Dəyərləndirə bilməmək: əgər sən öz dilini bütün başqa dillərdən uca tutmursansa, yaxşı ədəbiyyat yarada bilməzsən, çünki içindəki şübhə içindəki lazımsızlıq hissini şiddətləndirəcək.

Əgər sən öz vətənini bütün mümkün vətənlərdən uca tutmursansa, yaxşı vətəndaş ola bilmədiyin kimi, yaxşı mühacir də ola bilməyəcəksən, bu dəfə içindəki lazımsızlıq hissi şübhəni şiddətləndirəcək.

Əgər sən öz sevgilini yerdə qalan bütün qadınların ən gözəli hesab etmirsənsə, həm lazımsızlıq hissi, həm şübhə səni gözəllikdən zövq almağa qoymayacaq.

Əgər sən öz uşağını uşaqların ən yaxşısı hesab etmirsənsə, həmişə özünü onun şübhə etdiyin şəxsiyyətinin yerini dolduran bir ata (ana) kimi görəcəksən, yəni onun yerinə qərarlar verəcəksən.

Əgər sən dostunu ən yaxşı dost bilmirsənsə, heç vaxt özün də kiməsə yaxşı dost olmayacaqsan.

Keçmiş SSRİ-də, yaxud indiki İranda sosial sistem inamsızlıqdan güc alır(dı). İnsanlar bir-birilərinə inanmadığı üçün ümumi inamsızlıq mühitinə şərik və sadiqdirlər (idilər).

Bizdə bu inamsızlıq öz mənəvi dünyamıza qarşıdır. Bizə elə gəlir ki, rus dili bizim dilimizdən yaxşıdır, almanın vətəni bizim vətənimizdən yaxşıdır, qonşunun arvadı bizim arvadımızdan gözəldi, filankəsin oğlu bizim oğlumuzdan fərasətlidir, bəhmənkəsin dostu əsl dostdur və s.

Amma tarixinə getsən görərsən ki, bütün yaxşıları o insanlar pisdən düzəldiblər. Yəni bütün indiki yaxşılar müəllifi olan keçmiş pislərdir. Məsələn, ruslar tərkibi 50 faiz türk sözləri olan “İqor polku haqqında dastan”dan rus dili düzəldiblər, almanlar heç bir böyük sərvəti və təbiəti olmayan ölkədən dünyanın beşinci iqtisadiyyatını yaradıblar, yəhudilər onları “ərinə sadiq olmayan qadın”a bənzədən Yahovadan özlərinə, hətta dünyanın başqa xalqlarına da dünyanın ən müqəddəs tanrısını yaradıblar və s.

Deməli, əsas məsələ dəyərləndirə bilməkdir, bir azərbaycanlının rus dilini bilib rus dili ilə fəxr etməsi, başqa bir azərbaycanlının Almaniyaya köçüb Almaniya ilə fəxr etməsi kimi gülüncdür.

Və təəssüf ki, cəmiyyətimizdə belə gülünc obrazlara qarşı bir rəğbət var. Niyə?Çünki bizə elə gəlir ki, biz kiçiyik, dilimiz də kiçikdir, vətənimiz də pisdi, arvadımız da eybəcərdi, dostumuz da gijdıllağdı, uşağımız da yarıtmazdı.

Mənəviyyatı bu gündə olan insan nəyisə düzgün dəyərləndirə bilərmi? Ümumiyyətlə, dəyər yarada bilərmi? Onun dəyər dilənçiliyindən başqa əlindən nə gələcək ki?

Aqşin Yenisey