Son vaxtlar məni bir şey ciddi anlamda düşündürür: “Oxucu azdır”, “kitab satılmır” kimi ifadələr artıq dil əzbərinə çevrilib. Belə sual yaranır, əgər həqiqətən də oxucu azdırsa, bəs bu qədər xarici ədəbiyyata aid əsərlər necə satılır? Hansı vəsaitlə kitab evləri fəaliyyət göstərir?

İzlədiyim bütün yerli kitab evlərinin, nəşriyyatların sosial paylaşımlarına baxdıqda gördüyüm gerçək ürəkağrıdıcıdır. Sırf dünya ədəbiyyatına aiddir deyə bəzi, hətta yerdə – yurdda qalmış o qədər kitabların reklamı gedir ki, insan dəhşətə gəlir. Bu tip kitablar maddi yöndən daha çox gəlir gətirirdiyi üçun, yerli yazarların ən mükəmməl kitabları, əsərləri arxa planda qalır. Üstəlik də az deyil, elə qiymətlər qoyulur ki, 3-5 kitabın puluyla bir ailəni bir ay saxlamaq olar. Məgər bu gün ortaya çıxarılacaq, həm yazarına, həm oxucusuna, həm də satıcısına qazandıracaq əsərlər yoxdurmu? Niyə bu gün yazar əsərinin taleyini düşünmək məcburiyyətindədir? Nə üçündür bu laqeyd münasibət? Sərbəst bazar iqtisadiyyatının olduğu bir zamanda yaşadığımız üçün, bəlkə də bu suallar çoxunu qıcıqlandıra bilər. Ancaq unutmaq lazım deyil ki, burda bir xalqın ədəbiyyatından söhbət gedir. Demirəm biz ancaq özümüzü yazıb, özümüzü oxumalıyıq. Sözümün canı odur ki, ədəbiyyatımızı, yazarlarımızın əməyini pula satmayaq, bəylər!!!

Formalaşmaqda olan GƏNC AZƏRBAYCAN ƏDƏBİYYATIna biganə qalmaq və onu nələrinsə xətrinə görməməzlikdən gəlmək NİZAMİYƏ, CƏLİLƏ, CAVİDƏ, VUĞUNA, BƏXTİYARA və neçə ədəbiyyat fədaisinə hörmətsizlikdir. Bu yazını oxuyan hər kəs qəbul edər ki, biraz çevrəsi olan, gücü çatan müəllif əsərin yazır, ortaya çıxara bilir. Qalansa əsəriylə birgə rəflərdə, hətda kitab evlərinin küncündə unudulur, çox da ki yazıb, əmək verib, çox da ki, güclü əsərdi… Girdiyim kitab evlərinin əksərində gördüyüm bir mənzərə həm yazar, həm oxucu kimi məni ağrıdıb: “ÖN RƏFLƏRDƏ YERLİ ƏSƏRLƏRİN YOX, BAŞQA XALQLARA AİD ƏSƏRLƏRİN OLMASI!” Mən əminəm ki, bu gün gözəl kitablarımız, əsərlərimiz var ki, reklamı basılan kitablardan dəfələrlə öndədir. Oxucu yoxdur demeyək, sadəcə öz yazarına, öz ədəbiyyatına marağı olan oxucu yoxdur deyək… Ya da var biz bilmirik. Bu baxımdan kitab evlərini, əlaqədar qrumları qınayıram.

Və onlara uğur arzulamıram. Bu gün bu qədər ədəbiyyatımıza laqeyd yanaşıb, hər kitabı sırf biraz artıq pul getirəcək deyə “rəngli sözlər”lə bəzəyib oxucuya sırımaq da bir növ cinayətdir. Bir xalqın ədəbiyatı onun tarixini, əslini, kimliyini şifrələyən, yaşadan və zamanı gəldiyində açılması gərəkən sirridir. Ümidvaram ki, bir neçə əsr sonra xatırlanacaq yazarlarımız qalacaq, ya da elə bugünümüzdəki kimi unudacağıq. Busa qalıb AZƏRBAYCANLI OLMAĞI BACARA BİLƏN OXUCULARIN VİCDANINA…

Gülsadə İbrahimli