıram, qıram!” deyərək, ölümün gözünə dik baxaraq hər cür müstəmləkəyə, istibdada qarşı son nəfəsinə kimi döyüşmüşdür. Dünyanın ən şərəfli ləzzəti olan “Azadlıq şərbəti”ni içmək Azərbaycan xalqının da zaman-zaman qismətinə düşmüşdür.

Lap qədim zamanlarda Əhəməni hökmdarı Kirə qarşı Azərbaycanın ilk qadın hökmdarı olan Tomris Xatunun apardığı mübarizədən tutmuş Uzun Həsənə, Qazi Bürhanəddinə, Şah İsmayıla, Nadir şaha, əfsanəvi xalq qəhrəmanı Koroğluya, XIX əsrdə rus müstəmləkəçi nizami ordusuna qarşı ümumxalq mübarızısinin başında duran Qaçaq Nəbiyə qədər min illər ərzində xalq həmişə azadlıq uğrunda mübarızə aparmışdır! Bu mübarizələrdə azadlığın şirinliyini duyub ləzzətli anlarını yaşamaq da, məğlubiyyətlərlə barışmaq məcburiyyətində qalmaq zorunda olmaq da vardı. Lakin xalqın heç vaxt azad olmaq arzusu tükənməmiş, ümidi üzülməmişdi. Haçansa onun da bir vaxt azad olacağı və müstəqil, suveren  dövlət quracağı inamı ölməmişdi.

Dünyanın, deyərdim ki, ən dəhşətli cinayətkar və ən qanlı müstəmləkəçi dövləti olan Çar Rusiyası illərlə Azərbaycanı işğal etmək, onun zəngin təbiətinə, yeraltı-yerüstü sərvətinə yiyələnmək məqsədilə dəfələrlə hərbi müdaxilələr etmiş, lakin hər vaxt ciddi müqavimətlə qarşılaşaraq geri çəkilmişdi! Amma müxtəlif vaxtlarda bir çox uğurlar qazansa da (1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay        müqavilələri ilə), heç vaxt Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilməmişdi. Xalq azğın və qarı düşmən tərəfindən işğalçılığın və istibdadın ən azğın sınaqlarına məruz qalsa da, başını həmişə dik tutdu! Bu illər ərzində əsarət altına alınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasətini yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli, qanlı qırğın meydanına çevirmişdi.

Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rüjiminə qarşımilli müqavimət hərəkatının əsas mərkəzinə çevirdi.İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli-azadlıq hərəkatının onünə keçdi.

Şimali Azərbaycan çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum şərq xalqlarının mübarizə simvoluna çevrilmişdi. Heç də təsadüfi deyil ki, Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini çarizmə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu.

Belə ki, azərbaycanlı deputat İsmayıl xan Ziyadxanov Duma iclaslarından birində çıxış edərkən son dərəcə qətiyyətlə bildirmişdi: “Biz (Azərbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavuz edilmişdir. Bir sıra ali məktəbə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini quracaqsınız. Bu, hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi “parçala və hökmranlıq et” idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir”.

Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə – I Dövlət Dumasına deputat seçilmişdilər. Xalqımızı Rusiya parlamentində təmsil edən yüksək təhsil görmüş bu ziyalıların ikisi ixtisasca hüquqşünas idilər: Əlimərdan bəy Topçubaşov Peterburq Universitetini, İsmayıl xan Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər.

Azərbaycan ziyalılarının mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi.

Beləliklə, Birinci dünya müharibəsinin gedişində “xalqlar həbsxanası” olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən ölkənin qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub rayonlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya ağalığı dövründə Rusiyanın və Rusiya vasitəsilə Qərbin yeni – demokratik dövlət quruculuğu ənənələri ilə – parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi.

Demək, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yaranmışdı.

1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.

Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə    bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat seçildi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.

Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı.

Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün – mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də Tiflisdə keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə AZƏRBAYCANIN  İSTİQ LAL BƏYANNAMƏSİNİ qəbul etdilər. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

  1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
  2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
  3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
  4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
  5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
  6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və 300 illik Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S. Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını – soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz üçün yeni təhlükə – bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya Milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib götürülmək.

Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti – Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 gün sürən ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi – Azərbaycanın istiqlalı elan olundu və İstiqlal Bəyannaməsi qəbul edildi; ikincisi – Gəncədə Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökumətini formalaşdırdı və 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı.

Azərbaycanın bir hissəsində – Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.

1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq, soyqırımı taleyi yaşayan Azərbaycan xalqını tarixin ən ağır qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu.

Təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdəncə qəti tədbirlərə əl atdı. İyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu.

1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi.

F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M. Ə. Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu.

1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi.

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə. Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H. Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca F. Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı.

1918-ci il dekabrın 26-da F. Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək — cəmi 17 ay davam etmişdir. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas — 1920-ci il aprelin 27-də keçirilmişdir.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

`Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Parlamentin ən böyük və tarixi qərarlarından bir də azad demokratik seçkilərdə qadınların da kişilərlə bərabər hüquqlarını təsbit etməsi idi. Bu qərar indi dünyada özünü demokratiyanın vətəni hesab edən Avropa dövlətlərində qadınlara verilən seçki hüququ haqqında qanundan illər öncə verilmişdi!!!!

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: “Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. M.Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərində yazırdı: “Azərbaycan Cümhuriyyətinin əsas idarəsi butun vətəndaşların bərabərhuquqla yaşaması üzərində qurulmuşdu… Millət məclisi, məmləkətin butun sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz hec bir məsrəf yapılmaz, hec bir müharibə başlanmaz, hec bir barışıq bağlanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə

düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə də yox idi. Parlament hakimiyyəti mutləq idi. Burada Avropada tətbiq edilməyən həqiqi bir Xalq Cumhuriyyəti qurulmuşdu”.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.

Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət mustəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli, azadlığa, dövlət müştəqilliyinə tam nail olmuşdur.

1918-ci ildə ucaldılmış üç rəngli, ay-ulduzlu milli bayraq çağdaş

Müstəqillik hərəkatının cazibə quvvəsinə çevrildi.

1990-cı ilin mayında demokratik qüvvələrin tələbi ilə 1918-ci

ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün –  28 May günü – Azərbaycan dövlətçiliyinin bərpası günü elan edildi. 1991-ci ilin fevralında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı çağdaş Azərbaycan

Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi. Elə həmin ilin 30 avqustunda Azərbaycan Respublikası Ali Soveti 1920-ci ilin aprelində itirilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək

haqqında bəyanat”, oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul etdi.

Beləliklə, XXI əsrin astanasında Azərbaycan öz tarixi yolunu birdəfəlik müəyyənləşdirdi. Bu, müstəqillik, azadlıq və demokratiya yoludur. Həmin

yolun başlanğıcını bu il dövlət başçısının fərmanı ilə 100 illiyi geniş qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti qoymuşdur.

Baxışov Əlizaman Əsgər oğlu,

Masallı rayonu, Hacıtəpə kəndi.