Müstəqil.Az tanınmış yazıçı – publisist Rövşən Yerfinin “Mənim gündəliklərim”in üçüncü hissəsini təqdim edir
(1989-cu il)

(birinci hissə: http://www.mustaqil.az/2018/01/07/kqb-x%C9%99fiyy%C9%99l%C9%99rinin-x%C9%99b%C9%99ri-olsa-rovs%C9%99n-yerfi/)

(ikinci hissə: http://www.mustaqil.az/2018/01/09/18-gun-v%C9%99-18-gec%C9%99-davam-ed%C9%99n-mitinql%C9%99r/)
Hələ 1988-ci ilin dekabrında “Azərbaycan gəncləri” qəzetində gözümə bir elan dəydi. Əvvəlcə bildirim ki, “Azərbaycan gəncləri” qəzeti o dövrün mətbuatında respublikada tanınan və oxunan beş qəzetdən biri idi, respublika komsomolunun Mərkəzi Komitəsinin orqanı sayılırdı. Eyni zamanda “Bilik” cəmiyyəti adlı təşkilat vardı. O cəmiyyətdə Xalq universitetləri şurası qurumu müxtəlif sahələr və sənətlər üzrə kurslar təşkil edirdi. Elanda yazılmışdı ki, “Bilik” cəmiyyəti “Azərbaycan gəncləri” qəzeti ilə birgə altı aylıq ictimai müxbir kursu açır. Bu sahədə kurs keçmək istəyənlər tələb edilən sənədləri təqdim etsinlər və 70 manat təhsil haqqı ödəmək gərəkdir.
Bir neçə tanışa qoşulub mən də bu kursa yazıldım. 1989-cu ilin yanvarından başlayaraq hər həftənin şənbə günləri əsasən “Azərbaycan gəncləri”qəzetinin redaksiyasında üç saatlıq məşğələlər keçilirdi. Təqribən on-on beş nəfər idik. Məşğələləri aparanlar arasnda ən çox yadımda qalanı o zamankı baş redaktorun müavini Elçin Mehrəliyevdir.
May ayında “Azərbaycan gəncləri” qəzetində daha bir kiçik məqaləm çıxdı. İyun ayında kursu bitirərkən dərc olunmuş məqaləmə görə Elçin müəllim imtahanımı əla qiymətləndirdi və sonda bizə ictima müxbir peşəsinə yiyələnməyimizi bildirən diplom verildi.
Mart ayından Keşlə maşınqayırma zavodunda fəaliyyət göstərən “Təravət” adlı ədəbi dərnəyə getməyə başladım. Məni bura “İlham çeşməsi”ndən tanıdığım və bu zavodda tornaçı işləyən dostum Yusif Mahmudov (Dirili) dəvət etdi. Dərnəyə hələ o dövrün tanınmış yazıçısı sayılan Səfər Alışarlı rəhbərlik edirdi. Səfər bəy cavan, enerjili, hər kəsdə özünə rəğbət oyada bilən bir ziyalı idi. Məşğələlərdə onunla maraqlı söhbətlər edər, ədəbi müzakirələr aparardıq. İyun ayında bir neçə hekayəmi dərnək üzvlərinə oxudum. Onlardan ikisi xoşa gəlindiyindən zavodun aztirajlı “Fəhlə şərəfi” qəzetində dərc edildi. Dərnəyin ömrü payıza qədər çəkdi.
İl ərzində demək olar ki, hər ayın tamamında kəndə gedir, atama dəyirdim. İki-üç gün qalırdım, gərək olanda evə kömək üçün mal-qara növbəsinə gedirdim. “Şanssız” adlı hekayələr kitabında yazdığım “Növbə” hekayəsi də o günlərdən bəhs edir. Uzağı dördüncü gün darıxıb Bakıya, yataqxanaya qayıdırdım. Tez getməyimi istəməyən atam şikayətlənirdi: “ Belə də adam olar? Adam da məgər öz evində, kəndində darıxar? Qaçar?”
Mən isə susurdum. 13 yaşımda anam dünyasını dəyişəndən belə idim, kənddə qərar tuta bilmirdim, Bakı üçün darıxırdım, günlərimi sayırdım.
