İran enerji resurslarından ildə milyardlarla dollar pul qazansa da, əhalinin vəziyyəti bu gəlirlərə uyğun deyil. Bunun əsas səbəblərindən biri xüsusilə son 5 ildə ölkənin xarici banklarda olan valyuta ehtiyatlarının xeyli hissəsinin ABŞ tərəfindən faktiki mənimsənilməsidir.

Müstəqil. Az bildrir ii, b sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova qeyd edib. O bildirib ki, İranda baş verən etirazlarda əsas tələblərdən biri sosial narazılıqdır:

“İranın xarici banklarda olan 130 milyard dollar pulu bu ölkə nüvə silahı hazırlamaqda şübhəli bilinən dövrdə ABŞ tərəfindən dondurulmuşdu. Nüvə sazişi barədə razılıq imzalandıqdan sonra 2016-cı ildə bu pulun 55 milyard dollarının İrana qaytarıldığı açıqlandı. İran isə faktiki olaraq 32,6 milyard dollar əldə etdiyini bildirdi”.

Politoloq qeyd edib ki, hələ 2000-ci illərdə Qərblə münasibətlərinin kəskinləşdiyini görən İran öz pullarını Çin, Rusiya, Cənubi Koreya, Yaponiya, Tayvan, Türkiyə banklarına köçürməyə üstünlük vermişdi:

“Türkiyə bankları ilə bağlı Zərrab hadisəsi buna misaldır. Lakin ABŞ həmin ölkələrə də müdaxilə edərək onların ABŞ-dakı hesablarını dondurmaqla hədələyib. ABŞ İranın 56 milyard dollarını qaytarmaqdan imtina edib. Dövlət katibi Kerri də bəyan etmişdi ki, bu, İranın borclarının ödənilməsinə sərf edilib. “Borcun ödənilməsi” dedikdə isə 1983-cu ildə Beyrutda partlayış zamanı 200-dən çox amerikalı hərbçinin ölməsi və bunda İranın günahlandırılmasından söhbət gedir. ABŞ ölənlərin ailəsinə kompensasiya vermək üçün bu pulları müsadirə etdiyini bildirib və ABŞ Ali Məhkəməsi bu barədə qərar çıxarıb. İran isə Beynəlxalq Məhkəməyə müraciət edəcəyini və pullarını geri alacağını bildirib”.

Politoloqun sözlərinə görə, görünür, ABŞ həm də bu yolla İran iqtisadiyyatını çökdürməyə və əhali arasında narazılıq yaratmağa çalışır.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb.

Müstəqil.Az