Rövşşən YERFİnin “Mənim gündəliklərim”nin ikinci hissəsi     

  (1988-ci il)

(əvvəli: http://www.mustaqil.az/2018/01/07/kqb-x%C9%99fiyy%C9%99l%C9%99rinin-x%C9%99b%C9%99ri-olsa-rovs%C9%99n-yerfi/)

Meydandakı nəticəsizlikdən özümçün bir qərar çıxarmaq istəyəndə artıq saatın əqrəbləri  on ikiyə on beş dəqiqənin  qalmasından “xəbər verirdi”. On ikiyədək metronun sonuncu qatarına özümü çatdırmağa ümidim az idi. Gecənin bu vaxtı taksi ilə yataqxanaya getməyə pulum da yox idi. Bir yandan da meydanın cazıbəsi dəqiqələr ötdükcə məni ləngidir, getməyə dair qəti fikrə gəlməyə qoymurdu. Saat on iki tamam olduqda yüzlərlə adam kimi mən də meydanda qalmağı qərarlaşdırdım.

Bu anlarda meydan mənim üçün hər cür istirahətdən, rahatlıqdan əziz idi. Neydanda qalanların əksəriyyətinə qarışıb laqeyd dura bilmədim, əksinə, ürəyimi riqqətə gətirən Vətənlə bağlı mövzularda aparılan söhbətlərə, müzakirələrə qoşuldum. Bir-birimizi yaxından tanımadığımız halda bizi Qarabağ adlı eyni dərd, eyni ağrı,  Vətən eşqi, duyğuları birləşdirirdi. Əksəriyyəti cavanlar olsa da aramızda yaşlılar, qadınlar, tələbə qızlar da az deyildi. Adama elə gəlirdi ki, biz çoxdanın tanışları, bir ailənin üzvləri idik. Aramızda o dərəcədə səmimiyyət, nəzakət, mehribanlıq vardı ki, sözlə təsvir etmək çətin idi. Hamını eyni amal, eyni məqsəd birləşdirmişdi. Belə bir hissi mən, bir də, bir il ki ay sonra, 20 Yanvar faciəsi günlərində eynən keçirmişəm.
Gecə saat birdə camaatın dağılışması üçün meydanın bütün işıqlarını söndürdülər. Meydan zülmətə qərq olsa da adamların halına fərq etmədi. Xoşbəxtlikdən ay işığı dadımıza çatdı. Allah tərəfi, hava yaz havası kimi elə gözəl, elə xoş idi, inana bilmirdin ki, noyabr ayıdır. Amma, saatlar keçdikcə dənizdən əsən sərin meh az da olsa adamı üşüdürdü. Haradansa meydana içi ağac, taxta parçaları ilə dolu balaca yük maşını daxil oldu. Taxtaları boşaldıb qızınmaq üçün balaca tonqallar yandırılmağa başlanıldı. Təqribən iyirmiyə qədər tonqal qalandı.Beş yüzdən çox adam ocaq başına yığıldı. Dayandığım kiçik ocağın yanında duranlardan biri də sonralar xarici işlər naziri işləyən Tofiq Qasımov idi. Cavanlar darıxmamaqdan ötrü hardansa qarmon, nağara da əldə etdilər. İnsanların əzmini artırmaq üçün tanınmış ziyalılardan da meydana gəlib-gedəni vardı. Rəhmətlik meyxanaçı Nizami Rəmzi, böyük şairimiz Xəlil Rza, onun şeirlərini fərqli pafosla xalqa çatdıran Mikayıl Mirzə və bir çoxları xüsusi rəğbətlə qarşılanırdı.
Saat iki radələrində qonşu binalarda yaşayan ailələrdən bir neçəsi balaca qazanlarda müxtəlif cür isti yeməklər, termoslarda çay gətirmişdilər. Dünəndən ac-susuz, ayaqüstə qalan bu insanlar yeməkləri bir ailənin üzvü kimi elə bölüşdürdülər ki, kimsə yaddan çıxmadı. Etiraf edirəm ki, o gecə yaşadığım hisslər, duyğular məndə millətimə, xalqıma qarşı əvvəllər olmayan istək, məhəbbət oyatdı və ilk dəfə azərbaycanlı olmağımdan fərəhləndim. Vətəninə, elinə olan sevgidən, bütün gecəni kişilərlə birgə ayaqüstə keçirən anaların, bacıların daxilindəki vüqara, möhtəşəmliyə heyran qaldım.