İlin başlanğıcında şəhərdəki mitinqlər ötən 88-ci ildəki qədər olmasa da, varlığına hələ son qoyulmamışdı. Müəyyən hadisələrlə bağlı müxtəlif  ərazilərdə yenə arabir baş tuturdu. Aprel ayının 9-da Tiflisdə ordu ilə mitinqçilərin toqquşması baş vermişdi. Həmin gün Mərkəzi televiziyanın “Vremya” xəbərlər proqramında bu haqda geniş məlumat verildi. İyirmidən çox insan həlak olmuşdu. Baş verənlərə etiraz olaraq Gürcüstan hökumətinin rəhbərləri vəzifələrindən istefa verdiklərini bildirmişdilər.
Səhəri günü, aprelin 10-da Tiflisdəki hadisələrlə bağlı Elmlər Akademiyası binasının qarşısında gürcü xalqına dəstək mitinqi keçirildi.
İyul ayından mitinqlər yenidən ard-ardınca keçirilməyə başladı. Vəzirov xalqın gözündən düşmək üzrə idi. Azərbaycan dilini yaxşı bilmədiyindən və sözləri düzgün tələffüz etmədiyindən haqqında çoxlu lətifələr yaradılır, gülüş obyektinə çevrilirdi. Bir hadisə daha çox yadımda qalıb. Vəzirov hansısa müəssisəyə qonaq getmişdi, oranın fəhlələri ilə görüşürdü. Gözlənilmədən dedi ki, sizə bir şad xəbər verəcəyəm. Hamı gözləyirdi ki, yəqin bu şad xəbər Qarabağla bağlı olacaq. O, isə sevinə-sevinə belə dedi: “Gözünüz aydın, ötən il Bakıdan getmiş ermənilər yenidən geri, dala qayıdırlar.”
İyulun ortalarında keçirilən mitinqlərdə Azərbaycan Xalq Cəbhəsinin yaradıldığı elan olundu. Tribunada 17 noyabr mitinqlərindən tanınmağa başlayan Məmməd Əlizadə, Məhəmməd Hatəmi ilə yanaşı yeni natiqlər görünürdü: Əbülfəz Əliyev (sonralar Elçibəy çağırıldı), İsa Qəmbərov, Etibar Məmmədov, Pənah Hüseynov və başqaları – 1992-ci ildəki Eiçibəy hökumətinin əksər üzvləri. Əlbəttə mənim mitinqlərin salnaməsini yazmaq fikrim olmayıb, ona görə də gündəliyimdə hamının deyil, vacib bildiklərimin adlarını yazmışam. Şübhəsiz mitinqlərin hamısında da ola bilmirdim. Olduqlarımı, xəbər tutduqlarımı qeydə alırdım.
“29.07.89. Lenin meydanında mitinq. Sirus Təbrizli aparıcılıq edirdi.”
“30.07.89. Naxçıvana gedən yol ermənilər tərəfindən kəsildi.”
Avqust ayının 5-də, 12-də, 14-də keçirlən mitinqlərdə də olmuşam. Bu aydan etibarən mitinqlərin keçirildiyi Lenin adına meydan Azadlıq meydanı adlandırıldı.
“02.09.89. 18.00. Azadlıq meydanı tam dolub. Bəxtiyar Vahabzadə iştirakçıları salamlayıb Xalq Cəbhəsi ətrafında birləşməyə çağırdı. Abbas Abdulla, Nəcəf Nəcəfov, İsmayl Şıxlı və milliyyətcə bir yəhudi, iki rus çıxış etdilər. Bir həftəlik tətil elan edildi. Xalq Cəbhəsi üçün Yusif Səmədoğlunun adına bankda hesab açıldı. Tətil komitəsinin sədri Əbülfəz Elçibəy, müavin isə Etibar Məmmədov müəyyən olundu. Mitinq 21.30-da qurtardı.”
“06.09.89. Mitinq. Etibar Məmmədov, dəmiryol rəisi Müslüm Məmmədov, şair Qabil çıxış etdilər.”
“09.09.89. 18.00. Mitinq. Etibar Məmmədov, Əbülfəz Əliyev, Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Anar çıxışlar etdi.”
“15.09.89. Ali Sovetin sessiyası başladı. Saat 1-dən 3-dək Ali Sovetin qarşısında mitinq oldu. İsa Qəmbərov, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Mirzə İbrahimov, Etibar Məmmədov, Bayram Bayramov çıxış etdilər.”
“16.09.89. 18.30-dan 21.00-dək Azadlıq meydanında mitinq.”
