Onun kiçik bir mənzili vardı. Həyətdə, evdən bir az kənar. İndi istfadə olunmayan bir otaqlı həyət evi. Qabaqlar bura evin köhnə, lazımsız əşyaları, dolu və boş bankalar yığardılar. Daha sonra boşaldılmış və istfadə edilməyən bir yerə çevrilmişdi. O öz əşyalarını, doğum günündə aldığı hədiyyələri bura yığıb yalnız özünə aid bir evə çevirmişdi. Anasından güc bəla ilə köhnə bir xalça da alıb atmışdı ayağının altına. Əllə çəkdiyi öz şəkillərini divara asmış, qonağı gələndə onlara göstərərdi. Təklikdən, qaranlıqdan qorxmasaydı gecələr də burada qalardı, amma anasından ayrı yata bilmirdi. Açarını da özü ilə gəzdirər, məktəbdə “evimin açarıdır” deyib böyüklənərdi kiçik qızcığaz. Hamı bilirdi ki, onun bir otaqlı mənzili var. Hərdən sinif yoldaşları ilə bu evə gəlib dərs oxuyardılar, onlara acıqlanardı evinin səliqəsini pozan olanda. Otağının düzənini pozanları bağışlaya bilmir, qapını içəridən kilidləyib, içəridə tək tənha oturur, həyətə açılan pəncərənin bağlı şüşəsi arxasından nəzər edər, heç kimi danışdırmazdı.
*
İndi yenə qapısını bərk-bərk kilidləmiş uzanmışdı, yataqxananın bir otaqılı mənzilində, hamıdan incik, küskün, kənddəki bir otaqlı mənzilini xatırlayıb iri qara gözlərindən yaş damırdı. Gör neçə il keçib, 20 ildən artıq bir müddət. Yəqin düşmən tapdağı altında qalmış, yalnız ona aid olan mənzili indi yoxdur, ya yandırılmış ya da sökülmüşdü. Qaçhaqçda hamı maşınlara minən zaman, qızcığaz “mən qayıdana qədər evimə girər şəkillərimi, oyuncaqlarımı, otaqda mənə aid olan hər şeyimi götürməsinlər” deyib tez mənzilinin açıq qalmış qapısını bağlamış, açarı da özü ilə gətirmişdi.
Əsas odur ki, mənzili var, tək ona aid olan, divarında özü çəkdiyi şəkillər olmasa da ziyarətdə çəkdirib çərçivəyə saldırdığı şəkillər asılmış mənzili var. İndi artıq böyüyüb, bu tənha, qaranlıq otaqda anasız da tək yata bilirdi, artıq qorxmurdu. Onsuz anası da həyatda yox idi bu böyümüş “kiçik qızcığazın”. Qohumlardan küsmüş, tək tənha evinə sığınmışdı. Hərdən rəfiqəsinin iki kiçik qızcığazının qapı arxasında səsini eşidəndə qapını açıb onlarla söhbətləşər, deyib gülərdi, bayramlarda evini bəzəməkdə, divardakı şəkillərini tozdan təmizləməkdə böyümüş qızcığaza kömək edərdilər bu iki kiçik qızcığazlar.
*
İndi yenə qapısını möhkəmcə kilidləmiş uzanmışdı ancaq ona aid olan, bir başqa yerdə, kiçik qaranlıq mənzilində, özü də yenə tək tənha, axı artıq öyrəşmişdi tənhalığa. Ziyarətdə çəkdirdiyi şəkilini də asmışdılar mənzilinin divarından. Fərq təkcə bu idi ki, bir az səxavətli olmuşdu, daha gizlətmirdi şəkillərini, nə inki qonaq gələnlər elə yoldan ötüb keçənlər də gözucu baxıb keçirdilər. Evdən çıxarkən qapısını kilidləyib köçmüşdü bu kiçik, qaranlıq, tənha və yalnız ona adi olan otağa. İndi o evi də kənddəki evi kimi yox idi, ya sökülmüşdü, ya da satılmışdı. Yenə qulağı səsdə, gəlib gedənlərin addım səsindən tanıyrıdı.
Hərdən rəfiqəsinin iki kiçik qızcığazının qapı arxasında səsi gələndə onlarla söhbətləşər, deyib gülər, bayramlarda evinin divarlarını bayırdan zər-zinətlə bəzəyərdilər. Hamını soruşardı bu iki kiçik qızcığazdan. Ancaq qapı arxasından, qapını aça bilməzdi daha, çünki bu kiçik, qaranlıq və soyuq mənzil ancaq və ancaq ona aid idi, ancaq ona, o böyümüş “kiçik qızcığaza”.

( Dəyərli dostumuz mərhum Aynurə Məmmədovaya ithaf olunur)

Əli Rzazadə