Lakin aramızda yaranmış birliyi, həmrəyliyi zəiflətmək, qarşısını almaq istəyənlər də tapılırdı. Saat üçün yarısında bir neçə nəfər tonqalların arasında vurnuxur, adamları evlərinə dağılışmağa həvəsləndirirdi. Biz yığışdığımız yerə yaxınlaşıb meydanın kənarında gözləyən maşınlara minməyə çağıranda, yoldaşlarım etiraz etdilər.
– Biz getmirik. Gedən idiksə bu vaxta qədər gedərdik. Səhərin açılmsına üç saat vaxt qalıb. Üç saatdan ötrü gedirik?
Mən yanaşı dayandığım yoldaşdan soruşdum:
-Bunlar kimdir?
-Zavod fəhlələridir. Başçıları da Nemətdir. Bayaq gördün? Burdaydı…
-Yox, adını eşitmişəm, tanımıram, – cavabını verdim.
Həmin “təbliğatçılar” çox yox, beş-on nəfəri özləri ilə aparmağa müvəffəq oldular.
Səhərə yaxın hava azacıq soyudu. Tonqala yaxın oturduğumuzdan hamının üst-başından his iyi gəlirdi.Daha bir  neçə saat da keçdi. Dan yeri söküldü, hava işıqlandı, tonqallara ehtiyac olmadı. Şəhər yuxudan ayıldı, küçələr canlanmağa başladı. Meydanın aşağısından şütüməyə başlayan maşınlardan adamlar heyrətlə gecəni meydanda keçirənlərə baxırdılar. Bəlkə də Bakının tarixində ilk dəfə idi ki, yüzlərlə insan haqsızlığa etirazlarını bildirmək üçün mütəşəkkil formada  gecəni meydanda keçirmişdilər.
Gecəni yola verdik, bəs sonra? Gec-tez dincəlmək gərək olacaqdı. Meydanı isə boşaltmaq, əldən vermək olmazdı. Bizi kimsə əvəz etməli idi. Saat doqquzda əllərində bayraqlar meydana tərəf gələn yeni dəstələri görəndə sevincimizin həddi-hüdudu yox idi. Onları meydana daxil olanda uzun illərin həsrətlılərı kimi qarşıladıq. Günorta isə meydan təzədən tamamilə doldu. Dünənki natiqlər xalqın nəzərindən düşdüklərindən gözə görsənmirdülər. Nahar vaxtınadək tribunada kimsə görünmədi. Nahardan sonra cavan bir oğlan səsucaldanı götürüb tribunaya yiyəlik etməyə başladı. Bu, adını eşitdiyim Nemət Pənahov idi. Yenə çıxışlar başlandı. Dünən susanlar, bu gün xeyli fəallaşmışdılar, natiqlərin sayı artmışdı, çıxış üçün növbəyə durmuşdular.
Həmin çıxışlardan ən çox yadımda qalan Bəxtiyar Vahabzadənin çıxışı oldu. Gecəni meydanda qaldığımız, oranı boşaltmamağımıza görə hər birimizə minnətdarlığını ifadə etdi. “Göstərdiyiniz qətiyyətə görə hamınızı öpüb, bağrıma basıram”, – dedi. Çıxışçıları dinlədikcə meydandan aralana bilmirdim. Saatlar keçsə də nə aclığım, nə də yorğunluğum yadıma düşmürdü. Sutkadan artıq ayaqüstə dayandığıma görə öz-özümə heyrətlənirdim. Ayaqlarımın əzələləri bərkiyib daş kimi olmuşdu.
Axşam saat yeddiyə yaxın hədsiz yorulduğumu, qıçlarımın gizildədiyini hiss edib daha dayana bilmədim. Yataqxanaya qayıdıb, dərin yuxuya getdim.
