Yazın axırlarıydımı, yayın əvvəliydimi, üzr istəyirəm, gecə qonşudan qəribə bir səs gəldi. Düşdüm səsin dalınca mən. Qulağımı divarda sürüşdürə-sürüşdürə, sürüşdürə-sürüşdürə çıxdım üzü tavana mən, gah da qəfil düşdüm yerə. Bu divardan o divara, üzr istəyirəm, başqa dildə, başqa cürə…

Sonra öyrəndik, gənc bir alman ailəsidir, üzr istəyirəm, qadın evdar, ər şirkətdə mühəndis. Bir də 2 yaşı ola-olmaya Helma var, bunların izdivac meyvəsi, sapsarı bir qız.

O biri qonşu da, – Mahmudla Svetanı deyirəm, – qonum-qonşunun, qohum-əqrəbanın “bi şey-mi şey var” sualından bezib bir uşaq düzəldib. Elə təxminən Helma yaşında, bir az boyu ondan kəm, amma ətli-qanlı, yupyumru. Adı gözəl, özü gözəl Şəfiqə.

Hava yaxşı oldumu, məni evdə tapammazsan, ya eyvanda kitab oxuyaram, ya siqaret çəkərəm səmaya baxıb, ya da məhəllənin başındakı “Zaur dost kafe”də çay xortuldadaram boş qarına.

Keçən həftə eyvandayam, qəfil gördüm bizim Helma, anası – əlində alma, o tərəfdə Sveta bacı Şəfiqəylə – həyətdəki uşaq-əyləncə parkında oturublar üzbəüz.

Sonra uşaqlar cükküldəşdilər, fingildəşdilər, biri “qa” dedi, biri “quu”, yaxınlaşdılar, güldülər. Deyərdin, çəmənlikdə güldürlər. Görünür, uşaqlardan ötrü bir təfavüt yoxdur. Dil ayrı, din başqa, hərənin öz dünyası, hərənin öz mayası. Uşaqdı da, nurdu qayəsi.

Üzr istəyirəm, – qonaqdır, yoxsa adını yazardım, əlbət. Özü də mən eyvandan baxışlarımı tilov tək qadınların üstə atıb tüstülənmirdim, lap elə Sveta bacı olsun, bir Allah şahidimdir, uşaqlara baxırdım, yan-yörədə onlar da dəyirdi gözümə hərdən. O da bir bacıtək, doğma kimi – alman qadın, görürsən, budun-sinəsini çöldə qoyur, siqaret çəkir, amma sən bildiyin qadınlardan deyil, əlbət.

Baxdım, baxdım və bir həqiqət hasil oldu məndən ötrü: dünyanın hər yerində uşaqlar eynidir, analar fərqli.

Müşahidəmi paylaşmaq üçün anaları şərti olaraq iki yerə bölürəm: Almanka və Sveta. Belə: Almanka Avropa analarının ümumiləşmiş adıdır, Sveta tipik azərbaycanlı.

1) Sveta tezcanlıdır. Uşaqlar üçün nərdivan olmurmu, bu yandan çıxıb, o yandan düşürlər rezin topların üstə, – fikir verdim, imkan vermədi uşağa ki, özü çıxsın axıracan, qucaqlayıb sürüdü hər dəfə. Amma almanka gözlədir, bəlkə də 30 dəqiqə uşaq yıxıldı, yumalandı, o da səbirlə baxdı. Amma çıxdı uşaq nərdivana köməksiz. (Fikir verin, 18 yaşında yerlimiz bir çiyin olmasa, əlindən tutanı yoxdursa, həyatın enişində-yoxuşunda təngnəfəs olacaq, başını itirəcək, itirəcək, itəcək…)

2) Svetaya görə, uşaq ona tabedir, almankaya görə hərəsi bir fərd. (Fikir verin, bizim atalarımız, analarımız bəzən bizi fərd olaraq unudurlar. Onların dedikləri aksiom olur, qərarları yerimizə onlar verir, seçimləri onlar edir).

3) Sveta özünə sərf edəndə, ya da uşağı sakitləşdirməkdən ötrü qoyduğu qadağalardan vaz keçə, onları dəyişdirə bilər. Məsələn, televizor seyr etmək, telefonla oynamaq, kompüter və sair. Almanka israrlıdı, qətidi, dəqiqdi. Sveta ürəyiyuxadı, uşaq ağlasa, qıymaz ona, yumşalar. Almanka daş qəlblidi, soyuqqanlıdı. Ağlamaqla, sızlamaqla manipulyasiya edə bilməz uşaq onu. (Fikir verin, dost-düşmən tanımırıq, ürəyimizin ağzı məscid qapısıtək həmişə açıq).

4) Sveta uşağı nədənsə çəkindirmək üçün qorxudur: “Cızzza”, “Xoxuduuuu, hap eliyər səni”… Almanka isə izah edir. (Fikir verin, polisdən də, Allahdan da qorxumuz genetik keçir, əslində, səbəblər aydın deyil. O qədər “olmaz” deyiblər ki, sorğulaya bilmirik, eləcə vərdiş halında təzim edirik…)

5) Sveta elə bilir ki, dünyanın ən yaxşı anası odu, amma almankanın elə bir iddiası yoxdu. (Fikir verin, sonra ərindən, valideynlərindən başqa bütün həqiqətlərə xəyanət edən adam yetişir. Yaxşı insan olmaq əvəzinə, yaxşı ana olur Sveta…)

6) Sveta uşağı kələm kimi qat-qat geyindirər, papaq, əlcək öz yerində. Hələ belindəki əskini demirəm. Almanka çox da qorxmaz soyuqdan. (Fikir verin, bir yüngül meh əssə, qrip olar, xəstə düşər bizim tifil. Əli Əkbər demiş, azərbaycanlıya həmişə soyuqdur…)

Bu, mənim iki siqaretlik müşahidəmdir. Eşitdiyim yox, gördüyümdür.

Unutmayaq, valideyn uşağı necə tənbehləsə, hansı cür cəza versə körpəsinə, o tifil də kuklasına eyni cür cəza verir, eyni cürə tənbehləyir.

Ömər Xəyyam