“Türk yadigarları” layihəsində

 Hindistanı idarə edən Böyük Moğollar sülaləsinin əsasını vaxtilə Çingiz xanın varislərindən olan Toğluq Timur qoymuşdu; Moğolustan onun zamanında böyük əraziləri – Şərqi Türkistan – Yeddi Su (müasir Semireçye) Cənubi Sibir torpaqlarını əhatə edirdi.

Ardınca imperiya get-gedə Orta və Mərkəzi Asiyanı hüdudları içərisinə aldı. Moğolustanın fateh qoşunları (bu qoşun monqol-türk tayfalarından ibarət idi) Pakistanı, Özbəkistanı və Hindistanı ələ keçirdikdə burada Böyük Moğollar sülaləsinin ilk padşahı Zahirəddin Babur şah olur; imperiyasının paytaxtı Aqra şəhəri idi. İndi Aqra şəhəri yaxınlığında Camna çayı sahilində dünyanı hələ də heyrətdə qoymaqda davam edən Tac Mahal türbəsi – sevgi, məhəbbət abidəsi yerləşir. Abidəni moğolların V hakimi Şah Cahan öz sevimli arvadı Mumtaz Mahalın xatirəsinə qoydurmuşdu. Mumtaz Mahalın əsl adı Ərcümənd Banu Bəyim idi, o çox varlı moğol əyanlarından olan vəzir Asəf xanın qızı idi.

1612-ci ildə onun 19 yaşı olanda sonralar Şah Cahan adı ilə Böyük Moğollar taxtına çıxacaq şahzadə Xürrəm ilə cah-cəlallı toy-büsatı qurulur. Şahzadənin atası Cahangir şah (1605-1627) gəlinə dəbdəbəli  Mümtaz – Mahal adı verir. Mümtaz Mahal sarayın (ölkənin) bəzəyi, zinəti deməkdir. Cavan gəlinlə bəy bir-birlərini hədsiz məhəbbətlə sevirdilər. Deyirlər, Mümtaz gənc şahzadənin 2-ci nikahı idi. Lakin Xürrəm şahzadə məhəbbət bağçasından birinci qızılgülü artıq dərmişdisə də, bu çiçək isə onun öz xoşuna əl uzadıb dərdiyi çiçək idi. Əvvəlcə budağında öpə-öpə iylədiyi, ləçəklərini barmaqlarının ucu ilə tumarladığı, çəkinə-çəkinə “heyf!” deyib dərdiyi çiçək, gözünün ilk ovu idi. Vəliəhd bir an belə ondan ayrı dura bilmirdi. İmperiyanın paytaxtına göndərilən hədiyyələr, ağır bac-xəraclar içərisində ərməğan qızlar-gəlinlər də olurdu; hərəmxana türfə gözəllərlə dolu idi. Hamısı onun idi, o isə Mumtaz Mahaldan başqa kimsəyə gözücü da olsa nəzər salmırdı. Ömrünün 12 ilini Moğollar sarayında yaşamış fransız həkimi və səyyahı Berne yazırdı ki, Şah Cahan öz arvadına elə vurulmuşdu ki, heç kimə diqqət yetirmirdi. Onun isə hər hansı bir Şərqli padşah kimi hərəmxanası qadınla aşıb-daşırdı.

Beləliklə Şah Cahan bütün evliliyi boyunca sədaqətli bir aşiq olaraq qaldı. Həmin illərin miniatürlərində rəssamlar Şah  Cahanla yanaşı, Mümtaz Mahalın da rəsmini çəkmişdilər. Onu hər zaman bu şəkillərdə şahın əhatəsində – İstər ovda, istər səfərdə, şahmat masası arxasında, istərsə də eyş-işrət məclislərində görmək olur.

Nadir işdir bu, Şərq şahları sarayında yüzlərlə qadın əhatə etdiyi bir əndərunda belə məhəbbət nadir əhvalatdır!

Səadət dolu 17-ci il keçməkdə idi. 17 il idi onlar evli idilər, fəqət məhəbbətin ilk badələrini içirmişlər kimi bu eşqdən hər ikisi sərməst, bəxtəvər və hədsiz zövq və həzz içində idilər.

