(hekayə)

Məmləkətin şairi bülbüldən səs, güldən nəfəs alıb firavan yaşayırdı. Göydə Günəş şair üçün işıq saçırdı. Ay yüzlərlə evin arasından keçib şairin pəncərəsinə qonurdu.

Şəlalələr nəğməsini şairin şərəfinə oxuyurdu. Quşlar lələklərini mürəkkəb yerinə öz qanlarına batırıb onun yazı masasına göndərirdilər. İlham pərisi şairi Göyün yeddinci qatına qaldırmışdı. Şair Tanrısına qovuşmuşdu. Onun dediyini yazırdı.
Şair hamının ürəyini oxuyurdu. Hamı şairi oxuyurdu. Qızlar onun kitabını cehizlik kimi aparırdılar. Oğlanlar bu kitaba əl basıb and içir, Vətənin sərhədlərini qorumağa gedirdilər.
Məmləkəti şairinə görə tanıyırdılar.
Tanrının insanları sınağa çəkdiyi günlərin birində məmləkətin üstünü qara buludlar aldı. İldırımlar çaxdı. Məmləkətin abad düzlərinə qarğalar ayaq açdı. Şair lələyini süngüyə çevirdi. Qarğa ovuna çıxdı. Məmləkət şairin arxasınca yeridi.
Uzaqdan, lap uzaqdan bayquş ulartısı gəlirdi. Sonra başqa bayquşlar da uladı. Bayquşlar səs-səsə verib vahimə yaratdılar.
Bayquş ulayanda məmləkətə bədbəxtlik gəlir. Gəldi və şairdən lələyi, məmləkətdən şairi müsadirə elədi.
Qarğalar qarıldamağında, bayquşlar ulamağında idi. Şair isə imtahan verirdi:
-Mövqeyini de, şair!
-Mənim mövqeyim xalqın mövqeyidir!
-Xalq hökmdarı dəstəkləyir!
-Hökmdarı dəstəkləyənlərin xalqın adından danışmağa haqqı yoxdur.
-Haqq gücdədir, güc isə məndədir.
-Güclü Allahdır, bəndənin üstündə Allahın hökmü var.
-Bu gün mənəm hökmdar, məndə Allahın gücü var!
Yaxında, lap yaxında bayquş uladı. Əyanlar, əşrəflər səs-səsə verdilər:
-Ulu Tanrımız, peyğəmbərimiz! Biz səni dəstəkləyirik! Sənin hökmünə müntəzirik!
Sonra hamı hökdarın ayağına döşənmək, ətəyini öpmək üçün irəli cumdu. Şair ayaqlar altında qaldı. Nökərlərdən biri şairə kömək eləyib yerdən qaldırdı, sarayın qapısına qədər ötürüb dedi:
-Amanın günüdür, şair, səni xilas etdiyimi hökmdar bilməsin.
Nökər şairin boynuna haqq qoydu.
-Arxayın ol, – Şair də ləyaqətini nümayiş etdirdi.
Məmləkətin bülbülləri susdu, gülləri soldu. Günəş yalnız hökmdar üçün işıq saçırdı. Ayın üzünü buludlar örtmüşdü. Şəlalələrin başında qarğalar oynaşırdı. Məmləkətin üstündən quş quşluğu ilə uça bilmirdi. Şair lələksiz qalmışdı. Sinəsinə saz basmış saray qafiyəsəncləri hökmdarın hər kəlməsini nəzmə çəkirdilər. Tanrısından uzaq düşmüş məmləkətin camaatı ətək-ətək ənamla hökmdarın qəbuluna gedirdi.
Dinc oturmadığına və hökmdarı dəstəkləmədiyinə görə şairin dilini kəsdilər, qollarını da özü kəsdi. Kəsdi və qollarından axan qana uzun-uzadı tamaşa elədi. Bu onun yaza bilmədiyi şeirlərin mürəkkəbi idi. Şairin kəsilmiş qolları “Qan!” deyib fışqırırdı. Amma şairin dili kəsildiyi üçün qan harayını sözə çevirə bilmirdi.
Qarğalar hələ də qarıldaşırdı…
Yaxında, lap yaxında ulayırdılar…
Günəşin üzünü isə qara buludlar örtmüşdü. Gözdən uzaq yerlərdə və zindanların qaranlıq küncündə şairin kitablarını yandırıb işığına oturanlar Günəşin doğacağı anı gözləyirdilər.

Bilal ALARLI

109 baxılıb