Xalqın gözü həqiqətləri görür, 4 ildir ki, yalan yazılar dərc edirlər 

 

Palmali Qrupunun təsisçisi Mubariz Mənsimov Qurbanoğlu Türkiyənin “Hürriyet” qəzetinə müsahibə verib. Müsahibədə son zamanlar SOCAR və Lukoyl ilə yaşadığı böhranlarla da bağlı danışan Mənsumov onlarla əlaqəsinin kəsildiyini, amma Şell, Total, Glencore, BP dünya nəhəngləriylə işlədiyini qeyd edərək, rəqiblərə adının mənasının döyüşçü olduğunu xatırlatmağı da yaddan çıxarmayıb.

Müstəqil.Az mahibəni təqdim edir:

-Sizinlə bu günə qədər çox görüşlərimiz oldu. Son dövrdə hər dəfə “Türkiyədən gedirsinizmi?” – deyə soruşuram…

-Məncə, artıq soruşma. Buradayam. Türkiyəni sevirəm. İşə də davam edirik.

-Dənizçilik sektorunda böyük bir fırtına, böhran baş verdi. Siz turizmə də daxil olmuşdunuz. Hazırda nə vəziyyətdədir işləriniz?

-Əsas işimiz dənizçilik, gəmiçilik, tikinti və maddi-texniki təchizatdır. Limanlarda agentliklərimiz də var. Təkcə öz gəmilərimizlə deyil, icarəyə götürdüyümüz gəmilərlə də nəqliyyat işini həyata keçiririk. “Palmali” qrupu ən böyük donanmalardan birinə sahibdir. Gəmi sayımız daim dəyişir. Hətta “270 gəmimiz var” deyə bilərik, çünki müqavilə bağladığımız, icarəyə götürdüyümüz gəmilərimiz var. Amma özümüzə aid ən az 100 gəmimiz mövcuddur.

– Son dövrdə heç yeni gəmi aldınız mı?

-Köhnə gəmiləri satıb yeni gəmilər alırıq. 2017-ci ildə 5 yeni gəmi aldıq. Tanker və quru yük gəmiləri yeniləşir. İş görərkən yenilənmək də lazımdır.

-Dənizçilik sektorunda fırtına artıb. Dünyada da kommersiya tarazlıqlar dəyişir. Necə gedir işləriniz? Neft qiymətlərinin düşməsi bir çox şirkəti batırdı.

-Bazar dəyişib. Dünya ticarəti də dəyişir. Dənizçilik dövlətə, dövlətlərə bağlı bir sektor deyil. Su harada varsa, orada gəmiçilik də var. Çaylarda belə nəqliyyat işi görürük. Dənizcilyin yeganə rəqibi dəmir yollarıdır. Ən pis zamanda belə, dənizçilik dayanmır. Neft nəqliyyatı da davam edir. Bunun olmaması düşünülə bilməz.

-Neft qiymətləri aşağı düşməsi işinizə təsir göstərib nəticədə…

– Dəfələrlə təbii enerjinin işi bitəcək deyənlər var. Neft sektoru yalnız maşınımızı qoyduğumuz benzin deyil. İşin içində çox böyük kimyəvi materiallar var. Müxtəlif şirkətlərdən tekstilə, kosmetika istehsalına qədər çox fərqli sektorlarda bizim daşıdığımız xammallardan istifadə edilir. Tankerlər həmişə lazım olacaq. Tankerlərə yalnız neft daşımaq vasitəsi kimi baxmaq doğru deyil. Biz bəzən su da daşıyırıq.

-Haraya su daşıyırsınız?

-Fransadan ərəb dövlətlərinə… Qida da daşıyırıq. Yağlar daşıyırıq. Zeytun yağı, palma yağı, gül yağı; hamısını daşıyırıq. Dənizçilik sektoru hər 10 ildən bir çöküş yaşayır. Uzun zamandır böhrandadır bu sektor. Sizinlə daha əvvəl də danışmışdıq; dalğalanma həmişə var. Tələbatdan artıq gəmi istehsal olunub. Tələbat artığı yaranıb, böyüyüb şirkətlər. Baş verənlər də bununla əlaqədardır.

-10 il keçir, demək olar ki, həmin müsahibədən. İndi vəziyyət necədir?

-Bəli, 2018-ci yüksəliş ili olacaq. At ili…

-Bunu nəyə əsaslanaraq deyirsiniz?

