Jurnalist Natiq Muxtarlı ilə Nərimanov parkında çay içib söhbət etmək imkanını əldən vermək olmazdı. 30 ilə yaxındır dostluq edirik, 2 aydan çox idi görüşmürdük.

Mən parka dostumdan 10-15 dəqiqə tez çatmışdım. Var-gəl edirdim. Natiq arxadan səssiz yaxınlaşdı, ilk sözü bu oldu:

– Şair, sən öl, sənin yerin cəhənnəmlikdir, bayaqdan sənə fikir verirəm. – Zarafatına zarafatla cavab verdim:

– İnşallah, ölərik, görərik kim cənnətlik, kim cəhənnəmlikdir.

Elə bu an qulağıma xırıltılı səs gəldi, kimsə şeir dedi:

Burda biz həsrətik bir kilo ətə
Orda istəyirik düşək cənnətə
…”

Səsə tərəf çevrildim. Səhra rəngində sırınmaya bürünmüş (buna geyinmək demək olmazdı) kişini tanıdım – Məmməddir. Sabir adına Mərkəzi Şəhər Kitabxanasında fəaliyyət göstərən “Pərvanə” ədəbi birliyinə gələrdi. Vahid adına çay evində rəhmətlik şair Həkim Qəninin də dərnəyində müntəzəm iştirak edərdi. Həkim Qəni ona söz verməzdi. Məmməddən xeyli yaşlı olan həkim onu bəzən acılayardı da:

– Ə kişi, sən şeir yazan deyilsən, otur qulaq as, – deyərdi.

“Pərvanə”nin sədri Qəşəm Nəcəfzadə isə bu qoca və özünü-sözünü bilməyən adama acıyar, bəzən onun könlü xoş olsun deyə, tədbirin sonunda ona da söz verərdi ki, şeir oxusun. Sözsüz ki, Məmmədin şeirləri bitən kimi məclis də sona çatardı. Bu isə Məmmədə heç də xoş gəlməzdi. O, çox istəyirdi ki, onun da ədəbi yaradıcılığı müzakirə olunsun. Bir neçə dəfə Qəşəmlə onun arasında gərginlik də yaşanmışdı. Məmmədin mənə:

– Bu tərəkəmə niyə şeirlərim haqda fikir bildirməyə şərait yaratmır? – deyə soruşmuşdu.

Cin məni qurdalamış kimi demişdim:

– Paxıllıqdan. Sənin bu yaşda həftəyə bir dəftər şeir yazmağını gözü götürmür. Həm də sənin mövzularını, şeirlərinin məzmununu götürüb sonradan özü yazır. Ona görə də şeirlərin müzakirə olunsa, yaddaşlarda ilişib qalar və onun plagiat olması bilinər.

Məmməd mənim zarafatla dediyim sözü ciddi olaraq qəbul etmiş və bir neçə dəfə də Qəşəmin ardınca asıb-kəsmişdi.

İndi, bu soyuq payız günündə əlində zibil dolu torba və süpürgə tutan Məmməd şeirlə mənim Natiqlə etdiyim söhbətə müdaxilə edirdi.

– Məmməd dayı, salam, məni tanıdın?

Üzümə baxdı, – yox, – dedi.

– Sən şair Məmməd deyilsən? 5-6 “obşi” dəftər şeirlərin vardı.

Gülümsədi, mırıq dişləri göründü. Toz basmış kimi görünən öləzimiş gözləri qırışın altında itib batdı. Yaxınlıqda uşaqlar üçün qurğunu işlədən oğlanı çağırdı:

– Adə, bəri gəl, sənin nənənin… Gördün, məni şair kimi tanıyırlar. Sən isə məni lağa qoyursan.

Oğlan xeyli güldü. Nənəsinin söyülməsini eşitmirmiş kimi, Məmmədə yenə də söz atdı:

– Səndən necə şair çıxarsa, mənim də nənəmdən balerina olar…

Məmməd bu dəfə mənə xoş bir baxış, isti bir təbəssümlə müraciət etdi:

– Mənim yadıma heç düşmədin.

Özümü təqdim etdim. Yaddaşını vərəqlədi, bir şey hasil olmadı.