Üçüncü gün – 19 noyabrda səhər saat on birin yarısı meydana gəldim. Meydanın xeyli dəyişdiyini, saysız-hesabsız – təqribən iyirmiyədək balaca-böyük çadırların qurulduğunu gördüm. Çadırlarda nələr yox idi – yatacaqlar, ərzaqlar, qısası, nə istəsən var. Mübarizə meydanının fəvvarələr olan aşağı hissəsini az qala istirahət yerinə çevirmişdilər. Çadırların ətrafında dolaşan xoşagəlməz, vulqar geyimli qadınları, tüfeyli görkəmində kişiləri görəndə isə tamam qanım qaraldı. Bu qadınların içərisində mehmanxanalarda olan fahişə qadınlar da vardı. Bunları kim çağırmışdı, nə gətirmişdi bura? Vətən sevgisimi? Meydan artıq dəyişmişdi. Adamların sayı qat-qat artsa da, kütlənin əvvəlki saflığı qalmamışdı. Hiss edirdin ki, artıq meydanda qarşısı alınmaz müxtəlif cərəyanlar fəaliyyətə başlayıb. Yox, artıq mənə belələri ilə meydanda gecələmək sərf etməzdi. Odur ki, sonrakı günlər səhər saat ondan axşam onadək mitinqə gəlib getsəm də, bir daha meydanda gecələmədim. İlk gecənin xoş xatirəsini korlamamaq, ülviyyətini qəlbimdə həmişəlik saxlamaq üçün…
20 noyabrda televiziyada mitinqlər haqqında ilk dəfə kiçik məlumat verildi. 21 noyabrdakı mitinqdə isə ümumrespublika üzrə kütləvi tətil elan olundu. Günorta vaxtı respublika televiziyasında mitinqdən on-on beş dəqiqəlik canlı yayım da edildi. Səhv etmirəmsə Bəxtiyar Vahabzadənin çıxışında Ermənistan rəhbərliyindən orada yaşayan azərbaycanlılara da muxtariyyət verilməsi tələb edildi. O günlərdə Ermənistandan qovulan (əsasən Qafandan) azərbaycanlıların ilk dəstələri artıq Bakıya axışmışdı. Deyilənə görə həmin tələbdən acıqlanan ermənilər azğınlaşaraq, azərbaycanlıları daha amansızlıqla yurdlarından qovlamağa başlamışlar.
Hər gün meydanda yüz minlərlə, bəlkə də milyona yaxın adam olurdu. “Azərbaycan” mehmanxanasının qarşısındakı dairəvi fəvvarədən başlamış “Abşeron” mehmanxanasının qarşısındakı fəvvarəyədək insan əlindən tərpənmək olmurdu. O dövrdə deyilirdi ki, Bakıdakı Lenin adına meydan sahəsinin böyüklüyünə görə dünyada üçüncü, SSRİ-də isə ən böyük meydandır. Bütün günü çıxışlar davam edir və kütləvi “Qa-ra-bağ” hayqırtıları eşidilirdi. Baş verənləri heç də kortəbii, xaotik saymaq düz olmazdı. Əksinə, sanki meydan pərdə arxasından idarə olunurdu. Mitinq komitəsi deyilən qurum yaradılmışdı. Elan olunmuşdu ki, məqsədimizə yetməyənədək, tələblərimiz yerinə yetirilməyənədək meydandan getməyəcəyik. Bu məqsədlə mübarizəyə yardım üçün respublikanın əksər şəhər və rayonlarından, ayrı-ayrı insanlardan, təşkilatlardan komitənin adına pul və ərzaq yardımları gəlirdi. Pulu komitənin Rəsul adlı üzvü toplayırdı. Eşitdiyimə görə son günlərə qədər xeyli pul yığılmışdı. Ordubaddan üzübəri əksər rayonlardan maşınlarla meyvə, ərzaq gətirilirdi, qoyunlar kəsilirdi. Çadırlarda qalanlara yemək verilirdi.
