Doğum günləri matah bir şey deyil məmim üçün. Önəmli olan doğulmuşkən məqsədli yaşamaqda, yaşadığını hiss etməkdə, hədəflərini düzgün seçməkdə və dəyərləndirməkdə, bir sözlə xoşbəxt olmaqdadır. Bunu bizə verən Uca Allah isə həmişə bizimlədir…

İnsan üçün özünü xoşbəxt hiss etdiyi gün deyil, zamanın ən kiçik birimi olan anlar belə önəmli olmalı. Kiminləsə, yaxud da özümlə qürur duyanlardan deyiləm, amma yazdığımız kiçik bir təəssüratın, yaşantının, təfəkkür məhsulunun kimisə oyatdığını, tərpətdiyini hiss etdiyimiz anlar qürur duyuram Allahın biz şair və yazıçılara verdiyi kerativliklə.

Yəqin ki, anlayırsınız, nə demək istədiyimi? Bəlirli günləri qeyd etmək, ya da gözləmək mənə görə deyil. Sizə qəribə gələ bilər Əziz Oxucum, amma belə şeylərdə bir az əksik biriyəm, zamana qarşıyam, zamanın keçməsinə, həm də boş keçməsinə. Doğum günləri də zamanın keçməsini xatırladar həmişə. Zamanı durduracaq anların, günlərin peşindəymiş kimi daim qaçhaqaçdayıq.

Hətta, buna görə az yatmağı da tərcih edənlərimiz var. Mövlana demiş ki, “Az ye, az yat, az danış!”….Yaxşı ki, “az yaz” deməyib. Qəribəyik, beləcə narahat insanlarıq, biz yazar tayfası.

O da bu tayfadandır. Ona həm Şair, həm yazar, həm jurnalist, həm dənizçi, həm yaxşı ata, yaxşı ailə başçısı, həm gözəl Dost və sairə deyə bilərik. Mənim üçün o, yaxşı arxadaş və qardaşdır.

Bu gün onun doğum günüdür. Təbrik etmək üçün seçdiyim variant bu Yazı oldu. Hər insan üçün də yazı yazmaq keçmir içimdən, bu yazdıqlarım ona olan bacı sevgisindəndir.

Balıq bürcündəndir…bizim ortaq tərəflərimizdən biri yazar olmağımızdırsa, digəri də fevralda doğulmağımızdır. İlin ən qısaömürlü ayı bizim payımıza düşüb. Olsun…Təki xeyirxahlığımız, vətənsevərliyimiz, arzularımız, mübarizliyimiz, qələmimiz qısaömürlü olmasın! Doğum günlərimdə yalnız qalmağı daha çox istəyirəm mən, bir az özümə gəlmək üçün. Dəngəsiz bir ruh halında olmağımın fərqində olarkən və bunun kimisə üzməsini, qırmasını heç istəmədiyim zamanlarda. Bir az düşünmək, dinlənmək və qərar vermək üçün yalnız qalmağa ehtiyacım olur doğulduğum tarixlərdə…

Məndən fərqli, o isə doğum günlərində, anladığım qədəriylə, daha çox yaxınlarının, dostlarının, doğmalarının əhatəsində olmağı sevir.
O, doğulub ki, bir yox, bir neçə insanın taleyini yaşasın, yaratsın, mübarizə aparsın, vətənpərvər olsun, azadlıq uğrunda meydanlara atılsın, 20 yanvarda şücaət göstərsin, zamanla ayaqlaşmağa çalışsın, çoxlarının gözündə böyüsün, müəyyən təzyiqlərlə üzləşsin, hətta zamanın müəyyən bir müddətində həbsdə yatsın, sonra çıxıb arzularının ardınca yoluna davam etsin…

Yaxşı ki, Allahın insanlara verdiyi müsbət xüsusiyyətlərdən çoxunu özündə cəmləyə bilib o. Bundan sonrakı ömründə elə beləcə Gözəl İnsan olaraq qalmağını arzulayıram.
O – Faiq Balabəylidir.