“Narxozda” “Elmi kommunizm”dən dərs deyən müəllimimiz şuluqluğa başlayanda hələ SSRİ-də yenidənqurma başlamamışdı. Orda-burda qulağımıza qəribə şeylər pıçıldayırdı.

Məsələn, deyirdi ki, Engels Mançestrdəki şəxsi fabrikində fəhlələri sutkada on üç saat ağır şəraitdə işlədir, verdiyi əməkhaqqı onların yeməyinə güclə çatırdı. Fəhlələrdən oğurladığı həmin pulla isə Engels heç yerdə işləməyən Marksı dolandırırdı ki, o da fabrikləri sahibkarların əlindən almaq çağırışlarıyla məşğul idi.

Məsələn, deyirdi ki, Vladimir Ulyanov cəmi bircə dəfə məhkəmədə olub. Kəndliləri məhkəməyə verərək xeyli cərimə elətdirib, nədi-nədi, həmin kəndlilərin atları onun şəxsi torpaq sahəsini tapdayıblar. Sonradan anası həmin torpağın icarəsindən gələn pulu xaricdə yaşayan Leninə göndərirdi ki, o da orada torpağı sahibkarların əlindən almaq çağırışlarıyla məşğul idi…

Yox e, yox, bunlar heç də bu fani, cani, mani-mani dünyanın qəribə işləri deyil, bunlar dünyanın məntiqi, mahiyyəti.

Hərçənd dünyanın məntiqi “Nəsimi” filmində ən maraqlı sandığım səhnədə: Teymurun axsaq ayaqla möhtəşəm yerişində!

İndi bu filmin o yerindəyəm ki, Fəzlullah Nəiminin qızı Nəsimini qabağına qoyub uşaq kimi danlayır. Ki, hamı atamın xilası haqqında düşünür, təkcə səndən başqa… Gənc şair Nəsimi isə həmin vəziyyət üçün ona əqidədaşlarının da, dostlarının da, sevgilisinin də nifrətini qazandıracaq bir cavab verir: FƏZLİN XİLASI MÜMKÜN DEYİL.

Niyə?

Bu suala isə bir müddət sonra Fəzli xilas etməyə gedən Dövlət bəy cavab verir: KƏCAVƏ BOŞDUR…

Salam Sarvan