23 noyabrdakı qeydimdə yazmışam: “Üzərində “Qubalılar sizinlədir” şüarı yazılmış iki maşın meyvə gətirildi”. Bütün bunlar vətənpərvərlikdən yaranmaqla yanaşı həm də gözə görünməyən təşkilatçılığın nəticəsi idi. Gün ərzində bir neçə dəfə iştirakçılara pulsuz bulkalar və siqaret paçkaları paylanırdı.
Bir tələbə tanışım vardı, meydanın müxtəlif yerlərində durmaqla beş-altı gün, gündə iki-üç qutu havayı siqaret toplamasından, başqa yerdə satmasından sonralar fəxrlə danışırdı. Əlbəttə, belələri də vardı.
Mitinqi əsas idarə edən Nemət Pənahov idi. Onun ali təhsili olmasa da, savadsız fəhlə deyildi. Ədəbiyyatdan məlumatlı idi, çoxlu şeirlər bilirdi. dastanlardan, oxuduğu əsərlərdən misallar çəkirdi. Ən çox avazla oxuduğu şeir Tofiq Fikrətin “Millət” şərqisi idi. Erudisiyası ilə az kütləni ələ almış, az qala zombiləşdirmişdi. İnsanlar onun göstərişi ilə çöməlib oturur, ayağa durur, işarəsi ilə sakitləşir və ya hansısa çıxışçını fitə basıb danışmasına imkan vermirdilər.
Adamlar arasında belə bir şayiə buraxmışdılar ki, guya bu hərəkatı yaradanlar Moskvada olan Heydər Əliyevlə məsləhətləşmişlər. O da deyibmiş, yaxşı olar ki, öndə gedəniniz fəhlə olsun. Bu şayiə nə dərəcədə doğru idi, yalan idi, ya qəsdən uydurulmuşdu, bilmirəm. Təsadüfi deyildi ki, o günlərdə “Azadlıq” radiosunda Mirzə Xəzər xəbər verirdi ki, mitinqlərə 26 yaşlı gənc fəhlə Nemət Pənahov rəhbərlik edir.
Mitinqlərdə hökumət adamlarından Həsən Seyidov, Süleyman Tatlıyev, Həsən Həsənov, Vəli Məmmədov da çıxış etmişdilər. Qalan əsas çıxışçılar bunlar idi: Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Bəxtiyar Vahabzadə, Sirus Təbrizli, Qabil, Mikayıl Mirzə, Lütfiyar İmanov, Dəmir Gədəbəyli, Fərman Eyvazlı, Tofiq Bayram, Məmməd İsmayıl, Xəlil Rza, Firudin Şuşalı, Ziya Bünyadov və başqaları. Məmməd Araz və Anar isə mitinqə məktub göndərmişdilər.
Noyabrın 24-də Bakı şəhəri üzrə komendant saatı elan edildi. Gecə saat 12-dən səhər saat 6-yadək gediş-gəliş nəzarət altına alındı, icazəsiz hərəkət qadağan edildi. Həmin gün Fərəməz adlı çıxışçının nitqi yaddaqalan oldu. İlk dəfə eşidirdim ki, bütün baş verən faciələrin əsl səbəbkarı və günahkarı Moskva, Kreml rəhbərliyi olduğu tribunadan deyilirdi.
Səhəri günü – 25 noyabrda Moskvadan yayımlanan Mərkəzi televiziyada Bakıdakı mitinqlər haqqında süjet verildi. Tümendən olan Anatoli Əliyev adlı birisinin dili ilə baş verənlər vəhşilik adlandırıldı. Bu süjetdən sonra Az.tv-də çıxışlar başladı. Çıxışlar əsasən noyabrın 27-dək oldu. Vəziyyətlə bağlı televiziyada İsmayıl Şıxlı, Qabil, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Bayram Bayramov, Nəbi Xəzri, Elçin Əfəndiyev və sairlər fikirlərini açıqladılar.
O gün meydana “İzvestiya” qəzetinin müxbiri də gəlmişdi. Bir gün sonra “İzvestiya”da Mərkəzi televizyadan nisbətən ədalətli, geniş reportaj dərc edilmişdi.