-Yeni gəmi sifarişləri vermişik. Köhnə gəmilər yeniləşir sektorumuzda. Hərtərəfli analiz edirik prosesləri. Dünya limanlarındakı ehtiyatların həcmini görürük. Dünyada son 5 ildə inanılmaz səviyyədə, 70 faiz civarında gəmiqayırma işində azalma baş verib. Tankerlərdə də, quru yük gəmilərində də problem yaşandı. Quru yük gəmiləri daha tez böhrana girdi. Amma artıq yenilik rüzgarları əsir. Hava təmizlik sistemlərinin taxılması lazımdır gəmilərə. 2019-2020 kimi hava çirkləndirən gəmilər limanlara daxil olmayacaq. Eurodizel yandırması lazımdır gəmilərin. Bunlar yaxşı göstəricilərdir. Bazar ayağa qalxacaq. Əslində böhranın əsas səbəbi gəmiçilik şirkətlərində gəmilərin artmasıdır. İndi köhnə gəmilər bazardan çıxarılacaq. Yəni problem təkcə neft və neft məhsullarının qiymətinin ucuzlaşması deyildi.

-Nədir dəyişilənlər?

-Boru kəmərləri çıxdı. Keçmişdə biz Qara dənizdən Amerikaya xam neft daşıyırdıq. Amerika 10 milyon barreldən çox nefti xaricə satacaq vəziyyətə gəldi. Ehtiyatlarını açıqladılar. Amma daşınan, dediyim kimi, təkcə neft deyil. Bizim özümüzün mülkiyyətində heç bir zaman 100-dən az gəmi olmadı. Moskva, Malta və Türkiyədə bazalarımız var. Böyük bir donanmadan söhbət gedir.

– Hədəf seçdiyiniz yeni bazarlar varmı?

-Biz Baltik dənizində fəal deyildik, orada fəallaşırıq. Avropada böyük bir donanmamız var, Malta bayraqlı gəmilərdən ibarət olan. Biz Aİ ölkələrində kabotaj səfərləri həyata keçiririk. Dünyada 7-15 tonnajlı gəmilər arasında ən böyük donanma bizdədir. Bu tonnajlı gəmilər Avropada sürətli böyüyür.

-Siz çox uzun zaman Lukoyl ilə çalışmısınız. İndi bu fəaliyyətiniz məhkəməlik oldu. Digər tərəfdən, SOCAR ilə olan tərəfdaşlığınız da bitdi. Onları itirmək necə təsir etdi sizə?

-Onlar getdi, digər nəhəng şirkətlər gəldi. Biz Total, Shell, BP, Statoyl, Vitol kimi, dünyanın ən böyük xammal şirkəti Glencore kimi şirkətlərlə işləyirik. 100 illik tarixi olan neft şirkətləridir bunlar. Bu şirkətlər oturuşub, burjua mantelitetləri formalaşıb. Saxtakarlıq yoxdur. Hər şey şəffafdır. Müqavilələrini günbəgün yerinə yetirirlər. Təəssüf ki, Sovet İttifaqı şirkətlərində, hələ ki, bu anlayış yoxdur.

-Lukoyl ilə işiniz nə vəziyyətdə? Lukoyla 2 milyard dollarlıq iddia qaldırmısınız, sazişə riayət etmədikləri üçün

-27 ildir çalışırdıq. Yaxşı şirkətdir Lukoyl. 2005-2010 ili arası üçün bir müqaviləmiz vardı. Biz bu müqaviləyə əsasən lazımi gəmilər aldıq. Bunun müqabilində iş alacaqdıq onlardan. 2010-2020 arası üçün də müqavilə yenilədik. 2005-2010 arası çox gözəl keçdi. Yaxşı çalışdıq. 2010-cu ildən sonra isə saziş şərtlərinə cavab verilmədi. Mən öz adımdan məhkəməyə müraciət etmədən masada anlaşmaq istərdim. İşə də davam etməyi arzulayırdım, amma olmadı. Hüquq prosesi davam edir. Bu barədə açıqlama vermək istəmirəm, məhkəmə prosesi var.

-Məhkəmə İngiltərədədir. Necə br nəticə gözləyirsiniz?

– Proses İngiltərə Ali Məhkəməsində davam edir. Bizim bu məhkəməni rahatlıqla qazanacağımızı düşünürəm Türkiyədə deyildiyi kim,i əlimizdə “tapu” (mülkiyyətin kimə aid olduğunu təsdiqləyən sənəd-Müstəqil.Az) kimi müqavilə var. Ən geci, 2019-cu ildə bitər bu iş.