1629-cu il başlamışdı. Hindistanın cənubunda üsyan alovlanır. Şah Cahan qoşunu toplayıb qiyamçı canişini cəzalandırmağa yollanır. Mümtaz Mahal hər zamanki kimi onu tək buraxmır, daha doğrusu, onsuz qala bilmir, şaha qoşulub onu hərb meydanında müşayiət edir. Hamiləliyin axırıncı ayı idi. Üsyanı yatırdan, saraya qayıtmağa hazırlaşan şahı onun dünyada ən əziz bildiyi adamından fələk ayırır: Mümtaz Mahal 14-cü uşağı dünyaya gətirərək, doğuş zamanı vəfät edir. Şahın dərdi böyük idi ki, o hətta özünə qəsd etmək istəyir…

Əvvəlcə Mümtaz Mahalı Bürhanpur şəhərində dəfn eimişdilər. O zamanın müsəlman Hindistanı dünyası üçün belə adlar – Mürşüdpur, Cəmşidpur, Heydərabad, Şahabad və bu kimi adlar hələ xarakterik idi. Bu xatirələr hələ XII əsrdə müsəlman Qurilər sülaləsindən başlayan və Böyük Moğollar dövründə sabitləşən ab-havanı müəyyənləşdirməyə bu gün də kömək edir.

…6 aydan sonra Mümtaz Mahalın cənazəsi həmin qəbirdən götürülüb paytaxta – Aqraya gətirilir. Şah onun məzarının uzaqlığına belə dözə bilmirdi.

Şah, ona ədəbi məhəbbət abidəsi ucaltmaq istəyir. Çox istəyir ki, bu abidə onun bu həyatı vaxtsız tərk etmiş arvadının gözəlliyini və birlikdə keçirdikləri həyatın dadını-rəngini xatırlatsın. Amma bu abidə onun fikirlərini ifadə edə biləcəkmi, əbədi məhəbbəti, sədaqəti canlandıra və onu tərk edən o gözəl simanı tam eks edə biləcəkmi?! Şah Cahan bu mavzoleyin nəqşəsini özü çəkir, tikilməsinə də özü nəzarət edir. Şahı, indi bu məzlum aşiqi ancaq sevdiyi işlə məşğul olmaq xilas edə bilər. Bəzən ona elə gəlirdi ki, o xanımı Ərcümənd Banu üçün əlindən gələni edir, ona sağlığındakı kimi xidmət göstərir, qeydinə qalır… Bu onu rahatlandırırdı: başını qatır, ovundururdu, Var-dövlətini, əziz sevgilisinin sağ canını bəzəməli olan daş-qaşları ortaya qoyurdu. Bu zər-zinəti, cəvahiratı qızırqanmadan divarlara, tavana yapdıracaqdı.

Çox şahlar gəldl-gətdi bu dünyadan. Şah Cahanın taleyi heç kimə, heç birisinə bənzəmədi; onun adı tikdiyl ‘Tac Mahal” və “İnci Məscld” kimi xarüqə gözəlliklər yaradan və bəxş eden abidələrlə bir yaşayacaq.

İndi Tac Mahal mavzoleyinin tikintisində Şərqin çox müqtədir memarlarının mülahizələrini dinləyib şərik çıxsa da irad və düzəlişsiz ötüşmürdü. Abidənin də, bu son borcun da qəlbindəki eşq kimi doğru və düzgün, etibarlı olmasına cəhd edirdi. Hər şeyi qəlbində axan ahlarının odunda əridə-əridə yaradırdı. Qəlbinin sultanı olan Mümtaz Mahalın son məskəni olan türbənin divarları yaqut, zümrüd, kəhrəba, mirvari ilə bəzənmişdi. Ürəyi isə soyumurdu. Ondan olsaydı məzarı açıb ona qovuşardı. Öz iztirablarını ifadə etməyə, məşuqəsindən sonrakı həyatın zəhər tamını çatdırmağa da çalışırdı. Tavandakı mirvaridən asta-asta göz yaşı damlaları yumurlanır, üzüaşağı süzülürdü. Bəli, məhəbbətə son qoyan ayrılıq əbədi kədər gətirmişdi ürəklərə. Bu ürəyin bir də gülməyi çətin, təzədən sevgisi isə o böyük Allaha qalmışdı…

Mütəxəssislərin qeydlərlnə görə, bu abidə istər memarlıq, istərsə də bəzək tərtibatı llə Azərbaycan Səfəvilər dövrü sənət əsərlərini xatırladır.

İndi bütün dünya bu məhəbbətin xatirəsini yad etməyə hər tərəfdən bura gəlir, məhəbbətin özü kimi insan əlinin yaratdığı bu möcüzəyə məftunluqla və yeni bir heyranlıqla geri dönürlər.

