Ermənistanda Serj Sərkisyanın Qarabağ siyasətinə qarşı çıxanların sayı artır.

Müstəqil.Az bildirir ki bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistan Milli Konqresinin partiyanın lideri Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı mövqeyini bir daha gündəmə gətirməsi Ermənistanın daxilində hökm sürən siyasi böhranın dərinləşməsindən xəbər verir:

“Petrosyan ölkəsindəki real vəziyyətdən çıxış edərək problemin mütləq həllini və kompromislərin zəruriyilini bir daha bəyan edib. Onlar Dağlıq Qarabağı Azərbaycandan qoparmağın mümkün olmayacağını anlayırlar. Əslində, Petrosyan Sərkisyana başa salmağa çalışır ki, münaqişənin həlli hər iki ölkəyə lazımdır. Çünki o da bilir ki, danışıqlarda müsbət irəliləyişin olmamasında başlıca günahkar indiki Ermənistan hakimiyyətidir”.

Politoloqun sözlərinə görə, Petrosyan sözügedən çağırışı ilə Ermənistanın gec-tez gerçəyi qəbul etmək məcburiyyətində qalacağına işarə edir:

“Ermənistanda Serj Sərkisyanın Qarabağ siyasətinə qarşı çıxanların sayı artır. Keçmiş prezident bunu etiraf edirsə, demək, bu rəqəm daha böyükdür. Görünür, Sərkisyan hakimiyyətdən getdikdən və martda Ermənistanın siyasi idarəetməsi dəyişdikdən sonra yeni gələnlər fərqli siyasət yürüdəcək. Bu zəmində danışıqlar prosesində müsbət məqamlar yarana bilər”.

Qeyd edək ki, Ermənistan Milli Konqresi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini bir daha gendəmə gətirərək keçmiş prezidentin 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir.

“Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama salınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, bu illər ərzində çəkdiyimiz əzablar və itkilərlə qarşılaşmazdıq. Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik”, – deyə Petrosyan qeyd etmişdi.

Aygün Yusubova