-SOCAR-la da əməkdaşlığınız başa çatıb…

-SOCAR-la uzun müddət çalışmışam. Azərbaycanın dövlət neft şirkətidir. Palmali, demək olar ki, onunla birgə şirkət yaradıb. Bu təchizat şirkətinin 35%-i bizə aid idi. 3 il əvvəl SOCAR-la tərəfdaşlıqdan ayrıldım. Müştərək iş görmək istəmirəm. Tərəfdaşın varsa, işlər çətinləşir. Razılaşıb ayrıldıq, SOCAR-la problemimiz yoxdur. Heç olmadı da. Çıxan xəbərlər yalandır.

-Azərbaycan mediasında sizi sevmirlər, yoxsa?

-Müəyyən bir kütlə bizi sevmir. Mən kim olduqlarını bilirəm. Məni zəiflətmək istəyirlər. Addımın mənası “savaşcı” deməkdir. Mən mübarizə aparıram. Sakit həyatdan darıxıram. Yalanın ömrü qısadır. Xalqın gözü həqiqətləri görür. 4 ildir ki, yalan yazılar dərc edirlər. Ermənistan mediası yazsa bunları, anlayıram, amma Azərbaycan mediası bunu edir. Rəhmətlik dədəm “İt hürər, karvan keçər” deyərdi. Mən də işimə baxıram.

-Sizin siyasilərlə yaxınlığınız var? O üzdənmi hədəfə alınırsınız?

-Azərbaycanda erkən seçki var, o üzdən bir çox şeylərdən siyasi məqsədlər üçün istifadə edilir. Mən Heydər Əliyevə çox şey borcluyam. Qarabağ müharibəsinin duruşu, Ermənilərlə mübarizə. Heydər Əliyev batan gəmiyə xilasedici balon atdı, ölkəni bataqlıqdan çıxardı. Cəbhədə müharibə dayandı. Ordumuzu gücləndirdi. Heydər Əliyev Türkiyə ilə çox yaxın idi. Atatürk heyranı, Türk oğlu Türk biri idi. Allah rəhmət eləsin, Dəmirəl ilə olan dostluqları iki ölkəyə də çox müsbət təsir göstərdi. Bakı-Ceyhan boru kəməri layihəsini həyata keçirdilər. O layihədən Türkiyə də, Azərbaycan da pul qazanır. Sonsuza qədər pul qazandıran bir işdir bu. Mən rəhmətlik Heydər Əliyevin sayəsində karyeramı qurmuşam. Bizi 12 yaşında xaricə göndərib oxudub tərbiyə ediblər. Keçmişdə etnik azərbaycanlıları təəssüf ki, yuxarı səviyyəyə buraxmırdılar. Əliyev Kremldə Azərbaycanlı tələbələri təqib edirdi. Dəstəklədiyi uşaqlardan biri mənim. Həyata vəsiqəni mənə Əliyev verib. Sayəsində oxumuşam. Mən də indi oğlu İlham Əliyevi dəstəkləyirəm. Erkən seçki qərarı aldılar. Vaxt itirmədən seçkiyə getməsini doğru sayıram. Mənim nə Türkiyədə, nə də Azərbaycanda dövlətdən aldığım bir tender var.

– Maltadakı şirkətiniz, siyasi yaxınlıqlarınız barədə xeyli yazıldı. Siyasi şərikləriniz varmı? Ya da siyasətçilərin qohumları ilə tərəfdaşlığınız varmı?

-Mənim yox. Söylənənlərin, yazılanların hamısı əsassızdır. Ayrıca Tramp iş adamı deyil mi? Bir iş adamı dövləti idarə edə bilməzmi? Onun ətrafındakılar iş görməyəcək, yoxsa? Yenə də deyirəm, mənim heç kimlə heç bir əməkdaşlığım yoxdur. Mən şirkətimə pul qazandırıb çətin dövrü keçirib şirkətimə investisiya qoymağa davam edirəm.

-Lukoylla bu prosesdən sonra Rusiyadakı varlığınız zədələnmirmi?

-Biz Rusiyadakı şirkətimizi satıb oradan çıxa bilərik. Vəziyyətə baxacağıq. Biz hazırda Rusiyanın ən çox gəmisi olan, bu sahədə ən böyük şirkətiyik.

-“Yalıkavak Marina”nı qurdunuz, Doğuş Holdinqdən Fərid Şahenklə ortaq bir layihə ortaya qoydunuz. Yeni layihələriniz də varmı?

-Biz gəmiçilik, dənizçilik işimizə yönəldik. Amma Fərid Şahenk mənim gözümdə Türkiyəni Türkiyə xaricində ən yaxşı təmsil edən iş adamlarından biridir. Hazırda ortaq bir işimiz yoxdur.

Müstəqil.Az