Bilal ALARLInın “YUXU”su

(Hekayə)

Hər millətin bir mərəzi var. Bizimki yatmaqdır. Pah, yatmaq, nə yatmaq! Axşam, gecə, səhər, günorta – günün hansı vədəsində desən, yatmağı xoşlayırıq. Evdə, küçədə, iş yerində – harada desən, mürgü vurmağı, gözümüzün çimirini almağı bacarırıq. Hər şey gözlərini yummaqdan başlayır. Elə bilirsən, bunu hər millət bacarır?

Göz yummaq hələm-hələm oğulun işi deyil. Televizorun qabağında oturursan, amma gözünü yumursan. Axı, yatmağa hazırlaşırsan. Gözünü yummağı bacarmasan, yata bilməzsən. Arvad bir əlində bıçaq, bir əlində çəngəl mətbəxdən çıxır, gileylənir, şikayətlənir. Sən isə gözünü yumursan, çünki yatmağa hazırlaşırsan. Sonra arvad qara gününü söyməyə başlayır, ağlayır, sıtqayır, sən bütün bunları görmürsən. Axı, gözünü yumandan sonra bərk yuxuya gedirsən.

Əcəba, yatan adam yuxu görər. Şirin-şirin yuxular. Necə ki, başını balışa qoyursan, yuxu mələyi qanadlarını üstünə gərir. Səni cənnətə aparır. Əmin-amanlıq, bolluq, gecə-gündüz yanan işıq, sobanı pul kimi qızardan qaz, mətbəxlərdə, həyətlərdə və küçələrdə şırhaşırla axan tərtəmiz cənnət suyu səni çəkib yuxunun dərinliklərinə aparır. Dərin yuxu xoşbəxtlik deməkdir. Əsəblərin sakitləşir, yorğunluğun aradan qalxır, gümrahlaşırsan, özünü çəmənzarda tülənən quş kimi hiss edirsən. Və hər dəfə başını balışa atanda bu şirin və dərin yuxunu görmək ümidiylə gözlərini yumursan.

Bir sıra bədzatlar var ki, yuxularında qara-qura şeylər görürlər. Onlar millətimizin daxili düşmənləridir. Belə bədzatların yuxularını xalqımızı gözü götürməyən, onu içəridən sarsıtmağa çalışan xarici kəşfiyyat idarələri maliyyələşdirir. Belə satqın yuxular görənlərə televiziyada, radioda yer verməməliyik. Onlar qara-qura yuxularını danışıb millətin arasına qarışıqlıq toxumu səpirlər. Hələ dərin və şirin yuxuya getməyi bacarmayan soydaşlarımızı çaşdırır, bir çoxlarını isə özlərinə tərəf çəkməyə nail olurlar.

Siz onların keçmişinə baxın. Milləti yatmağa və şirin yuxular görməyə qoymurdular. Bir neçə il sərasər bütün millət qara-qura yuxular gördü, yata bilmədi və meydanlara çıxdı. Bu millətin günahı nə idi ki, rahat yatmaq əvəzinə meydanda gərdişə getsin, tankların qabağına əliyalın çıxsın, yabasını, belini, baltasını götürüb tüfəngin qənşərində dayansın? Əcəba, biz sülhsevər xalqıq və həmişə “düşmən bizi daşla, biz onu aşla” siyasətinin tərəfdarı olmuşuq. Əgər bu müdrik siyasət olmasaydı, hələ də millət öz yuxularını meydanda ayaq üstə görürdü.

Milli adət və vərdişlərimizdən biri də xoruldamaqdır. Biz həmişə xorultuya hörmətlə yanaşmışıq. İş yerində, iclasda, avtobusda, metroda xoruldaya-xoruldaya xarüqələr yaradırıq. Xorultu dərinddən-dərin yuxu deməkdir. Xoruldayan adamı diksindirmək, oyatmaq qadağandır. Qanunlarımız xorultunun keşiyində möhkəm dayanıb. Xorultumuzun sədası beynəlxalq aləmdə səs-küy salıb. Əcnəbilər xorultumuzun sədasına axışıb nənni yüyürməyə, layla çalmağa, yuxusu gəlməyənlərə əmzik verməyə gəlirlər.

Əcəba, biz yatağan millətik və bineyi-qədimdən bunun ətək-ətək xeyirini görmüşük. Tək-tək yata bilməyənlər qoy gedib yuxusu gəlməyən xalqların qoltuğuna sığınsınlar. Necə ki, sığınıblar! Belələri millətin adını biabır edir, əcnəbilərin gözündən salırlar. Onlara ar olsun! Əcnəbi radiolarda şübhəli çıxışlar edir, millətimizin təcrübəsiz və səriştəsiz gənclərini cinayətə sürükləyirlər. Belələrinin niyyəti məlumdur, onlar milləti oyatmaq istəyirlər. Buna nail ola bilməzlər! Qoy nə qədər istəyirlər, yuxusuz gəzib dolansınlar, əldən düşüb yatmağa qayıdacaqlar. Qayıtmasalar da tutub gətirib yatırdacağıq. Yatırdıqlarımızdan ibrət götürməyənlərin aqibəti ağır olacaq. Düzdür, orada yatacaq çatışmır, ancaq iri “koykalarda” baş-ayaq da yatmaq olar.

Nəbadə-nəbadə, yuxumuza haram qatasınız! Bizim yuxumuz haram götürmür.

Bilal Alarlı

 

mersin escort