“24.09.89. 17.00. Azadlıq meydanında mitinq. Xəlil Rza, Etibar Məmmədov, Əbülfəz Əliyev, Vaqif Səmədoğlu, Abbas Abdulla, Mikayıl Mirzə çıxış etdilər.” Bu mitinqdən ən çox yadda qalan Xəlil Rzanın “Davam edir 37” və “Yaşasın Xalq Cəbhəsi” şeirləri oldu. Şeirlər kütlənin qanına işlədi, səsləndiyi andan əzbərlənməyə başladı.
Oktyabr ayından isə mitinqlərin keçirilməsi müntəzəm hal aldı.
“01.10.89. Saat 15-dən, 20-dək mitinqdə oldum.”
“05.10.89. Azərbaycan Xalq Cəbhəsinin qeydə alınmasının hökumət səviyyəsində təsdiq edilməsi xəbəri verildi.”
Qeydlərimə görə 8, 10, 13, 15, 18, 25 oktyabr günlərində də mitinqlərdə olmuşam.
Noyabr ayının əvvəli mitinqlərə iki həftəlik fasilə verildi. 17 noyabrda ötən ilki 17 noyabr hadisələrinin bir illiyini qeyd etmək üçün yenə Azadlıq meydanına minlərlə adam toplaşdı. Saat 12-də başlayan mitinq 20.15-də başa çatdı.
“23.11.89. Xalqın tələbi ilə Şaumyanın heykəli söküldü.” Adamlar bu hadisəyə hədsiz sevinirdilər. Danışırdılar ki, heykəli sökən buldozerçinin kabinkasında saxladığı balaca vedrəyə yoldan keçən hər kəs kağız pul atırmış. İşin sonunadək vedrə pulla dolubmuş.
“29.11.89. Ali Sovetin Qarabağa dair daha bir qərarı qəbul edildi. Saat 18-dən 20-dək mitinq oldu.”
Bu aylarda mətbuat alimi, jurnalist Şirməmməd Hüseynov axşamlar televiziyada debatlı – müzakirəli verilişlər aparırdı. Tanınmış şəxslər onun həmsöhbəti olurdular. Bütün respublikada adamlar bu söhbətlərə maraqla tamaşa edər, dinləyərdilər.
“01.12.89. Televiziyada Ziya Bünyadov Şirməmmədin qonağı idi.”
“02.12.89. 16.00-19.00. Mitinq. Gecə televiziyada Şirməmmədin verilişində Əbülfəz Əliyev, Etibar Məmmədov, Nəcəf Nəcəfov, Tofiq İsmayilov, Elmira Qafarova iştirak etdilər.”
“04.12.89. 17.00-20.30. Mitinq. Ali Sovetin qərarı çıxdı.” Nə haqqında qərar idi, təəssüf ki, xatırlaya bilmirəm.
Adamlarda Vəzirov hakimiyyətinə və Moskvanın Qarabağla bağlı ikiüzlü siyasətinə qarşı kəskin şəkildə narazılıq artmaqda davam edirdi. Respublika rəhbərləri arasında başqalarına nisbətən Həsən Həsənova rəğbət vardı. Düşünülürdü ki, Vəzirov hakimiyyətdən getməli, yerinə Xalq Cəbhəsi ilə hesablaşan və Moskva qarşısında xalqın iradəsini ifadə edə bilən şəxs gəlməlidir.
“24.12.89. Azadlıq meydanında 15-dən, 17-dək “Qurtuluş” təşkilatının mitinqində oldum.” Kimlər idi o təşkilatda, onu da xatırlamıram.
“30.12.89 – şənbə günündə Azadlıq meydanında ilin son mitinqi keçirildi, 17-dən 20.30-dək.” Bu mitinqdə iştirakçılar Kirovabad şəhərinin adının yenidən Gəncə edilməsi xəbərini xüsusi coşğu və sevgi ilə qarşıladılar.