…Şah Cahanı tale yeni sınaqlara və oyunlara çəkməkdə idi. Böyüməkdə olan oğullarının bir-birinə qatı düşmən olduğunu, taxt-taca görə bir-birinin başını kəsməyə hazırlaşdığını görüb onların hər birini ayrıca vilayətlərə canişin göndərdi. İndi onun üç oğlu hərəsi yarımmüstəqil olsa da ayrıca hakim idi. Böyük oğlu – vəliəhdi isə onunla qaldı. Şah ona öz yerinə gələcək və onu əvəz edəcək varisi kimi baxırdı. İstəyirdi ki, öz sağlığında öz əlləri ilə hakimiyyəti ona tapşırsın, özü isə çəkilib istirahətə getsin. Onsuz da günün çoxunu ibadətdə keçirirdi. Hətta öz yanında ikinci taxt qoydurub, böyük oğlu Daranı orada əyləşdirirdi. İmperiyanı oğlu ilə birlikdə fəqət öz nəzarətində olmaqla idarə edirdilər. Bütün əyanlara sarayın dövlət işlərində oğlunun əmrini yerinə yetirməyi tapşırırdı. Şahzadə Dara (Dara “varlı, zəngm adam, qəni” deməkdir) da onun bir sözünü iki eləmir, atasının bu etibarına və etimadına layiq olmağa can atırdı.

İllər keçir, Şah Cahan qocalmağa üz qoyurdu. Qəfildən şahın xəstələnməsi oğullaranın qəlbindəkiləri aşkara çıxarır, onun hakimiyyəti tapşırdığı dörd böyük oğlu öz aralarında çəkişməyə başlayırdılar. Qardaşlar hər biri öz tərəfinə əyanları, nüfuzlu şəxsiyyətləri cəlb etməklə intriqaları qızışdırır, hakimiyyət ehtirasını coşdururdular. İmperiyada olduğu kimi sarayda da hərcmərclik hökm sürürdü. Qardaşlar bu gün qanlı düşmənə çevrilmişdiler: heç kim əks-təqdirdə bir-birindən əfv gözləmirdi. Odur ki, ölüm-dirim vuruşuna qalxmışdılar.

Şahzadələrdən biri Övrəng Zib (övrəngzib “taxtın, hakimiyyətin bəzəyi” deməkdir) daha ağıllı və uzaqgörən, həm də savadlı və fərasətli idi; bu zamana kimi özünü gözütox, sadədil adam kimi tanıda bilmiş, hər kəsi özünün şah atasına olan oğul sədaqətinə inandırmışdı. Kimsə onun da mənafe, mənfəət güddüyünü ağlına gətirə  bilməzdi. Gənc olmasına rəğmən çox tədbirli olan Övrəng Zibin də tərəfdarları və nüfuzu daha çox idi. Odur ki, gözlənilən möhlətin çatdığını bilib hərəkətə keçir, qardaşı Murad Bakşı ilə qoşunlarını birləşdirib Aqraya doğru irəliləyir. Hamıya elə gəlir ki, o atasının yox, bərk narazı olduğu böyük qardaşının üstünə gedir. Şah Cahan təşvişə düşür və bu zirək oğluna məktub göndərib barışığa çağırır. Övrəng Zibsə öz oğlu şahzadə Sultan Mahmudu onun yanına göndərir. Yenə hər kəs onun ataya bu cür sayğı və diqqət göstərməsinə görə alqışlayır. Atasından geri qalmayan yeniyetmə nəvə isə öz babasından barışıq əlaməti olaraq qalanın açarlarını tələb edir və əlində qapıların açarı geri dönür. Övrəngzib qoşunu ilə Aqraya daxil olur, atasını ev dustağı edir, artıq ondan icazəsiz, əmrsiz bu dünənin padşahı, bu gününsə əsiri heç kimlə görüşə bilməzdi. Saray əyanlarından, əmirlərindən heç kim şahı azad etməyə barmağını belə tərpətmir, hamı bir nəfər kimi yeni padşahın – Övrəng Zibin tərəfinə keçir. Dünya malında gözü olmayan, bu zamana kimi dərviş adı ilə tanınan Övrəng Zibin əsl sifəti məlum olur. O atasından israrla ləl-cəvahiratlarının yerini soruşur, özünə hazırlatdığı “Tovus taxtı”na layiqli almasları tələb edir. Atası da məyus-məyus: “əgər şahsansa ölkəni idarə etməyi düşün, taxt bəzəməkdən çəkin, israr etsən çəkiclə vurub daş-qaşları bir anda toza çevirəcəyəm”, – deyib onu rədd edir.