– Məmməd kişi, Sabir adına kitabxana, şeir dərnəyi, Faiqəm də. Qəşəm Nəcəfzadə…

Qəşəmin adını çəkdikdən, şeirlərinin məzmununu xatırlatdıqdan sonra deyəsən, yaddaşının toz basmış qatına xəfif külək əsdi, xatırladı:

– Aha, yadıma düşdü, cəlilabadlı balası… Mənə Fərqanə də, o biri qızlar da sonra dedilər ki, sən camaatı dolayırsan, Qəşəmlə məni davaya salırsan…

Kişinin sözü Natiqə ləzzət elədi:

– Gör, o dünyada bunun başına nə oyun gətirəcəklər…

Məmmədin qoluna girdim:

– Hə, zarafata nə isə deyirdim, amma mən səni heç dolamadım.

Sonra Məmmədi Natiqə təqdim etdim, haqqında xoş söz dedim. Məmməd bu dəfə Natiqə diqqətlə baxdı, onun nə edəcəyini gözlədi. Natiq isə danışmaq istəmirdi, susdu. Bu, Məmmədə xoş gəlmədi:

– Mən indi 30 saylı JEK-də işləyirəm. Günüm buranın təmizliyinə baxmaqla keçir. Mənim medalım da var. Bax buradadır, – sırınmasının yaxasını açdı, nimdaş pencəyinin sol yaxalığındakı medalı göstərdi. – Bunu mənim əməyimə, zəhmətimə görə şəxsən cənab prezidentimiz verib. Özümün də 23 qalın dəftər şeirim var. Bayaq dostun 10 dəftər dedi. Çoxdur, “prosto” adamım olmadı, irəli çəksin.

Natiq burnunun ucunda mızıldandı:

– Şair, qurtar da, gedək bir çay içək…

Natiqin etinasız olmasına Məmmədin incik düşməsi səsinin qalxmasından hiss olundu:

– Mən burada təmizlik işi görürəm. O gün bax bu qalınlığa bir kitab tapdım. Gördüm Zəlimxan Yaqubun kitabıdır. Bu, bilirsən nədir? Biabırçılıqdır! Götürdüm kitabı gəldim, sildim, cildini təmizlədim. Başdan-ayağa oxudum. Bəzi yerlərinə əl gəzdirdim, düzəliş etdim, dedim, necə də olmasa, öz şairimizdir. Gedəcəkdim ki, halallıq verim, yeni kitabına belə salsın. Eşitdim böyrəyi xəstədir, əməliyyat olunub, getmədim. Allah şəfa versin.

Məmmədlə gəzişirik. Qarşısına çıxan park işçilərinə eyni sözləri deyir:

– Bəs deyirdin mən şair deyiləm. Hər ikisi böyük yerdə işləyir, məni görən kimi tanıdılar.

Məmmədin həyatını, dolanışığını soruşuram, “buna da şükür”, – deyir:

– O vaxt mənə “upravlyaşi” Lütfəli 3 otaqlı ev verirdi, götürmədim. “İt damında yaşayaram, sənin verdiyin evdə yaşamaram”, – dedim. İndi başıma döyürəm…

Nə isə fikirləşdi, gözlərimə baxdı, sonra əlavə etdi:

– Götürəndə Lütfəli pis kişi deyildi. Eşitmişdi ki, 15 nəfər qaçqını himayəmə götürmüşəm, rəhmi gəlmişdi mənə.

– Məmməd dayı, o vaxtı nə qaçqın?

– Naxçıvandan qohum-əqrəba gəlmişdi, işə düzəlmişdi bizim trestə. Həyətimdə ev tikib vermişdim, yaşayırdılar. Evi almadım, neynirdim evi. “Uçaskovı” ilə danışmışdım. Tikintidən materialı-zadı “Kraz”la gətirib tökürdüm, iki gecəyə gecəqondunu tikirdim. Amma gərək o evi də götürəydim.

Arada parkda selfi çəkdirən, dodaqlarını qabağa, ayaqlarının birini geriyə verən qızlara baxıb ah çəkir.

– Nə olub, a kişi, ahın ah görməmiş, günah işlətməmiş qəlblərə… Cavan qızlardır da..

– Bunlar da mənim balam, gözəl qızdılar, amma… Kaş cavan olaydım…

– Nə edərdin cavan olsaydın?

– Düz yola çəkərdim, deyərdim, bu qədər erkəyin içində belə durmayın, əzilib büzülməyin.

– Qoca kişisən, sənin məsləhət verib, yol göstərməli vaxtın, əslində, indidir.

