Azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov mərhum aktrisa Xanım Qafarovanın qızına mənzil hədiyyə edib.

Nüstəqil.Az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva məlumat yayıb.

“Mərdlik, səxavət hər imkanlı insana xas olan dəyər deyil. Mərhum aktrisamız Xanım Qafarovanın kiçik yaşlı balası, yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, rütubət içərisində yaşamaq çox dəhşətli idi. Hər ay bu ailəyə baş çəkirəm. Əlimizdən gələn dəstəyi göstərirdik, amma mənzillə kömək imkanlarımız olmadığından bir çox şirkətlərimizə, iş adamlarına müraciət etmişdim ki, bu ailəyə kiçik də olsa bir mənzillə dəstək olsunlar. Amma dəstək olmaq istəyən olmurdu. Nəhayət, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz müəllimdən bu ailəyə mənzillə kömək etməyi xahiş etdim. Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim. Onun cavabı belə oldu: “Qənirə xanım, qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik”. Açığı, bu cavabı eşidəndə çox duyğulandım, o həyəcanın təsirindən necə təşəkkür etdiyimi xatırlamıram”, – millət vəkili bildirib.

Q.Paşayeva Mübariz Mənsimovla bir az əvvəl danışdığını, Gövhərə veriləcək evin 20 gün içərisində tam hazır olacağını deyib:

“Gövhər nənəsi ilə yeni mənzildə xoşbəxt böyüyəcək. Uşaq kimi sevinirəm. Sanki o ev mənim övladıma hədiyyə edilmiş qədər sevinirəm. Mübarizə müəllimə hər zaman olduğu kimi yenə də mərdliyini, millətini sözdə deyil, əməldə sevənlərdən olduğunu bir daha göstərdiyi üçün çox təşəkkür edirəm. Gövhərgilə evlə kömək edilməsi üçün bir çox şirkətlərə müraciət etmişdim və bunu etmək onların gücündə olsa da, etməmişdilər. Demək, mərdlik, səxavət varla, dövlətlə olmur. Bu, bir xarakterdir. Mübariz müəllim hər zaman Türkiyədə ona üz tutan, çətin vəziyyətdə qalan tələbələrlə, xəstələrə əl tutub və hər kəs onun necə bir xeyirxah insan olduğunu bilir. Balaca Gövhərə dəstək olması da ümid edirəm ki, bir çox iş adamlarına, şirkətlərə örnək olacaq. Allah əvəzini versin və Mübariz müəllim, təşəkkürlər”.

Müstəqil.Az