29 noyabrda Moskvada SSRİ Ali Sovetinin sessiyası başlanmışdı. Gözlənilən ümidlər doğrulmurdu. Günlər keçdikcə adamlar yorulur, əsəblər gərilirdi. Adamların bəziləri mübarizəni dayandırıb mitinqləri təxirə salmağı, bir müddətdən sonra yenidən başlamağı təklif edirdi. Başqa biriləri “ölsək də, qalsaq da”, sonadək meydanı boşaltmamağı təkid edirdilər. Bəzi insanlar isə hadisələrin təbii axarından çıxdığını, KQB-yə yaxın adamların nəzarətinə  keçdiyini və bu işin sonunun yaxşı olmayacağını deyirdilər.
Meydana ilk dəfə olaraq 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı gətirilmişdi. Mitinqlərin birində Cümhuriyyətin himninin səsyazısı səsləndirildi. Bu kütlə üçün 68 il gizlədilən böyük həqiqətin üstünün açılması idi. Bayrağı görəndə, himni eşidəndə insanlar hədsiz qeyri-adi hisslər keçirmişdilər.
Noyabrın 30-da Nemət gözlənilmədən SSRİ quruluşunun əleyhinə, müstəqilliyin ali məqsəq olmasına dair çıxış etdi. Adamlar gözləmirdilər belə çıxışı, “bu nə danışır” heyrətlənirdilər. O dövrdə Azərbaycan Respublikasının müstəqilliyini mümkünsüz hesab edirdilər, belə bir vəziyyətin yaranacağına inanmırdılar.
Bu çıxışdan sonra xəbər yayıldı ki, yaxın günlərdə meydanı kənardan əhatəyə alan, gecələr gediş-gəlişi kəsən əsgərlər tərəfindən kütlə dağıdılacaq, meydan adamlardan təmizlənəcək.
Şübhəsiz, adamların sayı getdikcə azalmağa başladı. Bakı şəhər komendantlığı iki gün ard-ardınca meydanı boşaltmaq üçün mitinqçilərə xəbərdarlıq etdi. Gecə saatlarında psixoloji təzyiq kimi meydanın işıqları tez-tez fasilələrlə söndürülürdü.
Meydanı sonuncu dəfə 4 dekabrda 22.30-da tərk etdim. Mitinqçilər arasında həyəcanlı xəbər dolaşırdı: bu gecə axırıncı olacaq, əsgərlər meydanı tutacaqlar.
Elə də oldu. 5 dekabrda səhər yuxudan ayılanda otaq yoldaşlarımdan eşitdim ki, gecə əsgərlər meydana daxil olub, təqribən beş yüzədək adamı saat beşin yarısınadək meydandan çıxarıblar. Çıxmaq istəməyənləri dubinka ilə döyüblər, bir qədərini isə həbs ediblər. Döyülənlər içərisində zədə alanlar, yaralananlar da olub.
Bir daha oxşarı olmayacaq, on səkkiz gün və on səkkiz gecə fasiləsiz davam edən bu mitinqləri məndən əvvəl xatırlayanlar, haqqında yazanlar çox olub. Yəqin ki, gələcəkdə də olacaq. Dirçəliş hərəkatı adlandırılan bu hadisənin tariximizdə rolu, əhəmiyyəti barədə gələcəkdə qalın-qalın kitablar yazılacaq. Müsbət və mənfi nəticələri təhlil ediləcəkdir. Gündəliyimdə isə o zaman isti-isti iki nəticə qeyd etmişdim:
1. 17 noyabrdan sonra Azərbaycan efirində erməni dilində verilişlər ləğv olundu.
2. Xalqda milli ruh, özünə inam yarandı, öz gücünü gördü, bu gücünü bütün sovet ölkəsinə və dünyaya nümayiş etdirdi. Torpağının bölünməsi ilə barışmayacağını göstərdi.