1989-cu ilin yayının sonlarında “Azərbaycan gəncləri” qəzetində ədəbi müsabiqə elanına rast gəldim. Yazıçı Kamal Abdullanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu (hazırda Azərbaycan Yaradıcılıq Fondu adlanır) respublika üzrə “Debüt-89” adlı ədəbi müsabiqə təşkil edirdi. Şərtlərə görə müsabiqədə yalnız yeni yazmağa başlayan, bu vaxtadək tanınmış qəzet və jurnallarda ədəbi yazıları çap olunmayan gənclər iştirak edə bilərdilər. Məqsəd yeni yazarları aşkarlamaq və onlara imzasını tanıtmaqda kömək etmək idi. Yazıların qəbulu bölmələr üzrə aparılırdı: poeziya, nəsr, dramaturgiya, tərcümə. Yazı makinasından çıxmış, təqdim olunmuş əsərlərə üç ay ərzində baxılacaqdı. İlin sonunda hər bölmə üzrə qaliblər müəyyənləşəcəkdi. Nəsr üçün beş hekayə tələb olunurdu. Mən hekayələrimdən beşini seçib tələb edilən qaydada lazımi ünvana göndərdim.
İl başa çatdı, 1990-cı ilin yanvarın 12-də müsabiqənin nəticələrini açıqlamaq üçün müəllifləri Fonda dəvət etdilər. Azərbaycan Mədəniyyət Fondu o zaman Hökumət evinin arxasındakı “Bakı” univermağı ilə yanaşı binanın ikinci mərtəbəsində yerləşirdi. Bizi kiçik bir zala yığdılar. Fondun işçiləri qarışıq rəyasət yerində altı nəfər əyləşmişdi. Onlar müsabiqə barədə danışıb, sonra da bölmələr üzrə nəticələri elan etməyə başladılar. Bu altı nəfərin içərisində ən tanınanı və mənim tanıdığım görkəmli şair Nüsrət Kəsəmənli idi. Növbə nəsrə çatdı. Məlum oldu ki, nəsri qiymətləndirmək yazıçı Mövlud Süleymanlıya həvalə edilib. Lakin, o, vacib işi olduğundan iştirak edə bilmədyi üçün hekayələr haqqında fikirlərini və nəticələrini məktubla göndərib. Dalısıyca onun məktununu oxudular. Mövlud Süleymanlı oxuduğu hekayələrin müsbət və çatışmayan cəhətlərini qeyd edib sözünə giriş verdikdən sonra birinci yeri boş saxladığını, ikinci yerə məni – Rövşən Həsənlini layiq bildiyini yazmışdı. Üçüncü yerə isə qərb rayonlarından bir oğlanın adını çəkmişdi. Ümumiyyətlə qaliblərin əksəriyyəti rayonlardan idi: Şuşadan, Qaxdan, Ucardan və sair yerlərdən. Təəssüf ki, o vaxt qeyd aparmadığımdan indi heç birini xatırlaya bilmirəm. Düzü, birinci yerin boş saxlanılması söhbətinə görə bir az pərt oldum. Mənə Fondun İdarə Heyətinin möhürü ilə təbrik yazılmış rəngli açıqca və azərbaycan, rus, ingilis dillərində olan böyük həcmli, illüstrasiyalı “Azərbaycan miniatürləri” kitabı hədiyyə edildi. Kitaba rəyasətdə oturanlar, o cümlədən Nüsrət Kəsəmənli də xatirə imza atdılar. Hədiyyə təqdim olunanda Nüsrət Kəsəmənli dedi: “Bu yarışda nəsrdə səndən yaxşısı yoxdusa, hesab et ki, birinci, qalib sənsən.”
Fond adından vəd verildi ki, yaxın vaxtlarda laureatların yazıları “Azərbaycan gəncləri” qəzetində və “Ulduz” jurnalında münsiflərin rəyi təqdim edilməklə çap etdiriləcək. Tədbirdən bir həftə keçmişdi, 19-dan 20-nə keçən gecə Qanlı Yanvar hadisəsi baş verdi. Bu faciəli tarixdən sonra respublikada həyatın əksər sahələri kimi ədəbiyyat da xeyli müddət dondu. Mədəniyyətlə bağlı fəaliyyət iflic keçirdi və elə buna görə də Azərbaycan Mədəniyyət Fondu da müsabiqə qaliblərinə verdiyi vədi unutdu.
Əvvəlki illər rabitə sahəsindəki işim şəhərin mərkəzində yerləşirdisə, dekabrın yarısından yerimi Bayıla dəyişdirdilər. Daha mitinqlərdən tez xəbər tuta bilməyəcəkdim.
Yeni iş yerimdəki əhval-ruhiyyənin nəticəsi idi ki, 31 dekabrda kəndə gedib, səhəri günü də qaçaraq Bakıya qayıtdım. Yeni ilin ilk günü Bakı dumanlı idi və bu duman tez çəkilənə oxşamırdı…
     (ardı olacaq)