Övrəng Zib Aləmgir adı ilə imperiyanı idarə etməyə girişir. 49 il (1658-1707) hakimiyyət sürür. Hakimiyyətə gələndə 40 yaşın içindəydi. Ömür boyu şahzadə qalmaq istəmədi, könlündən şahlıq keçirdi. Qocanın artıq təhlükə törətməyəcəyini sezib onun həbs olunduğu dairədə sərbəstliyini artırdı. Məhbus atası üçün əyləncələr fikirləşir, ona dost-müsahib sandığı adamları yanına buraxırdı. Qoca atasını dadlı mətbəxlə təmin etmiş, hətta gözəl rəqqasələr göndərmişdi ona. Lakin bunlar heç biri keçmiş şahənşaha lazım deyildi. Qalanın həbs pəncərələri önündən qoca şah saatlarla çəkilmirdi. Ağrıyan canını qoymağa yer tapmayan Şah Cahan gözlərini ovundururdu. İndi bu rahatlıq ani də olsa qəlbinə yayılır, onu məsud edirdi – qala pəncərələrində pəmbə buludlar kimi görünən ağappaq Tac Mahal məqbərəsi idi. Onun böyük məhəbbəti Ərcümənd Banu bəmbəyaz buludların əhatəsində ona baxırdı…

Qocalıq öz işinı görmüşdü: ildırım kimi çaxan gözlərin qəzəbini şəfqət, mərhəmət almışdı. Qılınc qəbzəsindən yapışan amansız əllər indi oğluna səmimi, doğma sözlər yazırdı, oğluna xeyir-dua verirdi, onun arzuların yerinə yetirirdi – mühafizə etdiyi cəvahirləri ona göndərirdi.

Oğlu isə bu hədiyyələrdən qabaq Tac Mahalın divarlarından bir çox qiymətli daşları götürüb daha ucuzlarını vurdurmuşdu. Dəyişikliklər çox olmuşdu: Məqbərəni memar Məhəmməd İsa Əfəndi tikmiş; xəttatı Amanat xan idi. “Quran” ayələrini hüsnü-xətlə o yazıb. Hər şey, məqbərənin gözəl bağçası da səkkiz guşəli idi. Böyük Möğolların hakimiyyətinə son qoyan ingilislər “soyuqqanlı” ağalar bu sevgi nişanəsinə və onun tarixçəsinə nə qədər hörmət göstərsələr də XX əsrin başlanğıcında Aqra şəhərinin qubernatoru bağçanı restavrə etməli olub. Əvvəl bu bağ, Şah Cahanın saldırdığı bağça əsl Şərq bağçası idi. Güllü-bülbüllü, ətirli çiçəklik -rizvanı şah özü olan cənnət bağı. Həmin bərpadan sonra bağça ingilissayağı çəmənliyə çevrilir, bu günədək həmin qaydada saxlanılmaqdadır. Bu illər ərzində sərdabədə dəfələrlə oğurluq olub, daş-qaşlardan bir çoxu artıq çalınıb aparılıb.

Bəs bu xain əlləri abidəni əhatə edən məscidlərin və minarələrin qorxusu-xofu da dayandıra bilməyibdi? Bəs məhəbbətə, vəfaya hörmət bu əlləri belə günahlardan saxlamağa qadir deyildimi?!

Ölümündən sonra Şah Cahan da burada dəfn olundu. Çox-çox əvvəl isə, arvadının təzə-təzə vəfat etdiyi illərdə o özü üçün Tac Mahalla üzbəüz qara mərmərdən mavzoley tikdirmək istəyirdi. Qoy sevgilisinin bəmbəyaz abidəsilə üzbəüz təzad içində qara məqbərəsi dursun: eşqə, vəfaya qara qul sədaqəti ilə, o firavan, ağ gündən sonra qoy onun abidəsi gələn qara günləri, onun ömrünün hicranını, məşum ayrılığı ifadə etsin…

Oğlunun onu həbs etməsi onun bu arzusunu gözündə qoyur. Öz etdiklərindən sağlığında yaxşı ibrət götürdü: özü də hakimiyyətə gələndə rəqib çıxmasınlar deyə qardaşlarını edam etdirib, qardaşı uşaqlarını qırdırmışdı. Qoca Şərqdə belə adət idi…

1666-cı ildə Şah Cahan ölür, həsrət də bitir. O, öz məşuqəsinə qovuşdu. İndi Tac Mahalın qızıllı, gümüşlü ornamentlərlə bəzədilmiş mərkəzi salonunda iki məzar var: biri Mümtaz Mahalın, digəri Şah Cahanındı.

Böyük hind yazıçısı Rabindranat Taqor bu məhəbbət və vəfa abidəsini özünəməxsus şairanə tərzdə “zamanın yanağında donmuş göz  yaşı” adlandırmışdı…

 

PS.: 80-ci illərin sonu; turist dəstəmiz demək olar ki, yalnız qadınlardan ibarətdir. Heyrətdən və heyranlıqdan böyüyən gözlərimizi bu möcüzədən ayıra bilmirdik, düzünü deyim ki, o zaman abidənin memari dəyərindən çox, adı uca məhəbbət və bu məhəbbətin xatirəsi, sədaqət idi bizi qibtə və həsədə çəkən, gözlərimizi yanar ocaq alovu tək acıdıb qamaşdıran…

 Minəxanım Təkəli

Filologiya elmləri doktoru, Professor