Xalqın oyanışından hansı siyasi qüvvələr öz məqsədləri üçün necə istifadə etdilər  – bu ayrı söhbətin mövzusudur. Xalq özünü tanıtmaqla yanaşı onu təmsil edən ziyalılarını, kimin kim olduğunu da tanıdı. Kütlənin ən çox diqqət kəsdiyi natiqlər şairlər idi: Bəxtiyar Vahabzadə, Xəlil Rza, Tofiq Bayram. Bəxtiyar Vahabzadə şeir oxumazdı. Amma Xəlil Rza və Tofiq Bayram çıxışlarının sonunda şeir də oxuyardılar. Şeir oxuyan zaman isə coşar, sanki od-alova dönər, insanların ruhunu yüksəldərdilər. Cavan ziyalılar arasında daha çox fərqlənəni Sabir Rüstəmxanlı idi. Kütlə onu o zaman əldən-ələ gəzən, hərarətlə oxunan ”Ömür kitabı” ilə tanımışdı. Ən pis münasibət hökumət nümayəndələrinə sərgilənərdi. Çünki adamlar onlara inanmırdılar. Onlar da üstlərinə yönələn neqativ enerjini görüb çox danışa bilmirdilər. Yadımdadır, sonrakı – 1989-cu ildəki mitinqlərin birində bu sayaq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko da çıxış etməyə cəhd etmişdi. Bir neçə cümlədən sonra kütlənin ona əhəmiyyət vermədiyini görüb üzüsulu mikrofondan aralanmışdı.
Maraqla dinlənilən natiqlərdən biri də Ziya Bünyadov idi. Hamı bilirdi ki, akademik və Sovet İttifaqı Qəhrəmanı olan bu adam respublikada heç kimdən çəkinmir və qorxmurdu. Yarı rusca, yarı azərbaycanca nə deyirdisə haqq söz deyirdi. Çıxışlarının birində danışdı ki, “mən Vəzirova dedim bu qaçanları – Yerevan azərbaycanlılarını, qısaca desək yerazları rayonlara, Bakıya yox, Qarabağa yerləşdir”. Kütlə rusdilli alimin qısa ifadə etmək istədiyi “yerazı” sözünü gülüşlə, şəbədə ilə qarşıladı. Buna səbəb həmin dövrdə Yerevan avtomobil zavodunun istehsal etdiyi on nəfərlik kiçik maşınların da “Yeraz” adlanması idi. O gündən akademikin düşünmədən dediyi o ifadə leksikamıza daxil oldu.
Dekabrın 5-də və 6-da şəhərdə gərginlik qalmaqda davam edirdi. Mitinq iştirakçılarının döyülərək meydandan boşaldılması, həbs edilməsi, Sumqayıta və Bakıya Ermənistan deyilən ərazidən qaçıb gəlmiş yeni dəstələr hamının qanını qaraltmışdı. Qaçqınların əksəriyyəti pis vəziyyətdə canlarını götürüb evlərindən qaçmışdılar.
Ermənilər bütün türkləri qovub türksüz Ermənistan şadlığı keçirmək istəyirdilər Tanrının qəzəbinə tuş gəldilər. 7 dekabrda Gümrü yaxınlığında minlərlə insan itkisinə səbəb olan böyük zəlzələ baş verdi.
Dörd gün sonra 11 dekabrda Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun tapşırığı ilə əsasən şimal rayonlarından – Quba, Qusar, Xaşmazdan toplanmış 69 nəfər tələm-tələsik İL-76 təyyarəsinə mindirilib zəlzələdən zərərçəkmişlərə köməyə göndərildi. Vəzirovun Moskvaya yaltaqlanmaq üçün göstərdiyi xalqlar dostluğuna sədaqəti daşnaklar tərəfindən əsl erməni kimi qarşılandı: təyyarə məhv edildi, heyəti ilə birlikdə 78 nəfərdən 1 nəfər şikəst vəziyyətində sağ qaldı, qalanları isə mənasız yerə həlak oldular. O zaman deyilirdi, guya təyyarəyə düz koordinat verilmədiyindən dağa dəyib, qəzaya uğrayıb. İllər sonra məlum oldu ki, ermənilər alçaqcasına onlara yardıma gələn təyyarəni raketlə vurmuşlar.
1988-ci il beləcə kədərli notlarla başa çatdı.

               (ardı var)