– Yox, indi məni eşitməzlər. Amma cavan olsam, deyərəm ki, sizi sevirəm, inanarlar. Deyərəm ki, bax, belə olmayın, onlar da sevgiyə görə belə olmaz..

Natiq mənə baxır, əli ilə saatını göstərir:

– Şair, hələ Keşlə bazarına da getməliyik, topdansatışdan balıq alacağıq.

Məmməd isə məni buraxmaq istəmir. Ona xoşdur xatirələrini çözmək. Məmmədi inandırıram ki, sabah gələcəyəm, səndən həm yazı yazacağam, həm də şəklini çəkəcəyəm.

– De, göy haqqı? Kişi kimi de!

Göyə, Yerə and içib, kişi kimi söz verirəm ona:

– Sabah saat 2-də burada görüşürük.

Ertəsi gün əməkdaşımız fotoqraf Natiq Azəri ilə görüş yerinə getdik. Məmməd dayı orada idi: Əynində palto, paltonun yaxalığında isə medal vardı. Var-gəl edir, səbirsiz halda ətrafa boylanırdı. Saata baxıram, 20 dəqiqə gecikmişik. Məni görən kimi üzünün nigaranlığını sevinc hissləri əvəzlədi:

– Sən nə yaxşı adamsan, dedin də, gəldin də…

– Səni çox adam aldadıb?

– İndi heç kimə etibar yoxdur. Al, bax budur, Zəlimxanın kitabı. Bütün şeirlərini dəftərə köçürmüşəm, – sellofandan 3 qalın dəftər çıxardı, bir də – bax budur, – dedi.

– Niyə sən bu şeirləri dəftərə köçürmüsən?

– Qorxdum ki, hamı atar onun kitablarını, itib-batar bu şeirlər, köçürdüm ki, gələcək nəsillərə saxlayım…

Məmmədin üzündə qəribə, yenicə xeyirxahlıq etmiş insanın sifətində dolaşan məmnunluq ifadəsi vardı.

– Sən gərək öz şeir dəftərlərini gətirəydin. Seçərdim, dərc edərdik…

Çiyinlərini çəkdi, sifətinə günah işlətmiş uşağın üzrxahlıq edərkən boy verdiyi ifadə “dağıldı”. Qoluna girdim, mənə tərəf qısıldı.

– Məmməd dayı, sənin ən böyük arzun nədir?

– İstəyirəm şeirlərim çap olunsun. Amma pulum olmadığına görə dərc etmirlər… Bir də istəyirəm ki, bayramlar da bizim maaşımızdan tutmasınlar. Maaşımız azdır axı. Sağ olsunlar, mənim medalıma, şair olmağıma hörmət edirlər. Məndən 28 manat tuturlar.

– Məmməd dayı, sənin arzunun birini gerçəkləşdirəcəyik, şeirini dərc edərik.

– Hamısı yaxşı adamdır. Mənə hörmət edirlər. – Əlini cibinə salır. – bax, bu mənim medalımın “qnijka”sı, bu mənim YAP “qnijkam”, bu da mənim, sən də məni bağışla, arvadımın ölüm kağızı… Tək kişiyəm də…

– A kişi, evlənmək istəyirsən bəlkə?

– Yox, yox…

– Oğuldan-uşaqdan nəyin var?

– Qızım 38 yaşında rəhmətə getdi. Oğlum var, mənə yaxşı baxır. Özüm işləyirəm, işləməsəm, ölərəm. Səndən bir xahişim var.

– Buyur, hər nəyin vardır, de gəlsin…

-Gedək bağın o başında qoca kişilər yığışıb nərd, domino oynayır ha, orada məni danışdır, orada mən şeir deyim. Onlar mənə həmişə lağ edir.

Məmməd dayının bu xahişini də yerinə yetirdik. Nərd oynayan veteranlar kameranın qarşısında şəstlə durub şeir deyən Məmmədə tərəf baxdılar, əllərini bir anlıq da olsa, oyundan çəkdilər. Qara eynəkli bir kişi Məmmədə yaxınlaşdı, şeir dediyi yerdə onun boynunu qucaqladı:

– Başına dönərəm sənin, sən yaxşı kişisən.

Öpüşdülər. Məmmədin gözləri yaşarmışdı. Çox xoşbəxt görünürdü.

Faiq Balabəyli

(Axar.az. 2015)