Xəlil Rza Ulutürkün vətənsevər şəxsiyyət olaraq kişiliyi ilə şair şəxsiyyət olaraq kişiliyi ayrı-ayrı ələ alınmalıdır. Onun kitabını oxuyan hər bir qələm sahibi müsbət və ya mənfi anlamda söz söyləmə haqqına sahibdir. Oxumaq oxucuya bu haqqı qazandırır.

Lakin onun sənəti haqqında söylənən sözün sınırını yaxşıca bilmək lazımdır. Yəni dürüst və halal şəxsiyyətinə zərər verməmək şərti ilə yaradıcılığı tənqd edilə bilər və edilməlidir. Zatən tənqid olmasa, sənət inkişaf etməz, düşüncələr duraqsar, duyqular zövqsüzləşər və dünyagörüşləri doğmaz olar.

Alman fəlsəfəsinin inkişaf səbəbi hər yeni fəlsəfi cərəyanın bir öncəkinə tənqidi yanaşması olmuşdur. Həm də necə sərt tənqidlər. Məsələn, gəncliyində krizlərini Vagnerin musiqisi ilə bərtərəf edən Nitşe, daha sonra onun sərt tənqidçisinə dönüşər. Alman musiqisindəki yeni gəlişmələr də bu tənqid sayəsində irəlilər. Doğu toplumları olaraq biz hələ düşüncə pluralizminə ulaşmış xalqlar deyilik və buna çatacağımız da mümkün kimi görünmür.

Böyükçölün tənqidini, əslində fürsətə dönüşdürüb ölkədə böyük bir qələm polimikası yatarmaq olardı.

Öncəki nəsillə indiki nəslin dünyagörüşləri üfüqlərində hansı fərqliliklər ortaya çıxmışdır?

Bu ortaya çıxan fərqliliklərin səbəbi nədir?

İki yaxın zaman nəsil arasındakı bu gərginlik normal tarixi sürəcdir, yoxsa anormal bir gedişatdır?

Normal və ya anormal olmalarının səbəbi nədir?

Bu kimi dərin və geniş cavablar gözləyən böyük suallara , əslində qələm əhlinin yanı sıra bütün xalq da hər kəs öz ölçüsünə görə, cavabdeh olmalıdır. Məsələn Xəlil Rza Ulutürkün xitab etdiyi xalq kütləsi və oxucularla indiki xalq kütləsi və oxucular arasında hansı sosiopsixooloji fərqlər meydana çıxmışdır.

Yeni nəslin narahatçılığı nədir ki, özündən öncəki nəsli belə acımasız tənqid edir?

Bu sualı ədəbiyyatşünaslıq, cəmiyyətdəki dəyişim, yeni çağdakı ehtiyaclar kontekstində necə dəyərləndirmək mümkündür?

Nəsillər və dövrlər arasındakı beyin irtibatları necə bərqərar olur?

Bu irtibatlarda anlaşılmayan nələrdir və nədən anlaşılmır? Ulutürk dövrü ədəbiyyatın təsir gücünün itməsinin səbəbi nədir?

Bunun səbəbi daha sürətlə cahanşümullaşan görüşlərmi?

Bu qədər uzun poemalara yeni nəslin ehtiyacı varmı, yoxsa sadəcə orada arşivdə tarixi sənəd kimimi qlmalıdır? Bunlar elmi suallardır. Bu sualları tabuların basqısıyla durdurmaq olmaz. Bu suallara etik çərçivədə və düşüncələr dialoqu mühitində cavab vermək lazımdır. Bəlkə gələn günlərdə olacaq, ancaq Xəlil Rza şeirlərindən yola çıxaraq güclü bir təhlil yazıb bu krizə cavab verən olmadı. Bunu bir əksiklik olaraq qəbul etməliyik. Məlum oldu ki, Xəlil Rzanı savunanlar onu heç oxumamışlar. Sadəcə ortalıqda dolaşan Xəlil Rza otoritəsinə və mifinə sığınmışlar. Oysa ki, Böyükçölün tənqidi, onlar üçün bir fürsət yaratmalı idi. Bu fürsətdən istifadə edib Xəlil Rza şəxsiyyətini və əsərlərini incələyib təqdim edərək onun idealları, ideyalarını yeni nəslə tanıda bilərdilər. Çünkü tanımalar və tanıtmalar zatən belə sosial qırılmalarda meydana çıxar. Yəni bu ehtiyacı bərtərəf etmək üçün lazımlı yazılar yazıla bilər. Ancaq yazılmadı. Nədən? Hər nəsl dəyişimi ilə sosial psixologiya da dəyişər. Dəyişən sosial psixologiyanın ehtiyacını və qidasını təmin edəcək yeni bilgilər və bilgiləndirmələr təqdim edilməzsə, 4-5 şüarla gerçəkləri açıqlamaq və nəsillər arasında intellektual və beyin irtibatı bərqərar etmək də mümkün ola bilməz. Sağlıqlı zəmində bu diaqloq mütləqa olmalıdır.

Güntay Gəncalp Bayanurlu